Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10May

    “SAĞLAM BƏDƏNDƏ SAĞLAM DA RUH OLAR”

    how-to-recognize-drug-addict1Görülən bütün tədbirlərə baxmayaraq, narkomanlıq qarşısı alınmaz yoluxucu bir xəstəlik kimi hər il artmaqda davam edir və bu bəlaya düçar olanların yaşı gəncləşir. Bu o deməkdir ki, narkomaniya yeniyetmələrə və uşaqlara da sirayət etməyə başlayıb. Belə hal isə ən dəhşətli faciələrdən və qorxulu bir tendensiyadan xəbər verir. Bütün dünyanın bəlasına çevrilmiş narkomaniyanın hansı mənbədən qaynaqlanaraq ildırım sürəti ilə artması, cəmiyyətin bütün təbəqələrini əhatə etməsi, bütün yaş baryerlərini aşması səbəbləri bəs nədir? Bunun qarşısını almaq mümkün deyilmi? Həyatda mümkün olmayan şey yoxdur, lakin asan deyil.
    Statistikaya görə ölüm yaşı da cavanlaşır. Onun bir əsas səbəbi də narkomaniyadır. Çox təəssüf ki, böyük həyati təhlükəsi olan bu vərdiş məktəblərdə də yayılmaqdadır. Yazıqlar olsun!
    Statistik məlumatlara görə Azərbaycanda rəsmi qeydiyyata alınan narkomanların sayı artıb. Səhiyyə Nazirliyindən bildirilib ki, 2010-cu ildə Azərbaycanda narkotik istifadəçilərinin sayı 25489 nəfər, 2011-ci ildə 26716 nəfər, 2012-ci ildə 27910 nəfər, 2013-cü ildə isə 28376, 2014-cü ildə 28656. 2015-ci ildə 28555, 2016-cı ildə isə 29448 nəfər olub.
    2015-ci ildə narkotik istifadəçilərinin 592 nəfərini, 2014-cü ildə 554-ünü, 2013-cü ildə isə 539-unu qadınlar təşkil edib.
    Yalnız 2016-cı ildə 2142 nəfər ilk dəfə narkotik istifadəçisi kimi qeydiyyata götürülüb. 2015-ci ildə isə ilk dəfə narkotik istifadəçisi kimi qeydiyyata alınan narkomanların sayı 2017 nəfər olub.
    Ümumilikdə, narkotik istifadəçiləri arasında 25-45 yaş arası insanlar üstünlük təşkil edirlər.
    Son məlumata əsasən, Azərbaycanda 15-17 yaşlı 5, 18-24 yaşlı 1447, 25-29 yaşlı 4076, 30-34 yaşlı 4239, 35-39 yaşlı 4542, 40-44 yaşlı 3670, 45-49 yaşlı 3313, 50-54 yaşlı 2818, 55-59 yaşlı 2266, 60-64 yaşlı 1931, 65 yaşdan yuxarı isə 1142 nəfər narkotik istifadəçisi var.
    Qeyd etdiyimiz kimi bunlar rəsmən dövlət qeydiyyatında olan faktlardır. Mənim fikrimcə, qeydiyyatdan keçməyən narkomanların sayı qat-qat çoxdur. Onlar bəzi səbəblərdən qeydə alınmaq istəmirlər. Onu da bildiririk ki, narkoloji xəstələrin müalicəsi, müayinəsi könüllü şəkildə aparılır. Belə olan halda isə narkomanların əksəriyyəti, əlbəttə, qeydiyyatdan, müayinədən və müalicədən kənarda qalmağa üstünlük verirlər.
    Respublikamızda narkomaniyaya qarşı çox ciddi tədbirlər görülsə də, bu bəla hələ də yayılmağındadır. Bunun əsas səbəblərindən biri də narkotiklərin qanunsuz dövriyyəsi üzərində qurulan və dünyada geniş bir şəbəkəni təşkil edən narkobiznesdir. Bir çox ölkələrdə narkobaronlar çox ciddi söz sahibidirlər və dövlətin işlərinə təsir göstərə bilirlər.
    Azərbaycanın coğrafi mövqeyi elədir ki, bu məkandan narkotiklərin daşınmasında tranzit ölkə kimi istifadə etmək əlverişlidir. Məsələn, Azərbaycan Əfqanıstandan və İrandan Avropaya, Rusiyaya uzanan böyük narkotik yolunun üstündədir. Narkotik qaçaqmalçıları, əlbəttə, bu imkandan istifadə etməyə çalışırlar. Lakin insanlığa yalnız faciə gətirən bu bəlaya qarşı dövlət səviyyəsində həmişə ciddi mübarizə aparılsa da Azərbaycan Daxili İşlər Nazirliyinin 2014-cü ildəki ehtimalına görə, ölkədən hər il 5,8 ton narkotik daşınır.
    2015-ci ildə Daşkəsəndə bir dəfəyə 1,45 ton, Goranboyda bir dəfəyə 3,6 ton marixuana müsadirə olunub.
    Qeyd olunan bu faktlar işin nə dərəcədə ciddi olduğunu aşkarlayır.
    Respublikamızın bölgələrində də narkotika alüdəçiliyi geniş yayılmaqda davam edir. O cümlədən, Tərtər rayonunda da cinayətlərin artmasına səbəb olan narkomaniyaya qarşı mübarizə davam etdirilir. Bu məqsədlə rayonda antinarkotik təbliğat və maarifləndirmə yolu ilə narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlığın yayılmasının qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicə edilməklə sağlam həyata qaytarılması və bu sahədə qabaqcıl təcrübənin öyrənilib tətbiq edilməsi üçün müvafiq tədbirlər həyata keçirilir.
    Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə əlaqədar olaraq rayon icra haki-miyyətinin rəhbərliyi ilə rayon polis şöbəsinin əməkdaşlarının inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyə sədrləri, ictimaiyyətin nümayəndələri ilə birlikdə yaşayış məntəqələrində reydlər təşkil edilir. Ötən ildə “Xaş-xaş-2016” şərti adı altında keçirilən narkomaniyaya qarşı mübarizə tədbirləri zamanı rayonun müxtəlif ərazilərindəki 0,46 hektar olan sahələrdən 2272 ədəd olmaqla ümumi çəkisi 1096 kiloqram yabanı halda bitmiş narkotik xassəli çətənə kolu aşkar olunub və toplanaraq məhv edilib.
    Bundan başqa rayon polis şöbəsinin əməkdaşları tərəfindən 2016-cı ildə rayonda narkomaniya ilə bağlı 14 cinayət faktı qeydə alınıb və onların açılma əmsalı 84,6 faiz təşkil edib.
    Rayon icra hakimiyyəti hüquq-mühafizə orqanları ilə birlikdə təhsil, səhiyyə, mədəniyyət işçilərinin və ictimaiyyətin digər nümayəndələrinin iştirakı ilə “Narkomaniyaya yox deyək!” devizi altında silsilə tədbirlər keçirməkdə davam edir. Bu tədbirlər ən çox rayonun ümumtəhsil məktəblərində təşkil olunur ki, bunlar da şagirdlərin təlim-tərbiyəsində öz müsbət rolunu oynayır. Həmin mərasimlərdə qəzetimizin əməkdaşları da fəal iştirak edir və mütəmadi olaraq rayon qəzetində narkomaniya ilə bağlı materiallar dərc olunur.
    Lakin narkomaniyanın qarşısının tamamilə alınmasında, görünür, bu tədbirlər kifayət etmir. Mən belə hesab edirəm ki, dünyanın bu bəlasına qarşı mübarizədə hər bir ailədə, hər bir evdə, məktəbdə və nəhayət cəmiyyətdə ciddi mövqe tutulmalıdır. Hər bir valideyn fərdi olaraq öz uşağının tərbiyəsində fəal rol oynasa, boşluğa yol verməsə, bu faci-ənin miqyası indiki qədər genişlənməz. Ən çox da imkanlı adamlar bu işdə başlı-başınalığa yol verməli deyillər. Çünki narkotikaya əksərən varlı adamların uşaqları məqsədli şəkildə cəlb olunurlar.
    Narkomaniyaya qarşı mübarizədə ictimai qınağın təsir gücündən səmərəli istifadə olunmalıdır. Mətbuat, radio və televiziya bu sahədə geniş imkanlara malikdirlər. Onların maarifləndirici xarekterli və təbliğat səpgili fəaliyyətləri mütləq müsbət nəticələr verəcəkdir.
    Siqaretə və alkoqola alüdəçilik də narkomanlığa başlanğıc rolunu oynayan ziyanlı vərdişlərdir.
    Ümumiyyətlə, bütün dünyanın faciəsi olan bu bəlanın yayılması sonucda milli şüurun zədələnməsinə gətirib çı-xarır ki, bu da cəmiyyətə sarsıdıcı zərbələr vura bilər.
    Cəmiyyətin sağlam olması üçün onun hər bir üzvünün sağlam olması şərtdir. Atalar deyib: “Sağlam bədəndə sağlam da ruh olar”.

    Tofiq Yusif

    Müəllif: Redaktor, 10:26

    Teqlər:

İsmarıclar bağlıdır.