Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 21İyn

    151110122554_baku_shops_624x351_bbc_nocreditBu çalxalanan fani dünyada görün nə qədər “ürəyi yumşaq”, “insaflı” və “xeyirxah” insanlar var. Bunlar camaata “səmimi-qəlbdən xidmət etmək” üçün öz qazanclarından belə “əl çəkir”, hətta izafi xərclərə yol verirlər. Məsələn, götürün elə bəzi aptek sahiblərini, tetrasklini, yəni ayıb olmasın, qarın ağrısı dərmanını 50 ma-nata deyil, 50 qəpiyə satırlar ki, adamların qarnı ağrıyanda pis günə qalmasınlar, tez 50 qəpik verib, dərdlərinə əlac eləsinlər. (Nə olsun ki, bir az əvvəl bu dərman 10 qəpik idi?).
    Bəzi ticarətçilər, satdıqları şeylərin qiymətlərində cəmi-cümü “70 faiz endirim” edib, öz qıymazlıqlarını aləmə car çəkirlər. Deyən də yoxdur ki, a kişi, əgər reklam xatirinə bunu edib, özünə müştəri yığmaq və cibini doldurmaq istəyirsənsə, elə “100 faiz endirim” yaz, qoy adın da kişi kimi aləmə yayılsın. Daha o qalan 30 faizdən ötrü adını niyə biabır edirsən?
    İndi gəlin adi suallara cavab axtaraq. Fərz edək ki, bir şalvarı əvvəlcə 100 manata satırdılar. Yəni bu malın maya dəyəri neçəyə başa gəlirdisə, onun da üzərinə sahibkar öz qazancını qoyub, o qiymətə satırdı. Birdən-birə necə olur ki, bu şalvarın qiyməti 70 manat (yəni 70 faiz) endirildi və indi cəmi 30 manata satılır? Heç inanılası iş deyil. Burada iki fırıldaq ola bilər: birincisi, həmin şalvar öz maya dəyərindən 75-80 manat artıq satılırmış. İkincisi, şalvar uzun illərdir satılmır, köhnəlib xarab olub. Yoxsa hansı mağaza sahibinin başına at təpib ki, satdığı şeyin qiymətində birdən-birə 70 faiz endirim etsin, özü də könüllü?
    Haşiyə. Tərtərdə “Eqka” adı ilə məşhur olan hazırcavab və zarafatcıl bir oğlan olub. Bir gün Xanabaddan yolları düşür. Bu kəndi tanıyan adamların hamısı bilir ki, Xanabadda ilin bütün fəsillərində magistral asfalt yolun kənarlarında həmişə balıq satırlar. Maşını saxlatdırıb, bir balıqsatana yaxınlaşırlar. Eqka balıqlardan birinin qiymətini soruşur. Satıcı ona çox baha bir qiymət deyir. Eqka sakitcə çöməlir, balığın ağzını açır və diqqətlə baxmağa başlayır.
    Balıqsatan soruşur:
    –Nəyə baxırsan?
    Eqka cavab verir:
    –Sən bu balığa elə qiymət dedin ki, ya onun qızıl dişi olmalıdır, ya da ali təhsil diplomu…
    İndi, öz aramızdır, bir malın qiymətində də 70 faiz endirim olar? Ticarətçilər bu camaatı nəyin yerinə qoyur? O yalan və fırıldaq “endirim”lərlə niyə adamları aldadırlar? Bu da bir növ dələduzluq deyilmi? Və qəribədir ki, bu işə nəzarət edən orqanların cavabdeh şəxsləri də özlərini görməməzliyə vururlar. Niyə? Görəsən bu görməməzliyin bir “amması” yoxdur ki?
    Belə dözülməz fırıldaqlar respublikanın iri şəhərlərində–Bakıda, Gəncədə, Sumqayıtda və s. daha geniş yayılıb.
    Rəhmətlik Molla Nəsrəddin yumurtanın birini 10 qəpiyə alıb, 9 qəpiyə satırmış, soruşanlara da cavab verirmiş ki, qoy desinlər molla ticarətlə məşğuldur.
    Qiymətlərdə 70 faizə qədər “endirim” edən adamlara üz tutub deyi-rəm ki, gopdur-gopdur, elə yazın ki, qiymətlərdə 100 faiz endirim var, yəni hər şey pulsuz satılır, sonra yenə bildiyinizi edərsiniz. İndi kim öz verdiyi sözün üstündə durur ki?

    Tofiq Yusif

    Müəllif: Redaktor, 09:24

    Teqlər:

İsmarıclar bağlıdır.