Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30İyn

    COCUQ MƏRCANLIDAN BAŞLAYAN BÖYÜK QAYIDIŞ YURD HƏSRƏTİNƏ SON QOYACAQ

    kivULU ÖNDƏRİN ƏN ÇOX DİQQƏT GÖSTƏRDİYİ MƏSƏLƏ
    Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində öz ata-baba yurdlarından didərgin düşmüş soydaşlarımızın qayğıları Ümummilli Lider Heydər Əliyevin ən çox diqqət göstərdiyi məsələlərdən biri olmuşdur. Onların problemlərinin həlli ilə bağlı həyata keçirilən ilk tədbirlər, hazırlanan Proqramlar Ulu Öndərin gərgin əməyinin nəticəsidir. Xarici səfərləri zamanı o, qaçqın və məcburi köçkünlərin vəziyyətinin dünya ictimaiyyətinə çatdırılmasına çalışırdı.
    Bu təbəqədən olan insanlara qayğı və diqqət göstərilməsi Heydər Əliyev siyasətinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyətinin mühüm istiqamətini təşkil edir. Təsadüfi deyil ki, cənab İlham Əliyev 2013-cü il oktyabrın 1-də prezident seçkiləri ərəfəsində ilk görüşünü Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə keçirərkən ölkədə bir dənə də olsun çadır düşərgəsinin qalmayacağını bəyan etmiş və vədini 2017-ci ilin sonunda, vaxtından bir il əvvəl yerinə yetirmişdir
    Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva da bu vəzifəyə təyin ediləndən sonra ilk müşavirəsini məhz məcburi köçkünlərin problemlərinə həsr edib və bundan dərhal sonra isə məcburi köçkünlər üçün yeni yaşayış kompleksinin təməlini qoyub.
    Dünyada qaçqın və məcburi köçkünlərə aid problemlərin getdikcə kəskinləşdiyi bir dövrdə Azərbaycan dövləti bütün beynəlxalq öhdəliklərə əməl edərək bu sahədə böyük işlər görür.
    TƏRTƏRDƏ YENİ QƏSƏBƏ SALINIR
    Azərbaycanın milli bayramı – Respublika Günü münasibəti ilə keçirilən tədbirdə Prezident İlham Əliyev deyib: “Məcburi köçkünlərlə bağlı bizim siyasətimiz göz qabağındadır. Son illər ərzində 100-ə yaxın qəsəbə salınıb. Hazırda yeni qəsəbələr salınır”.
    Məcburi köçkünlər üçün belə qəsəbələrdən biri də Tərtər rayonunun Şıxarx qəsəbəsi ərazisində inşa olunur. Tər-tər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində uzun illər müharibə şəratində yaşayan rayonlardan biridir. 48 km məsafədə düşmənlə təmas xətti var. Bu gün də mütəmadi olaraq burada atəş səsləri eşidilir, əhali təsərrüfat işlərini çətin bir şəraitdə yerinə yetirir.
    Bütün bunlara baxmayaraq, tərtərlilər burada məskunlaşan qaçqın və məcburi köçkünlərə doğma münasibət göstərir, onların yurd həsrətini yüngülləşdirməyə çalışırlar. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Tərtər rayon şöbəsinin sədri Nazim Səfərovun verdiyi məlumata görə, hazırda rayonda 4135 ailə–13928 nəfər məcburi köçkün və 575 ailə–2635 nəfər qaçqın məskunlaşıb. Onların əksəriyyəti indiyədək uşaq bağçası, məktəb, klub və kitabxana binalarında çətin şəraitdə yaşayıblar. Tərtərdə yeni şəhərciyin tikintisi məc-buri köçkünlərlə yanaşı bütün rayon sakinlərinin böyük sevincinə səbəb olub.
    Nazim müəllimlə birlikdə şəhərciyin inşa olunduğu Şıxarx qəsəbəsinə yollanırıq. Hələ uzaqdan görünən mənzərə ürəyimizdə qürur hissi oyadır. İnanmaq olmur ki, cəmi bir neçə ay əvvəl bura bomboş bir ərazi idi. Görülən işlərlə maraqlanırıq. Nazim müəllim bildirir ki, 1170 məcburi köçkün ailəsi üçün nəzərdə tutulan və bütün zəruri sosial-texniki infrastruktura malik bu şəhərciyin ti-kintisi üçün bütövlükdə 50 hektar sahə ayrılıb.
    Bunun 27 hektarında tikililər yerləşəcək. Qalan sahələrdən isə məcburi köçkünlər əkin məqsədilə istifadə edəcəklər. Yeni şəhərcik hər biri dördmərtəbəli olmaqla 34 yaşayış binasından ibarətdir. Binaların tikintisi artıq başa çatmaq üzrədir. Burada həmçinin 1200 yerlik məktəb, 280 yerlik uşaq bağçası, musiqi məktəbi, klubicma mərkəzi, inzibati bina, həkim məntəqəsi və digər sosial obyektlər tikilir. Tikinti işlərinə cari ilin yanvar ayında başlanılıb. İlin sonunadək qəsəbə tam hazır olmalıdır.
    Hazırda burada 21 podratçı təşkilatın 1600 nəfərdən çox işçisi çalışır. Onların 400 nəfərdən çoxu yerli sakinlərdir.
    Qəsəbə sakinlərinin su təminatını yüksək səviyyədə ödəmək üçün 5 subartezian quyusunun qazılması nəzərdə tutulub. Ərazidə 4 su anbarı da inşa olunur. Binaların hamısı mərkəzləşdirilmiş istilik sistemi ilə qızdırılacaqdır. Bu məsələ burada yaşayacaq insanları xüsusulə sevindirir. Hazırda qəsəbədə 2 qazanxana tikilir.
    MƏCBURİ KÖÇKÜNLƏR ÜÇÜN 78 FƏRDİ EV TİKİLİB
    Tikintidə Çardaxlı kənd ərazi icra nümayəndəsi Fəxrəddin Almasov və Umudlu kənd ərazi icra nümayəndəsi Zaur Əzizovla görüşürük.
    Birlikdə elə bu kənddə məcburi köçkünlər üçün inşa olunan fərdi evlərə baxmağa gedirik. Yolun hər iki tərəfi boyunca yerləşən taxıl zəmiləri göz oxşayır. Bu mənzərə ətrafdakı müharibə izləri ilə heç cür uzlaşmır. Qızılı rəngdə olan dolu sünbüllər sakitcə yırğalanaraq sanki insanları gözəlliyi, ruzi-bərəkəti dağıtmağa yox, qorumağa səsləyir.
    Elə bu fikirlərlə də yaraşıqlı bir evin qarşısında dayanırıq.
    Nazim müəllim məlumat verir ki, bu ev Laçın rayonunun Zerti kəndindən olan məcburi köçkün Şirin Əhmədovun ailəsindən ötrü dövlət tərəfindən tikilib. Ailədə 5 nəfər olduğu üçün fərdi ev üç otaqdan və mətbəxdən ibarətdir.
    Bir az aralıda kərpicdən tikilmiş və artıq dağılmaq üzrə olan bir ev var. Indiyədək Əhmədovlar ailəsi burada yaşayırmış. Yeni evdə ilk olaraq uşaqlar üçün otaq hazırlayıblar. Axı, böyük qız Nuranə tələbədir. Gəncə Regional Kollecində təhsil alır. Indi o, dövlət imtahanlarına hazırlaşır. Nuranə deyir: “Hər dəfə tətil günlərində evimizə gələndə, ailəmizin üzləşdiyi çətinliklərə görə sıxılırdım. Yanvar ayında gələndə isə gözlərimə inanmadım. Bu dəfə ətrafdakı sükutu mərmilər deyil, inşaatçıların səsi pozurdu. Kəndimiz böyük bir inşaat meydançasını xatırladırdı. İndi fərdi evlərin tikintisi tamamilə başa çatıb”.
    Nuranə hədsiz sevinc hissi ilə bizə öz otağını göstərir. Masanın üstündə gül və kitablar var. Öz-özümə düşünürəm ki, müharibə şəraitində yaşayan insanlar gözəlliyi xüsusilə sevirlər. Elə bu kənddə məskunlaşanlar da düşmənin darmadağın etdiyi evlərinin ətrafında bağ-bağça, güllük salmaqla övladlarında nikbinlik, xoş əhval-ruhiyyə yaratmaq istəyirlər. Nuranə və onun kimi burada böyüyüb boya-başa çatan gənclərin nikbinliyinin əsas səbəbi isə dövlətimizin onlara göstərdiyi qayğıdır.
    Bu barədə Nazim müəllim məlumat verir. O deyir:
    –Qaçqın və məcburi köçkün soydaşlarımızın sosial şəraitinin yaxşılaşdırılması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın diqqət mərkəzindədir. Tərtər rayonunda görülən işlər də buna gözəl nümunədir. Hazırda rayonun Şıxarx, Caylı və Həsənqaya kəndlərində qaçqın və məcburi köçkünlər üçün 78 fərdi ev tikilib. Ailə tərkibinə görə evlər 1, 2, 3 və 4 otaqlıdır. Beynəlxalq Qaçqınlar Günü ərəfəsində fərdi evlərin tikintisi başa çatdırılıb.
    Gələcəkdə isə bu məqsədlə daha 78 fərdi evin inşası nəzərdə tutulub.
    Şıxarxda biz Kəlbəcərin Şəfi kəndindən olan Aqil, Rasim və Adil Xıdırov qardaşlarının hər birinin ailəsi üçün ayrı-ayrılıqda tikilmiş yaraşıqlı evləri gördük, onların anası Gülarə Xıdırovanın ürək sözlərini dinlədik. Oğlu Fazilin bu torpaq uğrunda şəhid olduğunu söyləyən ana ailənin digər üzvlərinə göstərilən qayğıya görə ölkə başçısına dərin təşəkkürünü bildirdi. O dedi: “Yaşımın bu çağında övladlarımın narahat həyatı məni çox düşündürürdü. Arzulayırdım ki, nəvələrim yaxşı şəraitdə böyüsünlər. İndi şükür Allaha, dövlətimiz üç oğlumun hər birinə ev tikib verdi. Sağ olsun Prezidentimiz. Allah ona da, Mehriban xanıma da cansağlığı versin. Bizdən ötrü böyük işlər gördülər, neçə-neçə ailəni sevindirdilər”.
    Kəlbəcər rayonundan məcburi köçkün düşmüş Ziyəddin Cabbarovun ötən ilin aprel hadisələri zamanı erməni ar-tilleriyasının açdığı atəş nəticəsində evi dağılmışdı. Bu evin yanında tikilmiş rahat dördotaqlı ev insanda xüsusilə xoş hisslər oyadır. Bu təzad sanki nağıllardakı şər qüvvələrlə xeyirxahlığın mübarizəsini xatırladır.
    Ziyyədin Cabbarov bu barədə belə dedi: “Aprel hadisələri zamanı bizim də evimiz dağıldı. O günlərdə rayonumuza və qəsəbəmizə gələn saysız-hesabsız xarici qonaqlar erməni vəhşiliyinin şahidi oldular. Amma dövlətimiz bizi tək qoymadı. Prezident İlham Əliyevin və ölkənin Birinci vitse–prezidenti Mehriban Əliyevanın rayonumuza bir ildə iki dəfə səfərləri bizi çox ruhlandırdı. Bundan sonra baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov gəlib bizimlə görüşdü, hər bir ailənin vəziyyətilə maraqlandı, problemlərimizi öyrəndi. Bu günlərdə hər dəqiqə müharibənin acılarını xatırladan evdən köçüb, yeni həyata başlayacağıq. Belə gözəl şəraiti ailə-miz üçün yaradan Prezidentimizə minnətdarlığımızı bildiririk”.
    “MARAĞA–150” ABİDƏSİNİN ƏTRAFI ABADLAŞDIRILIR
    Şıxarx qəsəbəsindən qayıdarkən yolda “Marağa–150” abidəsinin ətrafında xeyli adam görüb maşını saxlayırıq. Bu abidəni vaxtilə ermənilər Azərbaycan torpaqlarına köçürülmələrinin tarixi şərəfinə özləri ucaldıblar. Erməni məkrinin, erməni saxtakarlığının ifşa edilməsi üçün ən yaxşı əyani nümunə olan abidə onların özlərinin atdıqları mərmilər nəticəsində indi yarıuçuq vəziyyətdədir.
    Öyrəndik ki, hazırda abidənin ətrafında abadlıq işlərinə başlanılıb. Abidənin özünə isə toxunulmayacaq. Qoy rayonumuza gələn saysız-hesabsız qonaqlar ermənilərin bu torpaqlarda nə vaxtdan məskunlaşdıqlarını öz gözlərilə görsünlər.
    İnşaatçılar dedilər ki, abidənin ətrafına tamet düzüləcək, tumbalar tikiləcək, bura gül-çiçək əkiləcək, asfalt salınacaq, həm də işıq və su çəkiləcək.
    ***
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirləri və diplomatik nümayəndələri ilə görüşü zamanı deyib: “Ermənistan Azərbaycanın torpaqlarının bir hissəsini uzun illərdir ki, işğal altında saxlayır, bütün beynəlxalq normaları kobudcasına pozur. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə biganə qalır, işğal edilmiş torpaqlarda bizim bütün tarixi, dini abidələrimizi məhv edib və bunu təsdiqləyən bir çox sənədlər, videomateriallar vardır. Erməni işğalı nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Ermənis-tanAzərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır”. Elə həmin görüşdə ölkə başçısı qeyd edib ki, “bu cinayət bütün müsəlman aləminə qarşı törədilmiş cinayətdir”.
    Ölkə rəhbərinin həyata keçirdiyi siyasət, işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində görülən işlər hər bir məcburi köçkünün qəlbində doğma yurdlarına qayıtmaq ümidini daha da gücləndirir. Bir gün gələcək, bu həsrətə də son qoyulacaq. Cocuq Mərcanlıdan başlayan Böyük Qayıdış bizi Qubadlıya, Kəlbəcərə, Laçına, Ağdama, Şuşaya, işğaldan azad edilmiş digər yurd yerlərinə aparacaq.

    Svetlana Bağırova,
    (Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün)

    Müəllif: Redaktor, 09:52

    Teqlər:

İsmarıclar bağlıdır.