Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Sen

    скачанные файлыİş planımızda olan bu ağrılı mövzunun araşdırılmasına Tərtər Rayon Statistika İdarəsinin müdiri Ədalət Məmmədovla söhbətimdən başladım. Öyrəndim ki, 2017-ci ilin 6 ayı ərzində rayonumuzda 158 nikah və 63 boşanma halı qeydə alınıb. Boşananlar nikaha girənlərin 25 faizdən çoxunu təşkil edir.
    Bundan sonra Tərtər Rayon Məhkəməsinin təcrübəli işçisi, 20 illik əmək fəaliyyəti ərzində yüzlərlə ailənin dağılmasının şahidi olan İlqar Əfəndiyevə müraciət edib, boşanma hallarının əsas səbəbləri haqqında onun fikirlərini öyrəndim. İlqar müəllim dedi:
    –Əvvəlki illərdə ailələr əsasən övladın olmaması, erkən nikah, məişət zorakılığı səbəblərindən dağılırdısa, indi bunların sayı azalıb. Buna ölkə üzrə aparılan maarifləndirmə tədbirlərinin də güclü təsiri var.
    Ön plana isə nələr keçir? İlk növbədə maddi məsələlər. Bunun arxasında isə səbrsizlik, dözümsüzlük dayanır. Yəni gənc qadın yeni ailədə rastlaşdığı maddi çətinlikləri qəbul etmək istəmir. Valideynlərin, xüsusən qız evinin yersiz müdaxilələri də xırda çatışmazlıqların böyüyüb problemə çevrilməsinə gətirib çıxarır. Son zamanlar əsrin xəstəliyinə çevrilən internet tanışlıqları da ailələrin dağılmasına səbəb olur. Bəla burasıdır ki, internet vasitəsilə yad kişilərlə tanış olan iki-üç uşaq anaları öz övladlarını atasız qoyaraq, virtual həyatın toruna düşürlər. Nəticədə ailə dağılır, qadın aliment tələb edir, amma düşünmür ki, bu aliment onun uşaqlarına ata qayğısını, ailə bütövlüyünün şirinliyini əvəz edə biləcəkmi?
    İlqar müəllim onu da qeyd etdi ki, cütlüklərin barışması üçün məhkəmədə bütün imkanlardan istifadə edirlər. Onlara vaxt verilir, izahat işləri aparılır. Ər və arvad barışığa gəlib iclas zalından qoşa çıxanda, onlardan da çox məhkəmə işçiləri sevinirlər.
    Növbəti müsahibim ruhani Saleh Ədilov oldu. Saleh dedi:
    –Ailədə maddi çətinlik olarkən səbr göstərmək lazımdır. Çünki bu, hamının başına gələ biləcək bir işdir. Əziz Peyğəmbərimiz (s) qızı Fatiməyə buyururdu: “Qızım, Əlidən heç nə istəmə, verə bilməz, utanar”. Təəssüf ki, bu gözəl ağsaqqal tövsiyəsini indi bir çox valideynlər unudublar. Onlardan bəziləri isə övladına düzgün yol göstərmək əvəzinə, sanki “közü alovlandırmağa” çalışırlar.
    Bu sözləri bütün ana-atalar haqqında demək olmaz. Həyat göstərir ki, əksər hallarda yaşlı adamın təcrübəsi cavanın gücü ilə birləşəndə möcüzələr yaranır. Ona görə də bütün qızlara tövsiyəm budur ki, ailə qurduqda düşdükləri ocağın ağsaqqalına, ağbirçəyinə hörmətlə yanaşsınlar, böyüyün sözünü eşitsinlər. Elə oğullar da hər iki tərəfin valideynlərinə ehtiram göstərsələr, həm öz ailələri möhkəm olar, həm də övladlarına gözəl nümunəyə çevrilərlər.
    Nəhayət, sonuncu müsahibim Azadqaraqoyunlu kəndinin sakini Nübar Mədətli oldu. Ağbirçək ana aşağıdakı fikirləri söylədi:
    –Cavanlara sözüm budur ki, ailəyə ciddi münasibət bəsləsinlər. Ailə qurmaq asandır, onu qoruyub saxlamaq çətin. İki nəfər bir-birinin xasiyyətini öyrənib qəbul edənədək müəyyən vaxt tələb olunur, ona görə də bu müddətdə qarşılıqlı güzəşt çox vacibdir. Valideynləri də unutmayın. Bu gün siz onlara göstərdiyiniz münasibəti övladlarınız da sizə göstərəcəklər.
    Oxucularımıza bir qadından eşitdiyim söhbəti xatırlatmaq istəyirəm. Ərinin xəyanət etdiyini bilən bu qadın doğmalarının boşanmaq haqqında təkidlərinə belə cavab vermişdir:
    –Mənim özümdən də artıq sevdiyim övladlarım var. Hansısa ötəri bir səhv ucbatından mən onları atasız qoya bilmərəm.
    O qadının övladları indi böyüyüb, cəmiyyətdə gözəl mövqe tutublar. Hər birinin nümunəvi ailəsi var. Atalı-analı dünyalarına görə onlar həmişə öz analarına minnətdardılar.

    Svetlana BAĞIROVA

    Müəllif: Redaktor, 13:27

    Teqlər:

İsmarıclar bağlıdır.