Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30May

    EL HÖRMƏTİ QAZANMIŞ İNSAN

    DSC_9163Dünya bərqərar olandan insan onu bəzəyib, zinətləndirib. Hər kəs ömür payını bu dünyanın ağlı-qaralı günlərinə bağışlayıb, yaddaşlarda qalan xatirələr yaradıb. Əbəs yerə insanı dünyanın əşrəfi adlandırmayıblar. Bəzən insanın həyat eşqi, qurub-yaratmaq həvəsi bir ömür payına bəs etmir. Ahıllaşır, qocalır insan, lakin ürək cavan qalır, arzular bitmir.
    Belə ahıllarımızdan biri də uzun müddət Tərtər Şəhər So-vetinin sədri işləmiş Həbib Məmmədovdur. Onu rayonumuzun bir zəhmətkeş ziyalısı, məsuliyyətli bir vəzifə sahibi, sadə, təvazökar bir şəxsiyyət kimi tanımışam, lakin keçdiyi kəşməkəşli ömür yolundan xəbər tutmaq, ömür kitabını vərəqləmək imkanım olmamışdı. Nəhayət bu da qismətim oldu. Onunla görüşüb-söhbət etdim.
    Öyrəndim ki, Məmmədov Həbib Həşim oğlu 1938-ci ildə Tərtər rayonunun (o zamankı Mirbəşir rayonu) Kəngərli kəndində kolxozçu ailəsində doğulub. Ailədə böyüyən uşaqların beşincisi olub. Aldığı tərbiyə, saflıq, zəhmətsevərlik, vətənpərvərlik kimi hisslər bu gün Həbib müəllimi xalqın sevimlisi edib. Qaradağlı kənd 7–illik məktəbini bitirdikdən sonra 1952-ci ildə Ağdam rayonundakı Pedaqoji Texnikumun ibtidai təhsilin metodikası fakültəsinə qəbul olunub. Yeniyetmə yaş-larından atasını itirmiş balaca Həbib anasının çəkdiyi zəhmətin sayəsində ağıllı, savadlı bir insan olmağı bacarıb. Lakin anası Saray xanımın əziyyətinin bir az yüngülləşməsi üçün işləmək, çörək pulu qazanmaq lazım idi. Ona görə də 1955-ci ildə texnikumu bitirdikdən sonra Yevlax rayonunun Hacımahmudlu (indiki Nemətabad) kənd yeddiillik beynəlmiləl məktəbdə müəllim kimi fəaliyyətə başlayıb. Burada 3 bölmə fəaliyyət göstərirdi. Azərbaycan, rus və erməni dilli uşaqlar təhsil alırdılar. Həbib müəllim isə burada doğma Azərbaycan dili və ədəbiyyatını tədris edirdi.
    Gənc müəllim aldığı təhsillə kifayətlənmir. Tam ali təhsil almaq arzusu onu hər an düşündürür və qəti qərara gəlir ki, qiyabi yolla təhsilini davam etdirməlidir. Elə də olur. 1956-ci ildə Azərbaycan Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsinin qiyabi şöbəsinə qəbul olunur. Başqa rayonda işləmək, həm də oxumaq gənc müəllimin işlərini bir qədər çətinləşdirir. Anasına tez-tez baş çəkə bilmir. Ona görə də iş yerini dəyişmək qərarına gəlir. Lakin bu elə də asan başa gəlmir. Universitetin axırıncı kursunda oxuyarkən 1962-ci ildə bu fikri reallaşır. Tərtər rayonunun Seydimli kənd orta məktəbinə dəyişilir. Bir ildən sonra isə Qaradağlı kənd orta məktəbində ədəbiyyat müəllimi kimi fəaliyyətə başlayır.
    Həbib Məmmədov elə ilk günlərdən öz təşkilatçılığı və iş bacarığı ilə iş yoldaşlarının sevimlisinə çevrilir. Şagirdlər arasında ədəbiyyat sevərlərin sayı artmağa başladı. Hər kəs böyüyəndə məhz Həbib müəllim kimi ədəbiyyat müəllimi olmaq arzusuna düşür. Əlbəttə, bu, müəllim üçün böyük uğurdur.
    Həbib Məmmədovun xatirələrindən:
    –Universitetə qəbul olunmaq üçün şəxsi iş hazırlayırdım. Bu sənədlərə yaşayış yerindən arayış da daxil idi. Bunun üçün kənd sovetinə müraciət etdim. Lakin sovet sədri məni çox kobud qarşıladı və arayış vermədən geri qaytardı. Kor-peşiman evə gəlib olanları anama danışdım. Anam mənə təsəlli verdi. Çox düşündüm. Hamının sözünü deyəcək arxalandığı bir adamı olur, mənim xahişimi edəcək, sözümü deyəcək isə anamdan başqa heç kimim yox idi. 2-3 gün ötdü. Bir gün mən evə gələndə anam: “Ay bala, deyirlər sovet sədrini dəyişiblər, bir onun da yanına get, gör nə deyir, arayış ala bilərsənmi?”–dedi. Anamın sözlərinə güvənib ümidsiz halda təzə sovet sədrinin (Bu adam Yusif Hüseynov idi, qonşu kənddəndi, yaxşı adamdır deyirdilər) yanına getdim. Məni görcək kənd sovetinin katibini çağırıb maraqlandı. Katib məktəbə oxumağa getmək üçün mənə arayış lazım olduğunu bildirdi. Cavabında sədrdən eşitdiyim söz məni çox sevindirdi. “Oxumağa getmək istəyənə hamımız kö-mək etməliyik, arayışı hazırla gətir qol çəkim”. Arayışı mənə verəndə katibə 1 manat uzatdım. Sədr katibə hirsləndi: “Onun pulunu qaytar. Sən də manatını cibinə qoy!”–dedi. Evə qayıdanda uçmağa qanadım yoxuydu. Mən bu yaxşılığı ömrüm boyu unutmadım. O gündən qarşıma məqsəd qoydum ki, harda işləməyimdən asılı olmayaraq hər kəsə kömək edəcəyəm, mənə yaxşılıq edənlərin əvəzini çıxacağam.
    Həbib Məmmədov Qaradağlı kənd orta məktəbində işlədiyi zamandan verdiyi sözə əməl edirdi. Bir il deyildi ki işləyirdi, ona ehtimad göstərib kommunist partiyası sıralarına qəbul etdilər. Çox çəkmədi Təhsil Nazirliyi tərəfindən məktəbdə şagirdlər arasında yoxlama yazı işi aparıldı. Bu zaman məlum oldu ki, məktəbin əksər şagirdi ədəbiyyat müəllimi olmaq arzusundadır. Gələnlər təəccübləndilər. Ədəbiyyatı tədris edən müəllimlə maraqlanırlar. Həbib müəllimin tədris metodu ilə tanış olduqdan sonra qərara aldılar ki, Qaradağlı kəndində metodiki mərkəz yaradılsın və ona rəhbərlik də Həbib müəllimə tapşırılsın. Elə həmin il onun iş bacarığı və təşkilatçılığı rayon partiya komitəsini maraqlandırdı. Onu müəllimlikdən partiya işinə–rayon partiya komitəsinin təşkilat şöbəsinə təlimatçı vəzifəsinə irəli çəkirlər.
    Həbib Məmmədovun işgüzarlığı və bacarığı rayon rəhbərlərinin diqqətini çəkirdi. 1969-cu ildə rayon partiya komitə-sinin birinci katibi Salman Məlikovun təşəbbüsü ilə o, Bakı Ali Partiya Məktəbinə göndərildi və 1971-ci ildə oranı bi-tirdi. 1975-ci ildən rayon partiya komitəsində təşkilat şöbəsinin müdiri, sonra rayon icraiyyə komitəsində təşkilat şö-bəsinin müdiri, rayon kommunal təsərrüfatı şöbəsinin müdiri vəzifələrində işlədi. Ən uzun müddət işlədiyi vəzifə isə Tərtər Şəhər İcraiyyə Komitəsinin sədri olub ki, 24-il burada böyük məsuliyyətlə çalışıb. 2006-cı ildən isə rayon icra hakimiyyətində çalışıb və 2011-ci ildə səhhəti ilə əlaqədar işdən çıxıb.
    Bu gün Həbib müəllim ömrünün ahıl yaşındadı. Ötüb-keçən illəri xoş xatirələrlə yada salır. Söyləyir ki, işgüzar illər onu “Əmək veteranı”, bir neçə çağırış şəhər sovetinin və rayon sovetinin deputatı edib. Qarabağ müharibəsi zamanı arxa cəbhədəki fəaliyyəti nəzərə alınaraq ona “Qarabağ müharibəsi veteranı” adı verilib, çoxlu sayda fəxri fərman və qiymətli hədiyyələr alıb. Ən önəmli mükafatı isə rayon camaatının hörməti olub.
    1973-cü ildə qurduğu ailə həyatı da möhkəm özül üzərində qurulub. Tibb İnstitutunun əczaçılıq fakültəsini bitirmiş, uzun müddət şəhər aptekində əczaçı işləmiş Şəfiqə xanımla 3 övlad böyüdüblər. 5 nəvələri var. Hazırda oğlu İlqar və onun ailəsi ilə birgə yaşayırlar.
    Həbib müəllim bu gün də özünü xoşbəxt insanlardan hesab edir. Deyir ki, bu həyatda hər kəs bir ömür yaşayır və mən də hesab edirəm ki, ömrümü mənalı yaşamışam. Hər bir Azərbaycan vətəndaşının da firavan yaşamasını arzu edirəm.
    Hörmətli Həbib müəllim, biz də Sizə bundan sonra da cansağlığı və bitib-tükənməyən el məhəbbəti ilə dolu 100 yaş arzulayırıq.

    Elfuzə Vəliyeva

    Müəllif: Redaktor, 09:44

    Teqlər:

İsmarıclar bağlıdır.