Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28İyl

    1416831624164267737547322882111dTOFİQ BAYRAM

    Bacım Elmiraya ithaf edirəm

    Duvağa bürünüb yola düşürsən,
    Qonşular telinə çiçək bağlayır.
    Ay bacım, sən haldan-hala düşürsən,
    “Vağzalı” çalınır, anam ağlayır.
    ***
    O, nələr etmədi, toyunda nələr,
    Bu həsrətin yeri nə tez bilindi?
    “Vağzalı” çalınır, son dəqiqələr…
    Özgə bir yuvaya köçürsən indi.
    ***
    Köçürsən üzüağ, məğrur, həyalı,
    Gedirsən könlünü verdiyin yerə.
    Buydu anamın da fikri-xəyalı,
    Bəs niyə kövrəlir o, birdən-birə?
    ***
    Ortada quş kimi süzür gəlinlər,
    Qızlar oğrun-oğrun yar soraqlayır.
    Gülür, fərəhlənir toya gələnlər,
    “Vağzalı” çalınır, anam ağlayır.
    ***
    Xeyir-dua verir kiçik bacılar,
    Dərindən ah çəkir böyük qardaşım.
    Atanı dövrəyə alır qocalar,
    Qapıya söykənir bəzəkli maşın.
    ***
    Göz yaşı inci tək qonur sinənə,
    Getmək istəyirsən, o qucaqlayır.
    -Ay qızım, xoşbəxt ol! – Söyləyir sənə,
    -“Vağzalı” çalınır, anam ağlayır.
    ***
    Bir evdən, bir evə səadət gedir,
    Biri yola salır, biri səsləyir.
    Bir ana qızını burda ləngidir,
    Bir ana həsrətlə gəlin gozləyir.
    ***
    Otaqda boş qalır gümüş çarpayın,
    Küncdə bir kitabı yel varaqlayır.
    Naxışlı fincanda soyuyur çayın,
    “Vağzalı” çalınır, anam ağlayır.
    ***
    Ona təskinlik də gərək deyildir,
    O göz yaşlarında sevinc var, bacım.
    Səadət həmişə gülmək deyildir,
    Ana qız toyunda ağlayır, bacım.
    ***
    Gedirsən ən şirin arzu-kam kimi,
    “Vağzalı” çalınsın, get yavaş-yavaş.
    Dünyada hər ana öz anam kimi,
    Bircə toy günündə ağlayaydı kaş!

     

    Müəllif: Redaktor, 11:27

    Teqlər:

İsmarıclar bağlıdır.