Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10İyl

    0102Tofiq Yusif

    Bu günlərdə həmyerlimiz Vaqif İsaoğlunun (Səmədov Vaqif İsa oğlu) “Dərələyəz mahalım, Ağkənd elimdir” adlı maraqlı bir kitabı (“Kooperasiya” nəşriyyatı, 2017-ci il) işıq üzü görmüşdür. Topluda əsas diqqət Azərbaycanın qədim ərazisi olan Dərələyəz mahalının Səlim çayı hövzəsində yaşayan ellərimizin tarixi, etnoqrafiyası, adət və ənənələri barədə, o yerlərdə yaşamış soydaşlarımızın keçmişinə və indisinə dair geniş, əhatəli bilgilər verilib.

    Bununla yanaşı kitabda ermənilərin zaman-zaman o yurdlarda yaşayan azərbaycanlıların başına açdığı müsibətlər, soyqırımlar və faciələr burada öz əksini tapıb. “Qərbi Azərbaycanın tarixi keçmişindən bəhs edən olaylar”, “Ermənilər kimdir?”, “Ermənilər haqqında deyilənlər,” “Ermənilərin özləri haqqında dedikləri”, “Daşnaqlar gəldilər–milli ədavət gətirdilər”, “Əsrin ən böyük faciəsi”, “Qan yaddaşımıza yazılan tarixi faktları hamı bilməlidir”, “XX əsrin sonunda Azərbaycan ərazisində erməni terroru”, “Z.Balayanın “Ocaq” kitabı nəyə xidmət edir?” kimi yazı başlıqları bu kitabın nə qədər əhəmiyyətli və sanballı bir əsər olduğuna dəlalət edir. Yəni Vaqif İsaoğlunun “Dərələyəz mahalım, Ağkənd elimdir” əsəri təkcə bu ad çərçivəsinə sığışıb qalmır, daha geniş dairəni əhatə edən fundamental bir əsərə çevrilir.
    Vaqif İsaoğlu bu kitabda Səlim çayı hövzəsində yerləşən hər bir kənd və yaşayış məntəqəsi haqqında ayrı-ayrılıqda əhatəli məlumat verməklə, Qərbi Azərbaycanda adları dəyişdirilərək erməniləşdirilmiş yaşayış məntəqələrinin siyahısı da verilmişdir.
    Kitabda həmçinin xatirələr, rəylər, fikirlər və fotoşəkillər yer almışdır.
    Məncə Vaqif İsaoğlunun bu maraqlı əsəri hər birimizin stolüstü kitabı olmaq statusuna malik bir kitabdır.
    “Dərələyəz mahalım, Ağkənd elimdir” kitabında mənim də Vaqif İsaoğlu haqqında bir xatirəm və bir neçə şeirim dərc olunmuşdur. Həmçinin müəllifin mənim haqqımda müəyyən düşüncələrinə də əsərdə yer verilmişdir.
    Bunlar üçün və belə bir kitabı ərsəyə gətirdiyinə görə dostum Vaqif İsaoğluna öz təşəkkürümü bildirirəm.
    Aşağıda kitaba daxil olmuş xatirəni də dərc etməyi lazım bildik.

    * * *

    BİR DOSTUN HƏSRƏTİ

    Biz qapıbir qonşu idik Vaqiv Səmədovgillə. Onun ailə üzvləri də özü kimi qayğıkeş, səmimi, qədirbilən və halal insanlar idilər. Dərdimizi-sərimizi, sevincimizi-kədərimizi birlikdə yaşayırdıq. O evin ocağının istisi bu evi qızdırardı, bu evin ləziz nəyi varsa, o evin idi. Aradan xeyli illər keçsə də, yenə o doğmalığın, o canıyananlığın yeri görünür. Elə bil daha qonum-qonşu arasında o isti ünsiyyət, o ilıq hərarət qalmayıb.
    Vaqif Səmədovun ömür-gün yoldaşı Adilə bacı da (Allah ona rəhmət eləsin!) özü kimi həlim, sadə, yüksək mədəniyyətə malik bir insan idi. Onlar bir-birlərini tamamlayırdılar. Bu qoşalıq dünyanın hələm-hələm ailəsinə qismət olmur. Yaxşı mənada qibtə olunası, nümunə göstəriləsi mehirli cütlük idilər. Uzun illər qonşu olduq, amma bir dəfə də olsun onların arasında adi bir narazılığa da rast gəlmədim. Bu, ilk növbədə, ailə başçısının öz yerində olmasının nəticəsi idi.
    Mən Vaqif müəllimin atası rəhmətlik İsa kişini, qardaşları Tofıqi və Namiqi də yaxından tanıyırdım. Onlarla mənim aramda çox böyük hörmət-izzət pərdəsi vardı. Bu, əlbəttə, Vaqiflə mənim biri-birimizə bəslədiyimiz doğ-ma münasibətdən qaynaqlanırdı.
    Vaqif Səmədov işıqlı bir insan və əsil ziyalıdır. Onun danışığından da, hərəkətlərindən də mədəniyyət və ehtiram yağır. Sanki hər sözü, hər addımı ölçülüb-biçilib. Etik normalardan kənar, əndazədən çıxan, insan könlünə toxunan heç bir xasiyyəti yoxdur. Adam onun yanında danışmağa çəkinir. Fikirləşirsən ki, birdən nəyisə səhv deyərəm.
    Vaqif Səmədov həm də təmənnasız, minnətsiz-fılansız yaşayan bir şəxsiyyətdir. Onun Tərtərdə əmək fəaliyyəti göstərdiyi 30 il ərzində haqqında xoş sözdən başqa hec nə eşitməmişəm. Hə-mişə öz sözünü üzə deyən, heç nədən çəkinməyən, haramı sev-məyən bir adamdır.
    Sovet dövrünün də öz reallıqları vardır. O vaxtlar da rüşvətxorluq, mənimsəmə, dələduzluq və digər əyri yollar mövcud idi. Lakin Vaqif müəllim belə neqativ hərəkətlərdən uzağıydı, necə deyərlər, “suyu da üfürə-üfürə içirdi”.
    Yadımdadır, mən Tərtər Rayon Xalq Nəzarəti Komitəsində işləyirdim, Vaqif müəllim isə Məktəblərarası Tədris Kombinatının direktoru idi. Nəyə görəsə bu kombinatın fəaliyyətini araşdırmaq lazım gəldi. Getdim. Vaqif müəllim öz şakərinə uyğun olaraq məni cox yüksək intellektuallıqla qarşıladı. Məsələnin mahiyyətini bildirdim. Hər cür şərait yaradıldı, inanın, araşdırmadan sonra bura gəldiyim məqsədə görə içimdə xəcalət çəkdim. Hər şey elə qayda-qanunla icra olunmuşdu ki, hər bir sənəd elə səliqə-sahmanlı idi ki, heç bir nöqsan tapa bilmədim və üzür-xahlıq edib, geri qayıtdım. Öz-özümə fikirləşdim: “İşləyəndə də belə tamahsız və düz işləyəsən ki, heç kimin yanında başıaşağı olmayasan, hamının gözlərinin içinə dik baxasan”.
    Vaqif Səmədov məktəbdə müəllim işləyəndə də belə vicdanla işləyib. O, rayonun ictimai həyatında da fəal mövqe sahibi olub.
    Vaqif müəllim dostluqda da sadiqdir və etibarlıdır. Hər adamla dost olmaz. Olanda da düz və halal dostluq edər.
    Belə adamlar Tanrı tərəfindən seçilmişlərdir, yəni Tanrıya və onun dərgahına yaxın adamlardır.
    Yaşayış yerini Tərtərdən Bakı şəhərinə dəyişdirəndən ətrafımda bir əziz dost boşluğu, bir səmimi qonşu və bir aqil insan boşluğu hiss etməkdəyəm. Bəzən belə yaxınlardan ötrü adamın lap “burnunun ucu göynəyir”. Amma neyləyəsən, bu çərxifələyin işidir, bir də tale və qismət məsələsidir.
    Eşitmişdim ki, dünya Vaqif müəllimə də arada öz sərt və amansız üzünü göstərib, o, içindən burxulub, həyatın ən acı və göynəmli zədələrini alıb. Lakin fılçəkməz bu əzab və məşəqqətlərə dözüb, özünü toplayaraq ayaq üstə qalxıb, ölümə də, dərdə-qəmə də qalib gəlib. Bu da hər adamın işi deyil. Gərək dünya ilə savaşda pələng dözümün ola, Vaqif Səmədov kimi.
    …Son zamanların söhbətidir. Iş yerində idim. Qapı döyüldü.
    — Buyurun, dedim.
    Qarşımda Vaqif müəllimi görəndə heyrətimdən dondum. Uzun illər idi ki, görüşmürdük, inanın, itirdiyini tapan uşaq kimi ürəyimi bir sevinc bürüdü. Gözlərimə inanmasam da, zaman-zaman həsrətini çəkdiyim dostumla üzbəüz dayanmışdım….
    Oturduq, dərdləşdik. Dünyadan aldığımız ağır zərbələrin izləri hər ikimizin üz-gözündə və hərəkətlərində hiss olunsa da, şükranlıqla: “Nə yaxşı ki, görüşdük”
    – dedim.
    Və ayrıldıq…
    İndi də Vaqif Səmədovun hər zəngi mənim üçün dost həsrətini bir az ovudan soraqdı. Tanrı onun köməyi olsun!

    Müəllif: Redaktor, 10:28

    Teqlər:

İsmarıclar bağlıdır.