Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Sen

    DOSTUNUN TOYUNA GƏLƏ BİLMƏDİ…

    sehid1Qarşımda bir albom var–şəhid albomu. Vərəqlədikcə heyrətdən donub qalıram. Necə olub ki, bu cür cəngavər oğlanlarımız düşmən gülləsindən yayına bilməyiblər?! Elə bu anda fikrimdən bir bayatı keçir:
    Bu yolun xatası var,
    Qanı var, qadası var,
    İgidlər boyun əyməz,
    Düşmənin bəlası var.
    Bəli, düşmənin qurduğu hiylə neçə-neçə mərd, qorxmaz oğlumuzun həyatına son qoyub. Belə cəsarətli igidlərimizdən biri də Abbasov Elşən Raqub oğlu idi. O, həmin gün dostunun toyuna gəlməli idi. Söz vermişdi ki, postdan çıxan kimi icazə alıb gələcək və toyda iştirak edəcəkdir. Martın 25-i idi. Elşadın ata-anası, bacı-qardaşı toy evində idi. Təkcə o yoxuydu… Məlumdur ki, kənd toyları gecə yarısına kimi davam edir. Ailə üzvləri bu məclisdə ürəklə iştirak etsələr də nəisə, bir narahatçılıqları vardı. Elşad görəsən niyə gecikirdi. Yoxsa, icazə vermədilər, şübhələr, niyələr ən çox ata-ananı narahat edirdi. Özləri toyda olsalar da fikirləri Elşadın yanında qalmışdı.
    Əmisi Faiqə edilən gözlənilməz zəng bir ailənin toydakı sevincini, övladları barədəki nigarançılığını hıçqırığa, hönkürtüyə çevirdi. Hələ 50 yaşları tamam olmayan Raqub ata ilə Amalya anaya bəd xəbər deyildi. –“Oğlunuz Elşad mərmi qəlpəsindən yaralanıb evə gətirirlər”. “Necə yəni evə gətirirlər: Yaralını xəstəxanaya, qospitala apararlar, evə nə yaxşı gətirirlər? Yox, onun başında nə isə bir iş var”–dedilər…
    Çox çəkmədi Elşadın ailə üzvləri evə döndülər. Qohum-əqraba, kənd camaatı bu kasıb ocağa toplaşdılar. Hamı bu ailənin başına gələn faciəyə görə çox narahat oldu. Elşad doğma kəndinə döndü. Dostunun toyuna deyil, böyüdüyü ocağa, hər cür əziyyətlər çəkən ata-anasının yanına qayıtdı. Özü də sağ-salamat yox, vətəni üçün şəhid olmuş vəziyyətdə–tabutda qayıtdı…
    Elşad Abbasov 1993-cü il iyulun 15-də Kəngərli kəndində kasıb bir ailədə doğulmuşdu. Uşaqlığı və gəncliyi elə doğma kəndində keçmişdi. Orta məktəb təhsilini də Kəngərli kənd tam orta məktəbində almışdı.
    Hərbiçi olmaq arzusu aşağı sinifdə oxuyarkən yaranmışdı. Tay-tuşları ilə, hətta evdə özündən kiçik qardaşı ilə “dava-dava” oynayardı. Taxtadan düzəltdiyi avtomatın heç kimin əlinə keçməsinə imkan verməzdi. 10-11-ci siniflərdə oxuyarkən kinqboksinqlə məşğul olurdu. Yarışmalarda uğur qazananda qürurlanırdı. Hələ fəxri fərman və medal alanda daha çox sevinərdi. Evə gələn zaman anası Amalyanı qucaqlayıb öpər və deyərdi:
    –Oğlun hələ kiçik mükafatlar alır. Qoy bir az da böyüsün elə ad qazanacam ki, hamı sizə deyəcək, qəhrəman Elşadın valideynləridir. Yavaş-yavaş ev-eşiyimizi də qaydaya salarıq, gözəl bir ev də tikdirərik.
    Elşad hərbi xidmətini də uğurla başa vurub geri döndü. Atasının arzusu ilə o, Bakı şəhərində hərbi liseyə qəbul olundu. Lakin, oxumadı, doğma kəndindən, rayonundan ayrılmaq istəmədi.
    –“Hərbi hissələrdə Vətəni qorumaq ən böyük məktəbdir, – dedi və rayonumuzdakı hərbi hissələrdən birində kiçik çavuş kimi fəaliyyətə başladı. Yeni gələn gənclərə hərbi sirləri öyrətməklə bərabər özü də püxtələşirdi. Postlarda dayananda sayıqlığını daim nəzarətdə saxlayırdı. “Düşmənin məkrindən qorxmaq kişilik deyil. Biz ermənidən qorxmamalıyıq, erməni ilə təkbətək üz-üzə gəlsəm, onu parca-parca edərəm. Amma ermənilər tülkü kimi hiyləgər olurlar. Ona görə də aman verməyək ki, bizə hiylə işlətsinlər” – deyirdi.
    Elşad hərbidəki xidmətinə görə bir neçə dəfə fəxri fərmanla mükafatlandırılmışdı.
    2016-ci il martın 24-dən 25-nə keçən gecə, aprel hadisələrindən cəmi bir həftə əvvəl yenə sərhədçi iti ilə postda dayanmışdılar. Qəfləti məlumat gəldi ki, ermənilər atəşə başlayıblar. Əsgər yoldaşlarını qorumaq üçün önə keçdi ki, erməni ilə özü qarşılaşsın. Xeyli atışdı. Lakin erməni snayperindən açılan güllə Elşadı ağır yaraladı. Bu onun həm sonuncu döyüşü, həm də həyatının sonu oldu.
    Elşad ata-anasına verdiyi sözünə əməl etdi. Lakin idmancı kimi deyil, Vətən uğrunda qəhrəmanlıq göstərərək şəhid oldu. Raqub ata ilə Amalya ananı hamı tanıdı, hörmət etdi, Vətənin şəhidi Elşadın valideyni kimi. Ona mükafat da verildi. Mükafat özünə deyil, qardaşı Rəşada təqdim olundu. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medala layiq görülmüşdü.
    Şəhid albomunu axıra kimi vərəqləyib, baxa bilmədim, onu qatlayıb bir kənara qoydum və ürəyimdən keçənləri qələmə aldım. Yazdım ki, bir şəhidimiz də xatırlansın, yada salınsın, onun həyatı bugünkü gənclərimizə, yeniyetmələrimizə örnək olsun. Tarixi unutdurmamaq hər birimizin vətəndaşlıq borcumuzdur. Şəhidlərimizin həyatı isə bizim şanlı tariximizdır.

    Elfuzə VƏLİYEVA

    Müəllif: Redaktor, 11:41

    Teqlər:

İsmarıclar bağlıdır.