Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 12Apr

    “KAŞ YUXULARIM ÇİN OLA!”

    9e3d79ab19730ef2eecf42c20d4a62a3DSC_8684Azərbaycanın əsrarəngiz gözəlliklər diyarı olan rayonlarından biri də uca dağlar qoynynda qərar tutan Kəlbəcərdir. Son bir neçə ildir ki, aprel ayı başlayanda böyük ürək ağrısı ilə həmin işğal tarixini qeyd edirik.
    Yaşı səksəni haqlamış, üz-gözündən nuranilik yağan Xublar nənə və oğlu Əsgər Hüseynovla üz-üzə oturub söhbət edirik. Xublar nənəgilin ailəsi Kəlbəcərin Sarıdaş kəndindəndi.
    Sarıdaşın tarixi çox qədimdi, bu kənddə yaşayan insanların hamısı uzunömürlüdürlər. Xublar nənə deyir ki, bir də eşitdik ki, ermənilər Kəlbəcərə giriblər. 9 nəfər ailə üzvlərimizlə hər şeyimizi qoyub Murov dağına qədər piyada gəldik. Murov yolunda maşın, insan əlindən yerimək olmurdu…
    Nənə danışa bilmir, kövrəlir. Söhbətimizə oğlu Əsgər qoşulur. (İndi onun 42 yaşı var). Deyir ki, çox çətinliklə də olsa Gəncəyə gəldik. Oradan da Tərtərin Seydimli kəndinə pənah gətirərək tarla düşərgəsində məskunlaşdıq. Burada 1 il yaşayandan sonra Tərtər şəhərinə gəldik. Çünki xalam Validə Tərtərdə yaşayırdı. Allah həmişə yaxşılara kömək olsun! Şəhər 3 saylı məktəbin direktoru Dilşad müəllimə bizə 1 göz otaq verdi. Elə o zamandan da həmin məktəbdə yaşayırıq.
    Xublar nənənin yenidən gözləri dolur. Deyir ki, üç qızım – Kifayət, Mələk, Xəzəngül, oğlum İnqilab bu dərdə dözməyib 43-52 yaşlarında elə Kəlbəcər deyə-deyə dünyalarını dəyişdilər. Sonra deyir: “Azərbaycanın hər yeri gözəldi. Hamısı da bizimdi, amma hər bir insanın doğulduğu yer onun vətəni sayılır. Ona görə də Kəlbəcəri bir an belə yaddan çıxara bilmirəm. Hər gecə yuxularımda o dağları görürəm”.
    Gördüm ki, Xublar nənə danışdıqca kövrəlir, ona təskinlik verib dedim: “Nənə, darıxma, o yerlərə qayıtmağımıza az qalıb. İndi Azərbaycan əsgəri Prezidentin – Ali Baş Komandan İlham Əliyevin əmrini gözləyir. Torpaqlarımızı sülh yolu ilə qaytarmasalar, bunun başqa çıxış yolları da var”…
    Xublar nənə yenidən söhbətə qoşuldu: “Oğul, yaşımın çox olmasına baxma, hər şeyi yaxşı dərk edirəm. Ordumuzun günü-gündən gücləndiyini gördükcə bir daha əmin oluruq ki, igid əsgərlərimiz qısa müddət ərzində torpaqlarımızı müt-ləq geri qaytaracaqlar. Onda təkcə biz yox, bütün qaçqın və köçkünlərimizin hamısı öz yurd-yuvalarına qayıdacaqlar”.
    Bunu ötən ilin aprel ayındakı döyüşlər də subut etdi.
    Xublar nənə sonda:
    –Kaş yuxularım çin ola!–dedi.

    Mirzə Nəsir

    Müəllif: Redaktor, 10:39

    Teqlər:

İsmarıclar bağlıdır.