Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Avq

    (Satirik qələmlə)

    20138161115“Yalançı Allahın düşmənidir”, “Yalan, Allah yanında ən böyük günahlardan-dır”, “Yalançının evi yandı, heç kim inanmadı”, “Yalançı dəyirmandan başı unlu gəldi, inanmadılar”, “Yalançının vicdanı olmaz”, “Yalan ayaq tutar, amma yeriməz”, “Yalanla qurulan ev tez dağılar”, “Yalançını mənzilinə qədər qovarlar”…
                                                               * * *
    Yalan haqqında bu hikmətli sözlər zamanın sınaqlarından keçib gələrək bu günümüzə çatıb və hər birində böyük bir ibrətamizlik var. Amma… İndiki zamanda kimdir ki, belə ağıllı kəlamlara əhəmiyyət verən?! Yalan olmasın, hamı yalan danışır. Ər arvadını aldadır, arvad ərini, qardaş bacını aldadır, bacı qardaşı, valideynlər övladlarını, övladlar valideynlərini, ailədə hamı bir-birinə yalan danışır. Cəmiyyətdə bir çox hallarda məmur vətəndaşa yalan danışır, vətəndaş məmura. Beləliklə aldatma vərdişləri get-gedə kütləvi hal almağa başlayıb. Artıq bu patoloji xəstəlik genişlənərək çox təbəqələri öz təsiri altına alıb. Elə adamlar var ki, yalan danışmaq üçün, kimsə girəvəsinə keçməsə, özü-özünə yalan danışır. Sanki yalançılıq irsən keçmə və genetik bir məsələ olub. Elələri var ki, elə bil yalan danışmasa, yaşaya bilməz. Bu bəla artıq elə bil həyat tərzinə çevrilib. Adam çaş-baş qalır. Özün-özündən soruşursan: “Nə üçün yalan danışırlar? Bu onlara hansı faydanı verir? Nə onları vadar edir ki, durduqları yerdə yalan danışsınlar?”. Bu suallar cavabsız qalır.
    Yaradan bir neçə şərt daxilində yalançını əhv edə bilir: Əgər o yalan kiminsə nahaqdan ölümünün qarşısını alarsa, ailənin dağılmasını dayandırarsa, müharibəyə mane olarsa və s… Belə yalanlara “xeyir-xah yalanlar” da demək olar. Lakin digər hallarda yalandan da iyrənc, rəzil, alçaq bir şey yoxdur. Və dərd orasındadır ki, bəziləri elə yalan uydurur-lar, üstü həmin an, yaxud 3-5 dəqiqə sonra əlbəəl açılır, faş olur. Amma bu da həmin yalançılara öhd olmur, yenə öz “kərdilərini sulayırlar”, ayıb bilmirlər, abır-həya qanmırlar. Və çox qəribədir, belə adamlar özlərini elə aparırlar ki, guya bir az əvvəl danışdığı yalanın üstündə bədnam olan bu adam deyil. Deməli, artıq onların üzləri tüpürcəyə öyrənib.
    Özüm şahidi olmuşam: Zalda iclas zamanı bir idarənin müdirindən soruşurlar: “Filan işi gördünmü?”. Ayağa qalxıb deyir: “Bəli, gördüm”. Halbuki zalda oturanların hamısı bilir ki, həmin adam o işi görməyib, yalan danışır. Çox təəccüblüdür ki, bu yüz neçə nəfərdən biri durub demir ki, a kişi, (və yaxud ay xanım) niyə yalan danışırsan? Utanmırsan?! Ayıb deyil?! Ona görə demirlər ki, onsuz da onlar da belə yalan danışacaqlar və onda deməsinlər ki, sən niyə yalan danışırsan? O da var ki, gərək yalan danışanda heç olmasa elə əsaslandırasan ki, gerçəyə oxşasın. Daha “ağ yalan” yox da!
    Əhvalat. Kiçik qardaş görür ki, böyük qardaşı hər yerdə yalan danışır, amma hamı ona inanır, hörmət eləyir. Öz-özünə fikirləşir: “Mən niyə yalan danışıb, qardaşım kimi hörmət qazanmıram?”.
    Bir gün camaatın gur yerində deyir:
    –Ay camaat, dünən göydə bir küçük zingildəyirdi.
    Adamlar yığışıb bunu təpəqapaz edirlər ki, sən gicsən, dəlisən, nəsən, göydə də küçük olar?
    Böyük qardaş uzaqdan görür ki, qardaşını döyürlər. Onlara yaxınlaşıb məsələni öyrənir və deyir:
    –Ay camaat, onu döymüyün, burada nə var ki, əlbət bir qaraquş bir it küçüyünü caynağına alıb göyə qaldırıb, o da göydə zingildəyirmiş.
    Adamlar bu sözlərə inanıb kiçik qardaşı buraxırlar.
    Sonra böyük qardaş kiçiyə deyir:
    –Ayə, yalanı elə danış ki, ona inansınlar.
    İndi dünyanı bürüyən yalançılıq hər yerə sirayət edib, kimin inanıb-inanmadığı heç veclərinə deyil. Yetər ki, yalan danışsınlar. Ermənistanın quldur rejiminin başında duranlar kimi. Bütün bəşəriyyət bilir ki, işğalçı Ermənistan yalan danışır, amma… O yalançı qardaş kimi həyasızcasına elə yalanlar uydurur ki adamın matı-qutu quruyur. Bu yalanlar həm “ağ yalan”lardır, həm də “quyruqlu”. Bəzi dövlətlər isə bu isbata ehtiyacı olmayan ciddi məsələyə ikili nizam-tə-rəzi müstəvisindən baxır və reallığa qəsdən göz yumurlar, Ermənistanın şərəfsiz və alçaq şantajlarını dəstəkləyirlər. Onların abırsızcasına Azərbaycan xalqına atdıqları şər və böhtanlar düşmənçilik münasibətindən başqa bir şey deyil. Bunu aydın görmək üçün bir neçə adi suala cavab axtarmaq kifayətdir. Məsələn, zaman-zaman kim-kimin torpaqlarını işğal edib? Kimlər Qərbi Azərbaycanın mahallarında günahsız insanları min-bir faciə ilə qətlə yetirib və etnik təmizləmə aparıb? Kimlər Bakı, Quba, Şamaxı və Azərbaycanın bir çox şəhər və kəndlərində qanlı qırğınlara səbəb olub? Və nəhayət, kimlər yer üzündə görünməmiş Xocalı qətlamına fətva verib? (O zaman hətta bizim qəzetlər də Xocalıda cəmi 2 nəfərin öldürüldüyünü yazdılar. Halbuki uşaqlı-böyüklü 613 nəfər Xocalı sakini vəhşicəsinə öl-dürülmüşdü. Yalanın həddinə baxın!).
    Erməni yalanları faş olsa da, onlara layiq olduqları bir şapalaq ilişdirən yoxdur ki, o gün Füzulidə körpə bir qızı–Zəhranı və onun nənəsini öz doğma ocaqlarında niyə öldürdünüz?! Onların günahları nəydi?
    Yalanla riyakarlıq biri-biri ilə ekizdir, əclaflıqla alçaqlıq kimi.
    …Mən də bir neçə tanışdan biryolluq üz döndərmişəm, yalan danışdığına görə. Fikirləşməmişəm ki, o boyda döv-lətlərin yalanı yanında, bəzi adamların yalan danışması nə böyük işdir ki?!

    Tofiq Yusif

    Müəllif: Redaktor, 11:11

    Teqlər:

İsmarıclar bağlıdır.