Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19May

    BƏXTİYAR

    Bextiyar02212Bu kövrək yazını oğlu haqqında şəhid anası özü yazdığı üçün bir sözünə toxunmadan dərc edirik.
    Bəxtiyar–yəni Bəxtiyar olmaq. Bəlkə də sən şəhidlikdə gördün bəxtiyarlığı Bəxtiyar!…
    1972-ci il 30 iyul. Bu gün dünyaya bir uşaq gəldi. Gözəl, sarışın, yaraşıqlı bir uşaq. İllər keçdi, ata-ana sevinə-sevinə böyütdü bu uşağı. Cüt qardaş Teyyub ilə Bəxtiyar oynaşa-oynaşa, güləşə-güləşə böyüdülər.
    Əsgərlik vaxtı çatdı Bəxtiyarın. Orduya çağırdılar. Polşaya göndərdilər. Sevindi ana, sevindi ata: Oğlumuz böyüyüb, Vətənə lazım olub.
    Qarabağın üstünü qara buludlar aldı. Geriyə çağrıldı Bəxtiyar Polşadan. Vətəni qorumaq üçün. Ya-man böyümüşdü, yaman kişiləşmişdi bu ilyarımda Bəxtiyar.
    Ana qəlbi yaman hər şeydən ürkəyən olur. “Oğluma göz dəyər” deyə fikirləşdi ana. Hətta üzərlik yandırdı xəlvətcə. Güldü Bəxtiyar:
    –Ay ana, elə mən əvvəlki Bəxtiyaram da.
    1992-ci il noyabr ayının 2-də getdi Bəxtiyar Qarabağda qara qüvvələrlə döyüşməyə. Elə ananın da rahat günləri bununla başa çatdı. Narahat, həyəcanlı günlər, yuxusuz gecələr başladı.
    14 noyabrda axşam çağı qayıtdı Bəxtiyar. Ana sevindi, ata sorğu-suala tutdu oğlunu, cəbhədən nəsə öyrənmək istədi ata. Çox danışan deyildi Bəxtiyar. Qısaca dedi:
    –Döyüşürük, ata. Qızıl-qaya yüksəkliyi uğrunda.
    Ana ürəyi titrədi:
    –Özünü gözlə, oğul! Düşmən hiyləgərdir.
    16 noyabr. Səhər açılar-açılmaz bir maşın dayandı qapıda:
    –Ana, Bəxtiyara de gəlsin, komandir çağırır.
    Qalxdı yerindən Bəxtiyar, geyindi. Ana istədi öpsün oğlunu, boyu çatmadı ucaboy oğlunun üzünə.
    –Yaxşı yol, oğlum! Uğurla qayıt bu döyüşdən, mənim əziz balam.
    Ancaq…son döyüşü oldu, bu Bəxtiyarın. Elə burdan başladı ananın qara günləri.
    17 noyabr 1992-ci il döyüşə girdi Bəxtiyar, Qızıl qaya yüksəkliyi uğrunda. Ancaq çıxmadı bu döyüşdən 13 nəfər. Teyyub (komandir), Bəxtiyar, Vasif, İlham, Elşad, Vidadi, Vüqar, Sərdar, Vüqar, Sərdar, Əfqan, Əli, Mahir. Anaların müsibətli günləri başladı. Itkin düşüb dedilər oğlanlarınız.
    Analar yanar, ağlar,
    Oğul soraqlar, ağlar.
    Dönər göy göyərçinə
    Oğul, gəl!–deyər ağlar.
    Hər biri 10 ilə bərabər günlər gəlib keçdi. Nəcməddin Sadıqov 13 valideyni qebul etdi:
    –Analar–atalar, sizin oğlanlarınız Qızıl qaya uğrunda döyüşə girib, həmin yüksəkliyi qəhrəmanlıq göstərib tutublar. 2 saat 40 dəqiqə saxlaya biliblər. Sonra düşmənə yeni qüvvə gəlib. Uşaqlar döyüşə-döyüşə qəhrəmancasına həlak olublar. Indi o yerlər erməni əlindədi. Nə vaxt təmizləsək oğlanları tapıb gətirəcəyik. Mən sizin qarşınızda baş əyirəm. Siz qəhrəman oğul böyüdən analarsınız!
    O gündən başladı mənim fəryadım, Bəxtiyar!…
    Buzdan döşəyin oldu,
    Qardan yorğanın oldu,
    Daşdan yastığın oldu,
    Çöllər həyanın oldu,
    Torpaq al qanın oldu,
    Bəxtiyar.

    Güllər saraldı, soldu,
    Göylər boşaldı-doldu,
    Günlər gəlib ay oldu,
    Soraq gəlmədi səndən,
    Anan saçların yoldu,
    Bəxtiyar.
    İllərə bərabər olan günlər ötüşdü, 2 ayına az qalırdı. Hələ sizdən bir soraq verən yox idi.
    Nəhayət, ordumuzun güclü hücumları başlandı. Bu döyüşün məqsədlərindən biri də 13 itkin əsgəri tapmaq idi. Bu işlə Elman Hüseynov öz dəstəsilə məşğul olmalı idi. Tapdı, sizi Elman Hüseynov, Bəxtiyar!… Ancaq namərd gülləsi öz işini gördü. Getdi əlimizdən Elman kimi bir oğul.
    2 ay tamam oldu, gəldi sənin yoldaşların. Götürüldü cənazələri. Tapılmadın sən, Bəxtiyar. Ata, əmi, qohumlar, biz də gedək axtaraq deyə Ağdərəyə axışdılar. Ancaq icazə vermədilər onlara. Bir nəfər gedə bilər dedilər–axtarmaq üçün. Getdi əmisi Ərəstun. Yanvarın 27-də intizarlı saatlar ötdü, axşam düşər-düşməz soraq gəldi tapılıb Bəxtiyar. Anaya xəbər çatdı. Ana fəryadı göylərə ucaldı:
    Yağış yağıb çöllərə,
    Damcı düşüb göllərə,
    Mən oğlumu tapmışam,
    Xəbər verin ellərə.
    Ancaq… ellərə xəbər vermək lazım gəlmədi, Bəxtiyar. Ellər özü töküldü gəldi–haray çəkən sellər kimi.
    –Gözün aydın!–deyən də oldu anaya–oğlunu tapmısan,– deyə.
    28 yanvar 1993-cü il. Cənazə qaldırılan gün bir insan seli var idi bizim həyətdə. Doğrudan da sən bəxtiyar idin, Bəxtiyar. İnsan var yüz il yaşayır, öləndə bir gündə unudulur. İnsan var 20 il yaşayır, əsrlərlə unudulmur, tarixin yaddaşına həkk olunur.
    Bu sən idin, Bəxtiyar. Sən vətən qarşısında öz borcunu namusla verdin. Ata-ana da səninlə fəxr edir, Bəxtiyar.

    Firuzə Hüseynova,
    Evoğlu kəndi
    “Tərtər” qəzeti, 17 aprel 1993-cü il

    Müəllif: Redaktor, 09:10

    Teqlər:

İsmarıclar bağlıdır.