Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 27Fev

    DÖVLƏTLƏR ARASINDA “KÖRPÜ”

    2015-09-23-17-32-33391844-300x225AZƏRBAYCANLILARIN DİASPOR TƏŞKİLATLARININ FORMALAŞMASI
    Planetimizin hansı guşəsində yaşamasından asılı olmayaraq, bu gün Heydər Əliyev dühası hər bir azərbaycanlının həyatına işıq saçır. Vaxt var idi ki, xarici ölkələrdə azərbaycanlılara yalnız işçi qüvvəsi kimi baxırdılar, haradan gəldikləri, hansı xalqı təmsil etdikləri heç kimi maraqlandırmırdı. Çoxları hətta Azərbaycan adlı bir məmləkətin Yer üzündə mövcudluğundan xəbərsiz idi. Vətəndən uzaqda yaşayan azərbaycanlıların özləri də bir-birilə əlaqə saxlamırdılar. Beləliklə də millətindən, ölkəsindən ayrı düşən insanlar getdikcə adət-ənənələrimizi unudur, onların ailələrində böyüyən uşaqlar isə hətta doğma dilimizi belə bilmirdilər.
    Bu sahədə əsaslı dönüş Ulu Öndər Heydər Əliyevin fəaliyyəti nəticəsində yaranmışdır. Məhz onun təşəbbüsü ilə 1991-ci ildə 31 dekabr–Dünya Azərbaycanlılarının Həmrəylik Günü təsis edilmişdir. İndi bu gün dünya azərbaycanlılarının ən sevimli bayramıdır.
    İkinci dəfə, 1993-cü ildə xalqımızın dahi rəhbərinin hakimiyyətə gəlişi diaspor quruculuğunda yeni dövrün başlanğıcı oldu. Xarici ölkələrə səfərləri zamanı Heydər Əliyev burada yaşayan azərbaycanlılarla görüşür, onların həyatı ilə maraqlanır, vətənlə əlaqələri möhkəmləndirməyi tövsiyə edirdi. Ümummilli Liderin məsləhətləri əsasında azərbaycanlılar birləşərək, diaspor təşkilatları yaradır, yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirak edir və Azərbaycan reallıqlarının geniş təbliğinə nail olurdular. Beləliklə də dünyanın hər bir nöqtəsində formalaşmış Azərbaycan diasporu məhz Heydər Əliyevin bu sahədəki quruculuq siyasətinin məntiqi nəticəsidir.
    Bu gün Ulu Öndərin başladığı işlər Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimiz xarici ölkələrin daxili işlərinə qarışmadan burada yaşayan azərbaycanlıların fəaliyyətini dəstəkləyir. Bunun nəticəsidir ki, hazırda bir çox ölkələrin diaspor təşkilatları Azərbaycanı dünyada tanıtmaq üçün çox böyük işlər görürlər.
    Prezident İlham Əliyev diaspor üzvlərinə müraciətlə deyib: “Biz istəyirik ki, siz yaşadığınız ölkələrdə güclənəsiniz, daha möhkəm mövqeyə sahib olasınız. Siyasi aləmdə, biznesdə, bu ölkələrin mədəni həyatında sizin möhkəm mövqeyiniz Azərbaycanın adının daha da yüksəlməsi deməkdir. Ölkəmiz haqqında həqiqətlər daha dolğun şəkildə dünya ictimaiyyətinə çatdırılmalıdır. Əlbəttə, hər bir ölkənin səfirliyi vardır və bu səfirlik ölkənin maraqlarını təmsil edir. Amma diaspor üzvləri də Azərbaycanın elçiləridir. Sizin fəaliyyətinizdən çox şey asılıdır. Siz Azərbaycana dəstəksiniz, Azərbaycanın da hökuməti və dövləti sizə dəstəkdir”.
    Beş ildən bir Bakıda keçirilən Dünya Azərbaycanlılarının qurultayları dünyaya səpələnmiş azərbaycanlıların bir araya gəlməsində, mövcud problemlərin həllində, qüvvələrin birləşməsində və hər bir soydaşımızın daha fəal olmasında önəmli rol oynayır.
    Birinci qurultay Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə keçirilib. Bundan sonra isə daha üç qurultay Prezident İlham Əliyevin sərəncamları əsasında çağırılıb. 2016-cı ildə Bakıda keçirilən IV qurultaydakı nitqində dövlətimizin başçısı deyib: “2001- ci il Azərbaycan diaspor təşkilatlarının formalaşdırılması işində çox önəmli il olmuşdur. Çünki birinci Qurultaydan sonra 2002-ci ildə Heydər Əliyevin sərəncamı ilə xaricdə yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsi yaradılmışdır. Hazırda onun adı Diasporla iş üzrə Dövlət Komitəsidir. Diaspor təşkilatlarının təşkilatlanma, formalaşma prosesi daha da geniş vüsət almışdır. Əgər o vaxt dünyada 200-dən bir qədər çox diaspor təşkilatımız var idisə, hazırda onların sayı 462-dir. Azərbaycan diaspor təşkilatları həm kəmiyyət, həm keyfiyyət baxımında böyük yol keçmiş, güclənmiş, bu gün dünya miqyasında azərbaycanlılar və on-ların təmsil etdikləri təşkilatlar önəmli rol oynayırlar”.
    ÜMUMRUSİYA AZƏRBAYCANLILARI KONQRESİ
    Güclü diaspor təşkilatlarından biri də Ümumrusiya Azərbaycanlıları Konqresidir. Rusiya ilə Azərbaycan arasında tarixən siyasi-iqtisadi və humanitar münasibətlər mövcud olmuşdur. Azərbaycanın görkəmli elm xadimləri, mədəniyyət işçiləri, digər sahələri təmsil edən ziyalılar bu ölkədə yaşayıb yaratmışlar. Lakin onlar arasında əlaqələr zəif olduğundan, bu insanlar öz imkanlarından hər iki ölkənin inkişafı üçün lazımınca istifadə edə bilməmişlər. Belə işıqlı insanların Azərbaycanın və Rusiyanın maraqları naminə fəaliyyəti Ümumrusiya Azərbaycanlıları Konqresi yaradılandan sonra daha da genişlənmişdir. Məlum olduğu kimi, bu qurum 16 il əvvəl Ümummilli Lider Heydər Əliyevin və Rusiya Federasiyasının prezidenti Vladimir Putinin xeyir-duası ilə təsis edilmişdir. Hazırda Rusiyanın 83 bölgəsində bu təşkilatın bölmələri vardır. Fəaliyyət göstərdiyi müddətdə ÜAK Rusiyada yaşayan soydaşlarımızın milli, mədəni, sosial maraqlarının həyata keçirilməsinə yardımçı olub. Həmçinin Azərbaycan mədəniyyətinin, xalqımızın adət-ənənələrinin bu ölkədə təbliği sahəsində böyük işlər görüb.
    Təşkilatın üzvü, Rusiya Dövlət Xarici Dillər Universitetinin Şərq və nadir dillər fakültəsində Azərbaycan dilini tədris edən Mehriban Abdullayeva diaspor təşkilatının fəaliyyəti haqqında belə deyir:
    –Mən Azərbaycanın Tərtər şəhərində doğulub boya-başa çatmışam. Bu ölkədə ali təhsil alıb, sonra doktoranturanı bitirmişəm, fəlsəfə elmləri doktoru elmi dərəcəm var.
    Ailə həyatımla əlaqədar Mockvada yaşayıram. Açığını deyim ki, əvvəllər diaspor təşkilatları ilə əlaqəm olmadığı üçün, Vətənimdən ötrü çox darıxırdım. Diaspor üzvləri ilə tanışlıq sanki məni yenidən Azərbaycana qaytardı. Keçirilən bütün tədbirlərdə fəal iştirak edirəm. Soydaşlarımızla birlikdə məqsədimiz budur ki, vətəndaşı olduğumuz ölkəyə xeyir verməklə yanaşı, həm də doğma Azərbaycanımızın həqiqətlərinin dünyada təbliğ olunmasında fəal iştirak edək.
    Mənim doğma Tərtərim cəbhəyanı bölgədir. Bu gün də burada atəş səsləri eşidilir. Aprel ayında ermənilərin atdıqları artilleriya mərmiləri burada evləri dağıtmış, dinc, günahsız insanlar həlak olmuşlar. Bütün bunların olduğu kimi dünya ictimaiyyətinə çatdırılmasına çalışırıq.
    Mehriban xanım Ümumrusiya Universitetlərarası elmi konfranslarda öz savadlı, əsaslan-dırılmış çıxışları ilə milli-mənəvi dəyərimiz olan Azərbaycan dilinin zənginliyini xarici auditoriyalarda layiqincə təbliğ edir.
    Həmyerlimiz, Tərtər rayonunun Qaradağlı kəndində doğulmuş Nazir Hətəmov isə uzaq Saxalində yaşayır. O, Ümum-rusiya Azərbaycanlıları Konqresinin Saxalin Regional Bölməsinin sədridir. Saxalin vilayətinin qubernatoru yanında Millətlər və Konfessiyalararası Münasibətlər Şurasının üzvüdür. Ümumrusiya Azərbaycanlıları Konqresinin IV qurultayının, VII Azərbaycan-Rusiya Regionlararası Forumunun, Bakıda keçirilən Dünya Azərbaycanlıları qurultaylarının iştirakçısı olub.
    Nazir Hətəmovun Vətənə hər gəlişi Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət etməklə başlayır. O, bu barədə belə deyir:
    – Hər bir azərbaycanlı kimi, mənim də qəlbimdə Ümummilli Lider Heydər Əliyevin xüsusi yeri var. Ulu Öndərin təşəbbüsü ilə yaradılmış Cəmşid Naxçıvanski adına Hərbi Hazırlıq Məktəbinin məzunuyam. Həmin məktəbi bitirdikdən sonra Rusiya Federasiyasında ali hərbi təhsil almışam.
    Bu gün diaspor təşkilatımızın səmərəli fəaliyyət göstərməsi, vətənimizlə sıx əlaqələrimizin olması da Ümummilli Liderimizin gərgin fəaliyyətinin nəticəsidir.
    Şəhidlər Xiyabanında uyuyan hər kəs doğma qardaşım, bacımdır. Onların arasında hərbi məktəbdə mənimlə birgə təhsil almış, bu gün təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da adı fəxrlə çəkilən Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyev də vardır. Ötən ilin dekabrında Azərbaycanda olarkən dostumun ailəsi ilə görüşdüm, Tərtər rayon İcra Hakimiyyətinin və ÜAK-ın Saxalin Regional Bölməsinin təşkilatçılığı və qəhrəmanın atasının, rayon ictimaiyyəti nümayəndələrinin, gənclərin, Qarabağ müharibəsi veteranlarının iştirakı ilə burada Murad Mirzəyevin xatirəsinə həsr olunmuş tədbir keçirdik.
    Doğma kəndimdə olarkən həmcinin erməni əsirliyində saxlanılan həmyerlimiz Şahbaz Quliyevin anasını ziyarət etdim, vaxtilə mənə dərs deyən müəllimlərimlə görüşdüm, Qapanlı kənd tam orta məktəbində vətənpərvərlik mövzusunda kecirilən tədbirdə iştirak etdim. Mənim doğma kəndim düşmənin 200 metrliyində yerləşir. Aprel ayında erməni təxribatı nəticəsində insanlara böyük ziyan dəymişdir. O zaman mən Saxalində idim. Burada yaşayan azərbaycanlıların hamısı bir yerə toplaşaraq döyüşlərə qatılmaq istədiklərini bildirir. bununla əlaqədar Azərbaycan Ordusunun Ali Baş Komandanı İlham Əliyevə müraciət etməyimizi xahis edirdilər.
    Onu da qeyd edim ki, bizim bölmənin tərkibində Saxalin Vilayəti üzrə səkkiz şəhərin daxil olduğu tərkibi azərbaycanlılar olmaqla “Ağsaqqallar Şurası” fəaliyyət göstərir. Çətin məqamlarda, kiməsə kömək əlini uzatmaq lazım gəldikdə şura üzvləri bir yerə toplaşıb lazımi tədbir görürlər. Belə ki, 2015-ci il aprel ayının 1-də Oxot dənizində göyərtəsində yeddisi azərbaycanlı olmaqla, 132 nəfərdən ibarət balıqçı gəmisi batmışdır. Bu qayıqda dünyasını dəyişən üç həmvətənlimizin nəşinin Azərbaycana gətirilib ailələrinə təhvil verilməsi işini ÜAK-ın Saxalin Regional Bölməsi təşkil etmişdir.
    2016-cı ilin avqust ayında Moskva şəhərində keçirilən Hərbi Tank yarışlarında bizim bölmənin üzvləri də iştirak etmişlər.
    Saxalində yaşayan azərbaycanlı gənclər Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının təşəbbüslərini yüksək dəyərləndirir, təşkilatın rəhbəri Leyla Əliyevanın “Xocalıya ədalət.” kampaniyasına və digər layihələrə dəstək verirlər.
    Azərbaycanı Saxalində layiqincə təmsil etmək üçün diaspor üzvlərinin köməyi ilə təşkilatımızın nəzdində “Birlik” cəmiyyəti yaratmışıq. Cəmiyyətimiz Azərbaycan Respublikasının Diasporla İş uzrə Dövlət Komitəsi ilə əlaqə saxlayır və biz milli, mədəni, irsi dəyərlərimizin təbliği məqsədilə tədbirlər keçirir, sərgilər təşkil edir və digər səmərəli işlər görürük.
    Əvvəllər Rusiyada çox az-az insanların Novruz bayramı haqqında təsəvvürü olurdu. Azərbaycanlılar özləri isə Novruzu ailədə sakit tərzdə qeyd edirdilər. Azərbaycanın birinci xanımı, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanin təşəbbüsü ilə bu bayram UNESKO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edildikdən sonra bizim milli bayramımız bir cox xarici ölkələrdə, o cümlədən Rusiyada geniş qeyd edilir. İndi bayram tonqalları hətta uzaq Saxalində də yandırılır.
    * * *
    “Lobbi” sözü ingilis dilindən tərcümədə “dəhliz, vestibül, xoll, üstüörtülü gəzinti meydançası, səhnəarxasi” mənasını daşıyır. Əslində isə xaricdə yaşayan və öz fəaliyyətləri ilə həmin ölkələrin ictimai-siyasi, mədəni həyatına təsir göstərən azərbaycanlılar vətənləri ilə vətəndaşı olduqları dövlət arasında yaxşı mənada “körpü” rolunu oynayırlar . Ermənilərdən fərqli olaraq, bizim həmvətənlərimiz hansısa qərarın qəbul olunması üçün rüşvət vermirlər. Necə ki, ABS-dakı erməni lobbisi vaxtilə konqres tərəfindən məlum 907-ci düzəlişin qəbul olunmasına nail olmuş, hazırda isə Azərbaycana qarşı ədalətsiz və diskriminasiya xarakterli bu qərarın aradan qaldırılması üçün palata üzvlərinə bütün istiqamətlərdə təzyiq göstərirlər.
    Prezident İlham Əliyev Ümumrusiya Azərbaycanlıları Konqresinin fəaliyyətini yüksək qiymətləndirərək deyib:”Konqres ötən illər ərzində Rusiyadakı soydaşlarımızın mənəvi əlaqələrinin genişləndirilməsi, yaşadıqları regionların ictimai-siyasi və mədəni həyatında fəal iştirakının təmin edilməsi, Rusiya ilə Azərbaycan arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsi və digər sahələrdə səmərəli fəaliyyət göstərmişdir”.
    Ötən ilin sonunda keçirilən ÜAK-ın qurultayında tanınmış ictimai xadim, tibb elmləri namizədi Fazil Qurbanov Kon-qresin yeni prezidenti seçilib. Qurultayda həmçinin elan olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Fazil Qurbanov “Əməkdar Elm Xadimi” fəxri adına layiq görülmüşdür.
    Bütün bunlar göstərir ki, vətəndən uzaqda yaşayan azərbaycanlıların hər biri qırılmaz tellərlə doğma yurda bağlıdır, ürəkləri Azərbaycanla döyünür və onun daha da çiçəklənməsi naminə birləşərək fəaliyyətlərini davam etdirirlər.

    Svetlana Bağırova,
    (Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün)

    Müəllif: Redaktor, 12:26

    Teqlər:

İsmarıclar bağlıdır.