Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20İyl

    новый-1Texnik elmlər doktoru, professor Rasim Fərrux oğlu Axundovu neçə illərdir ki, tanıyıram. Hərdən müştərək elmi tədqiqatlar da aparmışıq. O həm gözəl alim, dost, həm də dəyərli bir nəslin yadigarıdır. Bu yaxınlarda Rasim müəllimin öz ailə üzvlərinin–valideynləri və bacı-qardaşlarının həyatına həsr etdiyi, “Keçmişə nəzər salanda…” kitabını oxudum.
    Kitabın məndə buraxdığı təəssüratları əziz oxucularla bölüşməyi özümə borc bildim. Valideynlərini xatırlayaraq Rasim müəllim onların yüksək əxlaqi keyfiyyətlərindən söz açır. Övladlarına həmişə düzlük, xeyirxahlıq, fədakarlıq, səmimiyyət öyrətməyə çalışan bu insanlar, şübhəsiz, öz məqsədlərinə tamamilə nail olmuşlar.
    Atası Fərrux Axundov ali təhsil almasa da, dövründə xalqının, vətəninin gələcəyi naminə böyük işlərə imzalar atmış ziyalılarımızdan olmuşdur. Orta pedaqoji və tibbi təhsili olduğundan Gəncənin və Qarabağın müxtəlif rayonlarının, o cümlədən Tərtərin kəndlərində eyni zamanda həkim və müəllim kimi fəaliyyət göstərmişdir. Təbiətcə sakit, səbirli, qayğıkeş, barışdırıcı adam olan Fərrux müəllim övladlarına və şagirdlərinə qarşı daima tələbkar və prinsipial olmuşdur. Müxtəlif mənbələri ardıcıl olaraq izləməklə öz üzərində çalışan, bilik səviyyəsini durmadan artıran Fərrux müəllim yeni dərs materiallarını şagirdlərinə öz pedaqoji məharətinə əsaslanan metodlarla mənimsədərmiş, elmin, biliyin böyük dəyərini anladaraq şagirdləri yeni biliklərin mənimsənilməsinə ruhlandırarmış.
    Tibb məntəqələrinin təchizatının aşağı səviyyədə olmasına baxmayaraq, Fərrux həkim xəstələrin tezliklə şəfa tapması üçün əlindən gələni edərmiş. Bunlardan əlavə Fərrux Axundov Tərtərin bir sıra kəndlərində yeni məktəblərin açılmasına da xeyli əmək sərf etmişdir.
    Beləliklə, Fərrux Axundov pedaqoji və tibbi fəaliyyətini paralel şəkildə apararaq öz doğma xalqına yüksək səviyyədə xidmət göstərmişdir.
    Fərrux Axundov həm də gözəl el ağsaqqalı olmuşdur. Yaranmış bir sıra konfliktlərin həllində ağsaqqal sözünün eşidilməsi sayəsində arada etibarlı barış yaratmışdır. Tanınmış ziyalı, el ağsaqqalı olmasındadır ki, Qarabağa ezamiyyətə getmiş o zaman Səhiyyə Naziri vəzifəsində çalışan professor Əziz Əliyev maşınını birbaşa Fərrux müəllimin həyətinə sürdürmüş, onun süfrəsində çörək kəsmişdir.
    Özünü, vaxtını işinə bu qədər verməsi nəticəsində Fərrux müəllimin uşaqlarının tərbiyəsi ilə məşğul olmağa vaxtı qalmırdı. Odur ki, övladların təlim-tərbiyəsi ilə əlaqədar bütün işlərin ağırlığı xanımı Maya Axundovanın üzərinə düşürmüş. Dünyaya on uşaq gətirmiş, onları boya-başa çatdırmış “Qəhrəman ana” Maya xanım əslində tam savadsız idi. Heç bir yazı-pozu bacarmırdı. Bununla belə, Maya xanım öz qayğıkeşliyi, şəfqəti, eyni zamanda inadlı tələbkarlığı və yeri gələndə sərtliyi ilə övladları üçün mükəmməl bir həyat məktəbi olmuş, onların tərbiyəli böyüməsini və dərslərini yüksək qiymətlərlə oxumasını təmin etmişdir.
    Valideynlərin böyük səyi, düzgün tərbiyə verməsi sayəsində uşaqların hamısı ali təhsil almağa müvəffəq olmuşdur. Qızlar ali təhsillə fəaliyyət göstərərək cəmiyyətimizə xidmət etmişlər. Oğlanlardan biri (Əzim Axundov) elmlər namizədi alimlik dərəcəsi almaqla kifayətlənsə də, digərləri (Qasım, Kazım, Nazim, Səlim, Rasim) ömürlərini elmin inkişafına həsr edərək elmlər doktoru oldular, professor elmi adı qazandılar. Onların elmi araşdırmaları İttifaq miqyasında, hətta xarici ölkələrdə də böyük rəğbət qazanmışdır. Mənimçün olduqca xoşdur ki, bu qardaşların hamısı ilə tanışlığım olmuşdur. O zaman İttifaqda ən nüfuzlu orqan olan “PRAVDA” qəzeti də bu ailədə yetişən övladların uğurlarını vaxtilə yüksək dəyərləndirmiş və onlar barədə yazılmış “Ondurlar, hamısına da, əhsən” başlıqlı məqaləsinə birinci səhifəsində yer ayırmışdır.
    Belə bir gözəl ailənin yadigarı olan dostum Rasim müəllimə cansağlığı və yeni-yeni uğurlar diləyirəm! Valideynlərinə və bacı-qardaşlarına isə Allah rəhmət eləsin!

    Fəxrəddin Əskərov,
    AMEA-nın A.İ.Qarayev adına Fiziologiya institutunun laboratoriya müdiri, Biologiya üzrə elmlər doktoru, professor

    Redaksiyadan: Fərrux Axundovun ailəsi uzun müddət Tərtər rayonunun Azadqaraqoyunlu kəndində yaşamışdır. Fərrux müəllim və onun ömür-gün yoldaşı Maya xanım Tərtər şəhər qəbiristanlığında dəfn olunmuşlar.

    Müəllif: Redaktor, 10:13

    Teqlər:

İsmarıclar bağlıdır.