Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Okt

    YANPÖRTÜ YERİŞ

    91_1443550800DSC_5865“Bala Kirpi” bu dəfə yolunu Tərtərin Mərkəzi Bazarına (“Zülfüqaroğlu” MMC) saldı. Bazarın ətrafındakı və içindəki vəziyyəti görəndə çox təəccübləndi. Fikirləşdi: “Belə də yiyəsizlik olar?! Bu antisanitariyanı, özbaşınalığı, nəzarətsizliyi, bir sözlə, bu biyabırçılığı görən yoxdurmu? Varsa, niyə əncam çəkmir?! Bazarın müdiriyyəti hara baxır görəsən? Axı, bu işlər onların nəzarəti altındadır”.
    “Bala Kirpi” istədi bazarın darvazasına tərəf getsin ki, içəri girsin, amma parklanmış maşınların arasından yanpörtü də keçə bilmədi. Özünə yol axtardı. Səki ilə getmək istədi. Lakin gördü ki, bazarın qarşı tərəfində səkilərin üstünə tökülmüş ərzaq və sənaye malları, almadan tutmuş çörəyə qədər hər şey tozun-torpağın içində satıldığından keçmək mümkün deyil. İnsanların normal hərəkəti üçün yer qalmayıb. Cığırfason bir qırıq yol var ki, oraynan da gə-rək yanpörtü yeriyəsən ki, birtəhər keçə biləsən.
    DSC_5864“Bala Kirpi” öz-özünə deyirdi: “Bu yaşa gəlmişəm, adamların adətən irəliyə yerişini görmüşəm. Bəzilərinin hərdən geri-geri getdiyini görəndə, fikirləşmişəm ki, bu, ya səydi, ya da dəli. Və o dala-dala gedərkən hərdən ilişib yıxılanda gülmək tutub məni.
    Ölkəmiz müstəqilliyini qazanandan sonra insanlara sərbəstlik verildi. Bəziləri isə bundan yararlanaraq camaata öz dədə-baba yerişlərini tərgitmək üçün məcburiyyət yaratdılar.
    “Bala Kirpi” fikir dəryasına qərq oldu: “Həyatda heç kim öz xoşuyla dəli olmur və ömür billahi da bu istəyə düşməz. Ağzında dəli deyirsən, axı!. Ancaq bəzi kreslo sahibləri adamları zorən dəli olmaq həddinə çatdırırlar. Kimsə sinəsinə döyüb deyə bilməz ki, özüm dəli olmuşam və ya məni heç kim dəli edə bilməz!. Mən ona deyərəm: “Kişiliyin çatırsa, gəl Tərtər bazarının qarşısına və gir bu bazarın içinə, sonra da dəli olma görüm necə olmursan?. Vallah, ən çoxu üçüncü addımında sərbəst gedə bilməyib, keçərsən yanpörtü yerişə. Bazarı “mühasirəyə” almış ayın-oyun satan maşınlar və “xalturşik”-lərin taksiləri buna da imkan verməyib, başını xarab edəcəklər. Onların arasından bir az qabağa getsən, sevinərsən ki, canım qurtardı. Aldanma, qarşıda hələ çox “baryerlər” var. Qəssabxananın yanından keçəndə üfunətdən ağız-burnunu tutacaqsan. Səkinin üstündə bir yanda baş-ayaq, bir yanda dəri, bir yanda təmizlənməmiş qarın, bir yanda qan… Buradan yanpörtü keçə bilməsən, səkidən maşın yoluna düşməyə qorxacaqsan. Çünki, Allah eləməmiş, qulaqlara qurğuşun, bir maşın səni vurub atsa yolun ortasına, nə edəcəksən? Elə qalacaqsan yolun ortasında. Heç kim sənə kömək əlini uzatmayacaq. Ayağa dura bilsən, qorxundan başlayacaqsan yeni yeriş növüylə, yəni yanpörtü yeriməyə.
    Bunları bir qırağa qoyub, onu deyim ki, xalqa bəyan edirlər: xüsusi kəsim yerləri olmalıdır və orada heyvanlar kəsilib satış yerlərinə daşınmalıdır. Bu yerdə mağaza sahibləri deyirlər:
    –Ay siz özünüz öləsiniz! Heyvanı camaatın gözünün önündə kəsməsə, sənin alıcın oldu ha!
    Bunları eşidəndən sonra adamın ürəyindən belələrinə, ayıb olmasın, yağlı bir söyüş söymək keçir. Çünki onlar qanun və onun aliliyi kimi bir şey tanımırlar və başlarının üstündə “dəmir yumruq” yoxdur.
    “Bala Kirpi” öz-özünə əsəbləşdi: “Qanunla ölkədə küçə ticarəti ilə məşğul olmaq qadağan edilib. (Nə gözəl!). Həm də, axı, Tərtər kimi inkişaf etmiş, yaraşıqlı bir şəhərə bazarın ətrafındakı bu vəziyyət heç yaraşan deyil. Şəhərin qalan heç bir yerində belə eybəcərlik yoxdur, hər yer səliqə-səhmanlıdır, yaşıllıqdır, gül-çiçəklikdi, səkilər təmiz və rahatdır.
    Bazarın içində isə kimin bir balaca mağazası varsa, qarşısını da zəbt edib, nəyi var, tökür ortaya, ayaq altına. Anan ölməsin, piyada, burda neyləməlisən? Əlbəttə, yanpörtü yeriməlisən. Allah eləməmiş, yanpörtü yeriyə bilmədin, düz yeridin, ayağın ilişdi çölə tökülmüş ayın-oyuna, sahibi də oldu ağıldan kəm, qoldan zorlu, dəli inək balasını ayağının altına salan kimi saldı səni ayağının altına, başladı tapdalamağa, ağzının qanı qarışdı burnunun al qanına, hara və kimə şikayət edəcəksən?! Oradakı polisəmi? Yazıqsan, elə şey eləmə. Səni ilan kimi süründürərlər, axırda çərləyərsən. Balaların yazıqdır!…
    Bazarda nə baytar həkiminə, nə də sanitar işçisinə rast gələ bilməzsən ki, deyəsən: “Ay qağa, bu biyabırçılığa niyə göz yumursunuz?!”.
    “Bala Kirpi”nin fikrində aləm qarışmışdı biri-birinə. Bu yerdə yadına bir hadisə düşdü: Baza-rın içində cavan bir oğlan bilmədən bir nəfərin yerə tökdüyü satlıq mallarını dağıtdı. Mal sahibi tutdu bu oğlanın yaxasından ki, korsan, bir ayağının altına bax də!
    Təhqir olunan oğlan:
    – A kişi, bura mal satmaq yeridir? Hələ bir məni də borclu çıxarırsan?
    – Ə, çıxararam, hələ o yana da keçərəm. Mal mənim deyil, harda istəyirəm, orda da satıram. Sənə nə dəxli var?! İstəsəm, lap ağzını “market”eləyib, orda sataram!…
    “Bala Kirpi” yanpörtü yeriyə-yeriyə özünü birtəhər çatdırdı bazarın darvazasına. İçəri girmək üçün heç yanpörtü yeriş də köməyə gəlmədi. Hər tərəfə o qədər ayın-oyun, xırdavatdan tutmuş geyim əşyalarına qədər tökülmüşdü ki, adamlar biri-birini itələyə-itələyə, dabanlarını tapdalaya-tapdalaya yanpörtü, addım-addım yeriyirdilər. Bazarın içi isə… Gözlər olsun görməsin! Adam Tərtərin bazarına baxanda gözlərinin önünə hər tərəfə səpələnmiş böyük bir zibilxana gəlir.
    “Bala Kirpi” fikirləşdi: “Buradan ətək-ətək pul qazanan küllü-ixtiyar sahiblərinin insaflarına nə gəlib bəs?! Axı, adamın bir mərhəməti də olmalıdır!”. Sonra öz-özünə dedi: “Bu hərki-hərkinəliyə əlaqədar məsul şəxslər göz yumurlar. Yəqin ki, onlara yanpörtü yerimək düz yeriməkdən sərfəlidir”.

    Qələmə aldı: Tofiq YUSİF

    Müəllif: Redaktor, 10:39

    Teqlər:

İsmarıclar bağlıdır.