Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28İyl

    semsirrEVDƏ

    AŞIQ  ŞƏMŞİR

    Cavanlar oynaşır yalda-yamacda,
    Mən də pəncərədən baxıram evdə.
    Qıçım tutmur qocalığın əlindən,
    Yandırıb qəlbimi, yaxıram evdə.
    ***
    Tərlan könül şikar almış sar kimi,
    Soluxuram şaxta vurmuş bar kimi.
    Xəstə üçün gətirilmiş qar kimi,
    Əriyib ocağa axıram evdə.
    ***
    Yoxuş olub indi mənə dolayım,
    Hanı başımdakı məclis, olayım?
    Elə bil sürtülüb gedib qalayım,
    Köhnə qazan kimi paxıram evdə.
    ***
    Şəmşirəm, ağarıb saçım-saqqalım,
    Hər şeydən bir qədər pozulub halım.
    Yorulmuş ovçuyam, qaçmış maralım,
    Tüfəngi yalandan çaxıram evdə.

    HARDAN ALIM

    Qocalıq əl verib, vurulub təbib,
    Dağ cayı axımlı söz hardan alım?!
    Gəzirəm, cavanlıq kecmir əlimə,
    Qəddi-qamətimi düz hardan alım?!
    ***
    Hər bir fəslin öz vədəsi, vaxtı var,
    Göz görəndə könul onu arzular.
    Bahar lalə açar, qış yağdırar qar,
    Yayın isti günü buz hardan alım?!
    ***
    Eşqi-məhəbbəti xəyalım andı,
    Qocalınca sanmayın ki, asandı.
    Şeirim şit olsa da, qocalıqdandı,
    Quzuqulağı yoxdu, duz hardan alım?!
    ***
    Cahanda can saxla, el misalıdı,
    İnsanın səadət pak iqbalıdı.
    Paylanan bir anbar azalmalıdı,
    Məcbur edirsiniz siz, hardan alım?!
    ***
    Gün az qalıb dağ başını yaxmağa,
    Şəmşirin göz yaşı dolub axmağa.
    Göy çəmənli oylaqlara baxmağa
    Növrəstə işıqlı göz hardan alım?!

    Müəllif: Redaktor, 11:34

    Teqlər:

İsmarıclar bağlıdır.