Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Okt

    daily1.653098Avropa ilə Asiyanın qovuşuğunda yerləşən Azərbaycan həmişə öz gözəl və zəngin təbiəti, xalqının qonaqpərvərliyi ilə müxtəlif millətlərin diqqətini cəlb edib. Karvan yolu ilə bir ölkədən başqasına üz tutan tacirlər bəzən müxtəlif səbəblərdən buranı özlərinə ikinci vətən seçiblər. Müharibə zamanı da öz doğma torpaqlarını tərk etmək məcburiyyətində qalanlar bizim məhsuldar torpaqlarımızda yerləşərək, azərbaycanlılarla çiyin-çiyinə bir ailə kimi yaşayıblar.
    Azərbaycana xaricdən birinci güclü axın ötən əsrdə Bakı neftinin çıxarılması ilə başlayıb. Bununla əlaqədar sənayenin yaranması müxtəlif xalqların pullu və ağıllı adamlarını Bakıya gətirib. Neft mədənlərində çalışanların arasında azərbaycanlılarla yanaşı ruslar, yəhudilər, ingilislər, ləzgilər və digər xalqların nümayəndələri vardı.
    Ümumiyyətlə, bütün dünyada Bakı həmişə beynəlmiləl şəhər kimi tanınıb.
    Nəinki Bakıda, Azərbaycanın hər bir bölgəsində ayrı-ayrı millətlərin nümayəndələri rahat yaşayıb, təhsil alıb, işləyiblər. Çünki dini və milli ayrıseçkilik xalqımıza xas olan cəhətlər deyil. Azərbaycanlılar dara düşənə kömək əlini uzatmaq, qonağı hörmətlə qarşılamaq kimi xüsusiyyətləri ilə seçilirlər. Bu, Böyük Vətən Müharibəsi illərində də belə olub. Həmin çətin dövrdə alman faşistlərinin zülmündən qaçan yəhudilər, ukraynalılar Azərbaycanın müxtəlif bölgələrinə səpələnmiş və burada insanlar tərəfindən doğma mehriban münasibət görmüşlər, Tərtərlilər də o zaman son tikə çörəklərini qaçqınlarla bölüşüb, çətin günlərində onlara kömək və dayaq olublar.
    İndi zaman dəyişib. Azərbaycan qüdrətli və güclü dövlətə çevrilib. Bu dövlətin əsas prinsiplərindən biri multikulturalizmdir. Həmişə olduğu kimi, indi də Azərbaycanda ayrı-ayrı dinlərin, millətlərin nümayəndələri öz adət və ənənələrini, dini etiqadlarını qoruyaraq yaşayırlar. Eyni zamanda onlar Azərbaycanı özlərinə doğma vətən hesab edir və lazım gəldikdə, bu torpaq uğrunda canlarından belə keçməyə hazırdırlar. Bunu Şuşanın müdafiəsi zamanı yəhudi Albert Aqarunov sübut edib. O, ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
    Bu gün Azərbaycanda məscidlərlə yanaşı, kilsələr, sinaqoqlar fəaliyyət göstərir. Dövlət onların qorunub saxlanmasına lazımi vəsait ayırır.
    Bakıda yəhudi uşaqlar üçün müasir məktəb tikilib istifadəyə verilib və onlar burada təhsil almaqla yanaşı, hər iki xalqın–həm Azərbaycan, həm yəhudi xalqlarının adət-ənənələrini öyrənir, eyni zamanda bir neçə dildə danışırlar.
    Azərbaycanın tolerantlıq və multikulturalizm təcrübəsi dünyada maraqla qarşılanır və öyrənilir.

    Svetlana BAĞIROVA

    Müəllif: Redaktor, 13:08

    Teqlər:

İsmarıclar bağlıdır.