Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31Avq

    kirpii_jurnaliDSC_4489ÇAYXANA QİYBƏTLƏRİ

    “Bala Kirpi” yaman darıxırdı. Bekarçılıq onu təmiz tıncıxdırmışdı. Bilmirdi ki, hara gedib başını girlətsin, bu ağırayaq vaxtı necə öldürsün.
    Gözünü açanda gördü ki, “Köhnə univermağ”ın yanındakı çayxanadadır. Bura əməlli-başlı tünlük idi. Səs-küy qarışmışdı biri-birinə. Nərdtaxda şaqqıldadan kim, domino çırpan kim, qiybət qıran kim… Ağız deyəni qulaq eşitmirdi.
    “Bala Kirpi” fikirləşdi: “Bu adamların ayrı işi-gücü yoxdurmu? Nəyə görə ya evdə, ya çöldə bir işin qulpundan yapışmırlar, günlərini beləcə havayı keçirirlər? Düşünmürlərmi ki, nə gedirsə ömürdən-gündən gedir?”
    Yayın isti günü olduğundan hamı çöldə ağacların kölgəsinə qoyulmuş çayxana stollarının ətrafında “məzə qılırdı”. “Bala Kirpi” ha göz gəzdirdi, boş bir oturacaq görmədi. Bu ara ortada qoyulmuş stolun ətrafından bir nəfər durub getdi. Yerin boşaldığını görən “Bala Kirpi” özünü tələsik həmin boş stula yetirib əyləşdi. Bundan sonra ətrafdakılara salam verdi. Bu stolda da şıdırğı çayxana qiybəti gedirdi. Biri yana-yana danışırdı:
    –A kişilər, bazara ayaq qoymalı deyil. Hər şeyin qiyməti od-tutub yanır, tamahlar vurub-çıxıb kəllə-çarxa. Pendirə, qatığa, südə yaxın düşüləsi deyil. Adi göy-göyərtinin də qiymətini hər gün qaldırırlar, süni bahalıq yaradırlar. Ətin 1 kilosu 11 manata qalxıb, bir “detdom cücəsi”ni 6-7 manatdan aşağı vermirlər. Dünən 20 qəpiyə aldığın kişnişin dəstəsini bu gün 40 qəpiyə deyirlər. Soruşanda da xataya düşürsən. O dəqiqə qışqırırlar ki, benzinin qiyməti qalxıb, ona görə hər şey bahalanıb.
    “Bala Kirpi” söz atdı:
    –Toyuq da benzinlə işləyir? Yoxsa yumurtlayanda benzin sərf olunur. Bəlkə qoyunlar yanacaqsız otlamağa getmirlər?
    Bu atmacalar cavabsız qaldı.
    Başqa birisi dindi:
    – Qardaş, ağzında bazar deyirsən, orda hər şey ola bilər. Bəs bu apteklərə niyə heç fikir verən yoxdur? İki gündən bir televizorda elan edirlər ki, Taarif Şurası dərmanların qiymətlərini tənzimləyən qərar qəbul edib. Biz də fikirləşirik ki, pəh-pəh, nəhayət ki, bu özbaşınalığa son qoyuldu. Sevinə-sevinə aptekə yollanırıq ayıb olmasın, məsələn, qarın ağrısı dərmanı istəyirik. Qiymətini eşidəndə görürük ki, dünənkindən bahadır. Üz tuturuq o biri apteklərə, baxırıq ki, eyni dərmanların qiymətləri müxtəlif apteklərdə müxtəlif cürdür. Yəni hər kəs öz istədiyi qiyməti dərmanın üstünə qoyub, dədəsinin malı kimi satır. Adam qalır mat-məəttəl ki, bu nə təhər qiymət tənzimlənməsidir? Bəlkə hər aptekdə qiymətlər ayrıca “tənzimlənir”? Soruşmaq da olmur ki, niyə belədir? Adamı günahkar çıxardırlar. Mərc üçün durun gedək apteklərə, eyni dərmanın qiyməti. heç olmasa, iki aptekdə biri-birinə uyğun gəlsə, mənə nə deyirsiz deyin. Bu günlərdə iş yoldaşlarımdan birinə həkim resept yazmışdı. Apteklərin birində həmin reseptdəki dərmanların qiymətini hesablayarkən 90 manat, digərində 70 manat, üçüncüdə isə 60 manat demişlər
    “Bala Kirpi” replikasından əl çəkmədi:
    – Qağa, aptek onundur, neçəyə də istəyir dərmanı satır, sənə nə? O bir misal var ey, deyirlər: “Kravat mənimdir, üstündə yatmıram, altında yatıram, kimə nə dəxli var?.”
    Qarşıdakı adam bu sözü yemədi:
    – Dərmanları da o özü istehsal eləyir, yoxsa babasından qalma-dır?
    “Bala Kirpi” susdu. Sözün gerisinin yoğun olmasından qorxdu.
    Bu ara üçüncü kişi söhbətə qoşuldu:
    – Qatıqdan, pendirdən, dərmandan danışırsınız, amma ərzaq ma-ğazalarındakı acınacaqlı vəziyyətdən danışmırsınız. Buralarda da eyni malların müxtəlif məzənnələri var, çəkidə aldatma halları baş alıb gedir. Hər yerdə antisanitariya vəziyyəti tüğyan eləyir. Camaata zay və vaxtı keçmiş məhsullar satılır. Ümumiyyətlə, mağazalara heç bir nəzarət – filan yoxdur. Ona görə də özbaşınalıqdır. Kim necə istəyir, nəyi istəyir alıb satır. Bunlara bir “qulaqburması” verən niyə tapılmır?
    “Bala Kirpi” yenə söz atdı:
    – Əlbət “qulaqburması” verməli olanların özlərinin “qulaqlarını bururlar”.
    Bayaqdan bəri dinməz–söyləməz oturub söhbətlərə sakit-sakit qulaq asan dördüncü kişi nəhayət ki, dilləndi:
    – Siz səhərdən eşşəyi qoyub qıraqda palanı döyəcləyirsiniz. A kişilər, özünüz də şahidsiniz ki, son illər Tərtər güllü-çiçəkli, yaşıllıqlar qoynunda süslənən gözəl bir məkana çevrilib. Adam bu rayonu gəzdikcə həzz alır. Hər yan abadlaşır, küçələr asfaltlanır, binalar təmir olunur, parklar, xiyabanlar salınır. Cəbhə bölgəsində bu gözəlliyi və rahatlığı yaratmaq hər adamın işi deyil. Amma… Amması da odur ki, Tərtər rayon Su-Kanal İdarəsinin müdirlik taxtında ki-minsə hesabına əyləşən Elnur Abbasov var ha, bax o neylədisə, şəxsi həyətlərdən daha su gəlmədi və həyətlərdə olan yaşıllıqlar susuzluqdan yanıb qurumağa başladı. Bir tərəfdən yayın bu isti günlərində ermənilər Sərsəng və Madagiz su anbarlarından gələn suyun qarşısını kəsib, rayon əhalisinə və təsərrüfatlara ziyan vurur, digər tərəfdən də Elnur Abbasov. Şəhərdə rayon rəhbərliyi tərəfindən tikdirilmiş bir çox gözəl bulaqlar da indi susuz qalıb. Soruşanda da deyir ki, mənlik deyil, “Azərsu” tərəfindən tapşırıq belədir ki, sayğac qoyulsun, kimsə suyun pulunu ödəsin, sonra bu bulaqlara su verilsin.
    “Bala Kirpi” dözə bilmədi:
    – Ay qağa, o su idarəsinin müdiri kimdirsə, bu məsələni özü həll etməlidir də! Şəhərin küçələrində camaat içməyə bir qaşıq su tapmır, axı…
    Söhbət hərləndı-fırlandı, gəlib çıxdı çörək bişirən sexlərin üstünə. Bu sexlərdə hökm sürən natəmizlikdən, çəkinin düz olmamasından danışandan sonra elə çayxanalardakı yarıtmaz xidmətdən də söz açıldı. Sonra qanunsuz “xaltura edən” sürücülərin kobud və nataraz hərəkətlərindən, DAM işçilərinin belə hallara göz yumduqlarından hətta camaatın şəhərin küçələrinə tökdükləri zir-zibilə qədər qiybət etdilər. Daha sonra sahibsiz küçə itlərindən tutmuş yaşıllıqlarda mal-qoyun otarıb ziyan vuranlaradək danışıq uzanıb getdi. Hətta “Yeni Tərtər” qəzetinin abunə məsələsinə də toxundular…
    “Bala Kirpi” gördü ki, “bu xəmir çox su aparacaq”, sakitcə durub aradan çıxdı.

    Qələmə aldı: Tofiq YUSİF

    Müəllif: Redaktor, 10:36

    Teqlər:

İsmarıclar bağlıdır.