Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31Avq

    DSC_4503DSC_4511Zeynəb Hüseynzadə rayonumuzun məşhur əmək adamı, Sosialist Əməyi Qəhrəmanı, Lenin ordenli Zeynəb Əhmədovanın nəticəsidir. O, bu il Naxçıvan Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olub.
    Zeynəb deyir:
    –Nənəm Tərtərin fəxri olub. Şəhərimizin küçələrinin biri onun adını daşıyır. Uzun illər unudulmamasının səbəbi isə həm zəhmətsevərliyi, həm də el üçün yanmasıdır. Görünür, valideynlərim bu adı mənə verəndə, məhz belə bir Zeynəbi görmək istəyiblər. Onların etimadını doğrultmağa çalışacağam.
    Bəs, nəyə görə məhz jurnalist olmaq istədin?–deyə soruşuram.
    O deyir:
    –Atam II qrup əlildir. Əmək qabiliyyəti yoxdur. Anam isə ibtidai sinif müəllimidir. Ailədə üç uşaq olmuşuq. Gözümü açandan çətinliklər görmüşəm və düşünmüşəm ki, nə zamansa bunların hamısını qələmə alacağam. Onda hələ bilmirdim ki, bu, jurnalist peşəsidir. Böyüdükcə arzum da böyüdü. İndi çox sevinirəm. Arzuma aparan yolun astanasındayam.
    İki dəfə Zeynəblə qəbul imtahanlarından sonra, qabiliyyət imtahanı ərəfəsində görüşmüşdük. Redaksiyamıza gəlib jurnalist olmaq istədiyini bildirdi. Biz də ona bu peşənin məsuliyyətindən, qədimliyindən və bu gün dövlət tərəfindən jurnalistlərə verilən dəyərdən danışıb, uğurlar arzuladıq.
    Budəfəki gəlişində Zeynəbin sevinci yerə-göyə sığmırdı. Qabiliyyət imtahanı zamanı “Həqiqi jurnalist necə olmalıdır” mövzusunda inşanı müvəffəqiyyətlə yazıb, tələbə adını qazanıb. Zeynəb redaksiyamıza anası Mehriban xanım və qardaşı Rəşadla gəlmişdi. Qeyd edək ki, iki il əvvəl qəzetimizdə Rəşadın da uğurlarından söhbət açmışdıq. Belə ki, həmin vaxt Azərbaycan Turizm və Menecment Universitetinin turizm və otelçilik fakültəsinin tələbəsi olan bu baca-rıqlı gənc tələbələrin “Mən azərbaycanlıyam” televiziya yarışmasında qalib, qaliblərin qalibi və ilin qalibi kimi II yerə çıxaraq, həm tərtərliləri, həm də təmsil etdiyi universitetin kollektivini çox sevindirmişdi.
    Bu il isə Rəşad universiteti bitirərək, Gəncə Dövlət Universitetinin Beynəlxalq Turizm və Ölkəşünaslıq fakültəsinin magistraturasına daxil olub. Ailədə indi iki-qat sevinc yaşanır.
    Zeynəb ibtidai siniflərdə ona dərs demiş Səidə, sinif rəhbəri olmuş İradə müəllimlərə, şəhər 5 saylı tam orta məktəbin bütün müəllim kollektivinə dərin minnətdarlığını bildirdi. Və sonda dedi:
    –Biz gənclərə belə gözəl şərait yaratdığına görə bu il tələbə adını qazanmış bütün yoldaşlarım adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə “çox sağ olun” deyirəm. Qədim Naxçıvan torpağında, Ulu Öndər Heydər Əliyevin Vətənində təhsil alacağımı düşünəndə, sonsuz qürur hissi keçirirəm. Var qüvvəmlə çalışacağam ki, etimadı doğruldum”.
    Biz də “Yeni Tərtər”in adından gələcək həmkarımızı tələbə adı qazanması münasibəti ilə təbrik edirik.

    Svetlana BAĞIROVA

    Müəllif: Redaktor, 10:53

    Teqlər:

İsmarıclar bağlıdır.