Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 08Sen

    ZƏHMƏT VƏ QAYĞI İLƏ DOLU GÜNLƏR

    000jjBu dəfə yolumuz Qazyan və Yuxarı Qapanlı kəndlərinədir.şmənlə təmas xətti boyunca yerləşən bu kəndlərin əhalisi Dağlıq Qarabağ münaqişəsi başlayandan müharibə şəraitində yaşayır. Amma ilk baxışda bu, hiss olunmur. Hər yerdə olduğu kimi, burada da sakinlər əkib-becərir, öz qayğıları ilə yaşayırlar.
    Müsahibimiz Qazyan kənd İƏD üzrə nümayəndə Azər Cabbarovdur. Azər müəllim o insanlardandır ki, onlar haqqında pafos xatirinə yox, sözün həqiqi mənasında deyirlər ki, həyatını doğma kəndinə həsr edib. Müharibənin ağrı – acısını, əzab-əziyyətini həmkəndliləri ilə birgə yaşayıb, xoş günlərində onlarla bir yerdə olub.

    İndi kənddə təsərrüfat işlərinin ən qaynar çağı olduğundan, söhbətimizə də elə bu mövzudan başladıq. Öyrəndik ki, ərazidə, yəni Qaynaq və Yuxarı Qapanlı kəndlərində bu il rekord miqdarda – 458 hektar sahədə pambıq əkilib. Ötən il bu rəqəm cəmi 60 hektar təşkil edirdi. Bundan əlavə, 259 hektarda çuğundur, 14 hektarda sorqo əkilib, 200 hektarda isə yoncalıqlar yerləşir. Arpa və buğda biçini də müvəffəqiyyətlə başa çatıb. 79 hektar arpa zəmisinin hər hektarından 29, 56 hektar buğda sahəsinin hər hektarından isə 34,9 sentner məhsul götürülüb.“Ağ qızıl”ın ağ taleyi
    DSC_4615Qazyan kəndinin ən təcrübəli fermerlərindən olan Suliddin Ələkbərovla əvvəlcə icra nümayəndəsinin otağında görüşüb, bizə lazım olan məlumatları götürdük. Elə buradaca bəzi suallarımızı fermerin müqavilə bağladığı “MKS” İK Məhdud Məsuliyyətli Cəmiyyətin aqronomu Şamo müəllim cavablandırdı.
    Hər iki mütəxəssisin (Suliddin müəllim də ali təhsilli kənd təsərrüfatı işçisi, həm də bələdiyyə sədridir) dediyinə görə, əvvəlki dövrdən fərqli olaraq, ölkə başçısının tapşırığına əsasən, hal-hazırda pambığın taleyi üçün məsuliyyəti hər iki tərəf – həm torpaq mülkiyyətçisi, həm də bu məhsulu alan pambıq qəbulu məntəqəsi paralel olaraq daşıyırlar. Yəni kəndlinin gördüyü iş yalnız onun öz öhdəsinə buraxılmır. Bütün mərhələlərdə əkinçi ən müasir lazımi texnika ilə təmin olunur, işlər aqronomun nəzarəti altında aparılır. Suliddin müəllim bildirdi ki, bu il kollar daraq bağlayanda bəzi yerlərdə onların görünüşündə solğunluq müşahidə olundu. Dərhal sahəyə mütəxəssis dəvət edildi və sovkaya qarşı dərmanlama aparıldı. Ümumillikdə isə pambığın ziyanvericilərinə qarşı 4 dəfə mübarizə tədbirləri görülüb və son dərmanlama zamanı torpaq mülkiyyətçilərinə hər hektara görə qiymətlərdə güzəşt edilib.
    Suliddin Ələkbərov dedi:
    – 21 ildir pambıq əkirəm. Əvvəlki dövrlərdə çox çətinlik çəkirdik. Sovet dönəmindən qalmış texnika həm keyfiyyətsiz iş görür, həm də çatışmırdı. Yığım da əllə aparıldığından, məhsulun maya dəyəri yüksəlir, çoxu isə elə tarlada qalırdı. İndi ölkəmizin kənd təsərrüfatı intbah dövrünü yaşayır. Fermerlərin ixtiyarına yüksək məhsuldar xarici toxumlar, ən güclü texnika, gübrə və dərmanlar verilir. Bizim rayondan ötrü yalnız su problemi vardır ki, bunu da aradan qaldırmaq üçün hər il kəndlərdə yeni artezianlar vurulur. Təkcə bizim ərazidə işlək vəziyyətdə olan 30 subartezian quyusu var, ancaq bunlar da torpaqlarımızın suya olan tələbini tam ödəmir.
    Buna baxmayaraq, Prezidentimizin pambıqçılıq sahəsini dirçəltmək çağırışına böyük həvəslə qoşulmuşuq.
    Birlikdə pambıq tarlasına yollandıq. Ürəkaçan mənzərə idi. Burada onu da bildirdilər ki, məhsul tamamilə texnika ilə yığılacaq. Bu, çox vaxt aparmayacaq. Çünki əvvəllər olduğu kimi pambığın qurumasını gözləmək lazım deyil. Yarpaqlar töküləcək və məhsul hələ nəmli vəziyyətdə olarkən yığılacaq. Bu işi Hollandiyadan gətirilmiş pambıqyığan kombaynlar həyata keçirəcək. “MKS” İK MMC 8 kombayn vasitəsilə müqaviləsi olan bütün fermerlərin “ağ qızıl”ının vaxtında toplanıb məntəqəyə təhvil verilməsini təmin edəcək.
    Suliddin Ələkbərovun öhdəsində olan pambıq plantasiyaları 18 hektar sahəni əhatə edir. Bundan əlavə o, 4 hektarda şəkər çuğunduru becərib, 6 hektarda isə yoncalıqlar yerləşir. Bu il 4 hektar taxıl sahəsindən də yaxşı məhsul götürüb. Mövsümi işlər zamanı onun təsərrüfatında 30-a yaxın insan işlə təmin olunur.
    Ailənin halal və şirin qazancı – şəkər çuğunduru
    DSC_4641Bəyaz qızıllı tarlalardan ayrılıb son illər kəndlilərin ailə büdcəsinə halal və şirin qazanc gətirən çuğundur plantasiyasına gəldik. Burada Məhiyəddin İbrahimovun bütün ailə üzvləri çalışırdılar.
    Cari ildə onlar 3 hektarda bu qiymətli ərzaq məhsulunu becəriblər.
    Sahələrin alağının vurulması da, suvarılması da, bir sözlə, texnika ilə görülməyən işlərin hamısı onların öz əllərindən gəlib keçib. Ona görə nəticə həm yaxşıdır, həm də becərdikləri çuğundur kimi şirin.
    Məhsulun məhz bu ərəfədə yığılması ailədəki balacaları da sevindirir. Axı, onlar məktəbə getməlidirlər. Çuğundurun satışından əldə olunan gəlir hesabına ilk növbədə uşaqlardan ötrü məktəb bazarlığı edəcəklər.
    Məhiyəddin kişi ilə də söhbətimiz maraqlı oldu. Bildirdi ki, son illər dövlətin kəndlilərə, sahibkarlara dəstəyi gücləndiyindən, onlar həm rayon iqtisadiyyatının inkişafına kömək göstərir, həm də dolanışıqlarını yaxşılaşdırırlar.
    Məhiyyəddin İbrahimov Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə iki dəfə 15 min manat məbləğində güzəştli kredit götürüb və hər dəfə təsərrüfatını daha da genişləndirib. Elə bu il də çuğundurla yanaşı pambıq əkib. Ailədə hər kəs işlə məşğuldur. Ailə başçısının isə alnıaçıq, ürəyi rahatdır. Çünki həm dövlətin pulunu vaxtında qaytarır, həm də ailəsini yaxşı dolandırır.
    Maldarlıqda xərclər də çoxdur, gəlir də
    000gjƏsl sahibkar xərcləri azaltmaqla gəlir götürə bilir. Yuxarı Qapanlı kəndində Asim Alıyevin təsərrüfatı ilə tanışlıqdan sonra bu fikrin doğruluğuna əminliyimiz daha da artdı. O, kökəltmə şəraitində 75 baş mal saxlayır. Tövlələri müasir, rahat və səliqəlidir. Qışın ot və yem tədarükünü görüb. Malın saxlanmasına əlavə xərc çəkmir. Özləri baxırlar. Hətta kənddə danışırlar ki, kişilərin başqa işi olanda, Asim kişinin həyat yoldaşı ayağına rezin çəkmə geyinib, yoncalıqları suvarır.
    Onların işinə də, istirahətinə də söz ola bilməz. Biz bu təsərrüfatda olarkən bağda ağacların altında ailə üzvlərinin hamısı süfrə başına toplaşmışdı. Evin xanımı dedi:
    – Döşəməli aş bişirmişəm. Gəlin qonağımız olun.
    Vaxtımız az olduğu üçün, onun təklifini qəbul edə bilmədik. Amma Asim kişini bir neçə dəqiqəliyə süfrədən ayırıb, fikirlərini öyrəndik. O dedi:
    – Gördüyünüz bu təsərrüfat asan qurulmayıb. İllər uzunu çəkdiyim zəhmətin bəhrəsidir. Amma arxayınam. Bilirəm ki, xalqıma da, ailəmə də xeyir verirəm. Tövlədə gördüyünüz bütün malları ildə bir dəfə dəyişirik. Bunların yerinə körpə danalar alıb bağlayırıq. Özümüz üçün bir inək də saxlayırıq ki, ailə üzvlərimiz süd məhsullarından istifadə etsinlər. Maldarlıq çox ağır sahədir. Burada bircə gün əlini işdən soyutsan, gəlirin azalacaq.
    Biz də onunla razılaşıb, növbəti müsahibimizin görüşünə getdik. Bu, keçmiş Azərbaycan SSP Ali Sovetinin deputatı, Qırmızı Əmək Bayrağı ordenli Şükufə Quliyeva idi.
    DSC_4643“Ömür necə gəldi, necə keçdi, bilmədim…”
    Bu sözləri bizə Şükufə ana söylədi. O dedi ki, bir zamanlar şöhrət onu daban-dabana izləyirdi. Səsi gah pambıq tarlasından, gah da mötəbər məclislərdən, Ali Sovetin sessiyalarından gəlirdi.
    Tale ona üç qız övladını da tək böyütməyi qismət eləmişdi. Sovet dövrünün əmək qəhrəmanı bu vəzifəsinin öhdəsindən də layiqincə gələ bildi. Hər üçünə təhsil verdi, el adəti ilə cehiz hazırlayıb köçürdü. Bir zamanlar o qızlarından ötrü çalışırdı, indi qızları onun ahıl çağlarını mənalı etməyə can atırlar.
    Öz dövrünün qadınlarından, onların işgüzarlığından böyük həvəslə danışan Şükufə Quliyeva dedi:
    – Həmyaşıdlarımdan hansını dindirsəniz, deyəcək ki, səhər-səhər təndirə çörək bişirib, mal-heyvanı rahatlayıb, uşaqları yedizdirib – içizdirib sonra pambıq tarlasına getmişəm.
    İndi, şükür Allaha, həyatımız dəyişib. Bu gün dövlət özü qadınların qayğısına qalır. Götürək elə bizim kəndimizi. İşığımız, qazımız, həyətlərdə içməli suyumuz var. İş görmək çox asandır.
    Bəs, pambığın bugünkü vəziyyətinə münasibətiniz necədir? – deyə ondan soruşuruq.
    – Münasibətim çox yaxşıdır, – deyir. – Mən pambığın bərəkətini görmüşəm. Kənddəki yaxşı evlərin hamısı rəhmətlik Heydər Əliyev Azərbaycana birinci dəfə rəhbərlik etdiyi dövrdə pambıqçılıqdakı uğurların hesabına tikilib. Indi nəvəm də pambıq əkir. Allahın altında gözüm yaxşı görəydi, gedib o tarlalara mən də baxaydım. Deyirlər, indiki pambıq çox fərqlidir, yaxşıdır. Allah bol eləsin, kəndlinin gününü ağartsın. Yeri düşəndə, özüm də nəvəmə məsləhət verirəm.
    Şükufə Quliyevanın ailəsi böyüyüb. Indi 9 nəvəsi, 18 nəticəsi var. Bunlar da yaşanan ömrün davamıdır.
    DSC_46634 oğuldan biri Vətən yolunda şəhid olub
    Yusif Əliyevin ailəsində 4 oğul böyüyürdü. Daşkənddə ali məktəbi bitirmiş Yusif onları da savadlı görmək istəyir, ürəyində hər biri ilə bağlı minbir arzu bəsləyirdi.
    Amma oğul tək özünün deyil, onu həm də Vətən üçün böyüdürsən. Ona görə də vaxt yetişəndə bu ailənin övladları da bir-bir öz əsgəri borclarını yerinə yetirməyə başladılar.
    Səlaməddin 2-ci oğul idi. Orta məktəbi bitirib bir müddət Rusiyada yaşamışdı. Onun hərbi xidmətə yolasalınma mərasimini valideynləri çox təmtəraqlı təşkil etmişdilər. Çünki uzun müddət görmədikləri oğlulları ilə həm görüşür, həm də ayrılırdılar.
    Qohumları xatırlayırlar ki, həmin gün Səlaməddin hər kəslə ayrıca şəkil çəkdirirdi. 2001-ci ilin oktyabrında onu hərbi hissəyə yola saldılar. 25 iyun 2002-ci ildə kəndə xəbər gəldi ki, namərd erməni gülləsi onun alnından dəyərək cavan ömrünə son qoyub.
    Səlaməddingilin ailəsində olub, atası, anası ilə görüşdük, xatirələrini dinlədik. Dedilər ki, Səlaməddinlə bağlı arzularımızı qəlbimizin dərinliyində dəfn etdik. Amma bir arzu var ki, onun həyata keçəcəyinə inanırıq. Bu da torpaqlarımızın işğaldan azad olunmasıdır. Oğlumuz həmin günü çox gözləyirdi, görə bilmədi. Qoy o sevinci yaşamaq xalqımıza qismət olsun. Bir daha evlərimizə şəhid xəbərləri gəlməsin.
    Söhbətimizin bu yerində Azər müəllim də dedi ki, 25 ilə yaxın icra nümayəndəsi işlədiyi müddətdə onun ən ağır və öhdəsindən gələ bilmədiyi yeganə vəzifə ailələrə oğul itkisi ilə bağlı xəbərin çatdırılmasıdır.
    * * *
    Qazyan və Yuxarı Qapanlı kəndlərinin yurdsevər, zəhmətkeş insanları ilə görüşlərimiz başa çatır. Azər Cabbarov məni və redaksiyamızın gənc işçisi, görüşlərimizin maraqlı anlarını fotoaparatın yaddaşına köçürən Şəhanə İsmayıllını yenidən redaksiyamıza gətirir. Çox maraqlı bir gün yaşadığımıza görə Azər müəllimə təşəkkür edib, ayrılırıq.

    Svetlana BAĞIROVA
    Fotolar ŞƏHANƏNİNDİR

    Müəllif: Redaktor, 11:09

    Teqlər:

İsmarıclar bağlıdır.