Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Avq

    DİL XALQIN ADIDIR, XALQIN ÖZÜDÜR

    1368357933_ana_dilimDil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən güclü vasitədir. Ana dili! Nə qədər möhtəşəm, nə qədər müqəddəs, əzəmətli bir qüvvə!
    Ana dili! Bir dil ki, mehriban bir vücud öz şəfqət və məhəbbətini o dildə bəyan edir.
    Füzuli zirvəli, Vaqif vüqarlı,
    Mənim Qorqud dilim, Ələsgər dilim.
    Ömrümün naxışı, bəxtimin xalı,
    Dadda, şirinlikdə bal, şəkər dilim!

    Bu dildə şeir də, mahnı da gözəldir. Bu dil zərifdir, incədir, ecazkardır. Nəsimi dözümlü, Füzuli kədərli, Səməd şöhrətli, Bəxtiyar ünvanlı ecazkar dilim.
    Mənim dilim əsrlər boyu inkişaf edərək, zamanlardan süzülə-süzülə gəlmiş, kamil bir dilə çevrilmişdir. Bu incə və lətafətli dil bütün dövrlərdə öz gözəlliyi və şirinliyi ilə dünya dillərinə meydan oxumuşdur.
    Azərbaycan dilinin formalaşma tarixi VII-IX əsrlərə təsadüf edir. Hələ qədimdən, orta əsrlərdən insanlar “Doğma vətəndən gözəl, doğma dildən şirin dünyada heç nə yoxdur” amalı ilə döyüşə qalxmışlar.
    XVIII əsrdən başlayaraq Azərbaycan dili zənginləşdi, inkişaf etdi və yaşadı.
    Dilimiz zaman-zaman qol-qanad açdı, elm dili, sənət dili kimi daha da inkişaf səviyyəsinə yüksəldi. Səfəvi hökmdarı şah İsmayıl Xətai Azərbaycan türk dilinin dövlət dili səviyyəsində istifadə edilməsini ilk dəfə olaraq həyata keçirdi.
    Xətai taxtında sən fərman oldun,
    Dillərə hökm edən qəhrəman oldun.

    Ana dili xalqın özüdür. Dil yoxdursa, xalq yoxdur, xalq yoxdursa, dil yoxdur. Dil insan ürəyinin güzgüsü, kamilliyinin açarıdır. Dili yaşadan, inkişaf etdirən onun mənsub olduğu xalqdır.
    Bu səbəbdən də 1 avqust ölkəmizdə ən əziz günlərdən biri kimi qeyd olunur.
    Dil, millətin simasını səciyyələndirən amillərdən biri, onun sərvətidir. Millətin dilinin dövlət dili statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu, millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda dilinin zənginliyinin sübutudur.
    Azərbaycan dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması ana dili- mizin gözəl bilicisi, mahir natiq Ulu Öndər Heydər Əliyevn dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.
    Ulu Öndərimiz ikinci dəfə– 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Azərbaycan dili yeni bir mərhələyə qədəm qoydu. 1995-ci ilin 12 noyabrında qəbul edilmiş müstəqil dövlətimizin ilk Konstitusiyası ilə Azərbaycan dili Azərbaycan Respublikasında Dövlət dili kimi təsbit olundu. Bu, Ulu Öndərimizin Ana dilimizə dəyişməz mövqeyinin daha bir parlaq nümunəsidir.
    Dil xalqın adıdır, xalqın özüdür.
    Dilin ixtiyarı xalqdadır ancaq!

    Milli lider Ana dili haqqında deyirdi: “Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini, Azərbaycan di-lini, dövlət dilini mükəmməl bilməlidir”.
    “Dövlət dili işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli fərman yeni əlifbaya keçidin, 2001-ci ilin avqustuna kimi ölkədə bütünlükdə təmin edilməsi Ulu Öndərin öz doğma dilinə bağlılığını bir daha sübut etdi.
    2001-ci ilin 9 avqustda imzaladığı “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərmana əsasən hər il 1 avqust Azərbaycan Respublikasında Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur.
    2002-ci il 30 sentyabr tarixində “Azərbaycan Respublikasında Dövlət dili haqqında Azərbaycan Respublikasının Qanunu”nun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdiril-məsi istiqamətində daha bir addımdır.
    Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dilimizə və dilçiliyimizə böyük qayğı göstərir.
    Gəlin dilimizi qoruyaq, ona hörmət edək, onu yabancı sözlərlə korlamayaq. Ana dilimizə övlad sevgisi ilə yanaşaq. Çünki
    Dilimiz varlığımızdır.
    Dilimiz böyüklüyümüzdür.
    Dilimiz birliyimizdir.
    Dilimiz dünənimiz, sabahımız, bugünümüzdür.
    Ana dilimiz çox qiymətli əmanətdir. Əmanətə sədaqət isə hər birimizin borcudur.

    Zoya Quliyeva,
    Umudlu kənd tam orta
    məktəbinin dil-ədəbiyyat müəllimi

    Müəllif: Redaktor, 10:35

    Teqlər:

İsmarıclar bağlıdır.