Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 27Okt

    (HEKAYƏ)

    armenia-p10-02Kəndimiz ən ucqar dağ kəndlərindəndir. Hər tərəfdən yaşıl yamaclı silsilə dağlarla əhatə olunan bu kənd düzəngah sahədə yerləşir. Kəndin qarşı tərəfindən dağların dibiynən bir neçə bulağın birləşməsindən yaranan kiçik çay axır. Yaz vaxtları bu çay coşur, kükrəyib daşır, hətta mal-qara da apara bilir.
    Kəndimizdə yerli kənd sakinlərinin adlarıyla bağlı yer-yurd adları da olub və hələ də qalmaqdadır. “Səyadın yurdu”, “Qaman dərəsi”, “Seyid Əvizər bulağı” və s. Bu yerlərdə aparılan arxeoloji qazıntıların nəticələrinə görə buranın tarixi çox-çox qədimlərə söykənir. Kurqanlar və insanlar tərəfindən düzəldilmiş mağaralar bu dağlarda çoxdur. Əkin yerlərindən bir nəfərlik küp və ailə qəbirləri indi də çıxmaqdadır. Yaxın keçmişdə almanlar da burada yaşayıblar, işləyiblər və hətta dəmir yolu da çəkiblar. Bizim dağların sərvəti almanları da buralara qədər gətirmişdi. Ondoqqu-zuncu əsrin ortalarında qızıllarımızı, misimizi və digər yeraltı sərvətlərimizi çıxarıb aparırmışlar Almaniyaya.
    Camaatımızın özünəməxsus heç yanda görmədiyim adət və ənənəsi var. İlin müəyyən vaxtlarında “Qodu-qodu”, “Xıdır İlyas” keçirərlər. Novruz bayramı xüsusi qeyd olunardı. İlin axır çərşənbəsində lopalar düzəldər, məftillə bərk-bərk sarıyıb yarım metr qədəri əl tutacağı qoyarlar. Lopaları neftdə isladıb geçə yandırarlar. Yanan lopaları güc çatdıqca atarlar yuxarı, lopanın biri qalxar, biri düşər, sanki ulduzlar yerə eniblər. Bir dəfə lopa düşmüşdü bir kişinin ot tayasına, taya yanıb getdi. Sonra camaat yığışıb onun ot tayasını düzəltdilər.
    Adamlarımızın danışıqlarında da heç yerinkinə bənzəməyən şivə və ləhcə var. “Gəleysənmi”, “varıf getsənə”, “gedeysənmi”, “qıdılama”, “bajıyı bas”, “buraa gəl” və sair.
    Bir də bizim kənddə hər kəsin öz adından başqa elin qoyduğu bir ad da var. Bəzi hallarda kiminsə adı yaddan çıxa bilər, amma ləqəbi, ayamması (bizdə ona “əlğa” deyərlər) unudula bilməz. Məsələn:, “Çopur”, “Neri”, “Kalloy”, “Törə”, “Kərə”, “Xəstə”, “Kölü”, “Mətir”, “Şil”, “Mayıf” “Gödək” və sair.
    Kəndimizin maraqlı adamlarından biri də “Şil Söyündü”
    Söyüngil bu kəndə sonradan gəliblər. Təzə gələndə 23-25 yaşlarında, ortaboylu, enlikürək, bir qədər kələkötür sifəti olan, qartal baxışlı bir oğlan idi. Üç maşın, bir lapetdə on iki ailə gəlmişdilər Söyüngil. Söyündən və anasından başqa qalanları hərə bir yana köçüb getdi. Gedən qohum-əqrabası Söyünə çox təkid elədilər ki, onlara qoşulsun. “Eldən-obadan ayrı neyləyəcəksən tək burada?” – dedilər.
    – Bunnan sonra mənim elim-obam buradır. Həm də heç olmasa ildə bir yol çıxıb o yalın başına bizim tərəflərə baxaram. İmkan da olan kimi gedib Seyidin ocağını, qağamın qavrını ziyarət edərəm. –dedi. Əgər istəyirsinizsə 5-10 il yaşayım, məni tərpətməyin, qoyun qalım burada.
    Kolxoz onlara məhlə yeri ayırdı, camaat da köməklik elədi. Söyünə ev də tikdilər, tövlə də.
    Söyünün ata-babası çoban olmuşdular, özü də çoban idi. Kolxozun sürülərindən birinin çobançılığını tapşırdılar ona. Qoyun-quzunun dərd-sərini yaxşı bilirdi. Gözünü açandan qoyun-quzunun içində böyümüşdü. Yüz heyvanın içində bir quzu mələsə deyərdi hansı qoyunun balasıdır. Ancaq bir qüsuru var idi, axsayırdı bir az.
    Sağ ayağının dabanı yerə çatmadığından ləng yeriyirdi. Ona görə də bizim kənddə onə “Şil Söyün” deyirdilər.
    …On beş ildən artıq idi ki, Söyün bu kənddə yaşayırdı. Qaynayıb-qarışmışdı camaata. Ailə də qurmuşdu, biri-birindən 2 yaş fərqi ilə 3 uşaq atası idi. Böyük oğlu orta məktəbin axırıncı sinifində oxuyurdu. O biri uşaqları da məktəbli idilər.
    Söyünün təsərrüfatı – mal-heyvanı var idi, yayda yaylağa, qışda qışlağa köçürdü. Camaatımızın xeyrinə-şərinə yaradığı üçün sayılırdı, kənddə söz sahibi idi. Bir söznən, Söyün yaxşı adam idi.
    El dağa köçəni bir aydan artıq olmuşdu. Söyün də öz təsərrüfatıynan yaylağa çıxmışdı. Günlərin bir günü kəndə xəbər yayıldı ki, bə deməzsənmi “Şil Söyün” itib. Necə itif, nətəhər itif, doğru heç bir söz deyən olmadı. Biri dedi ermənilər əsir aparıb, biri dedi bəlkə qurd-quş yeyif, bəlkə qayadan uçub? Belə-belə bəlkələr artdıqca güman azalırdı.
    –Əyə, əyğul, nə biliflər itdiyini? Bəlkə harıyasa gedif, qayıdajax? – Qara Əli soruşdu.
    – Yox, ay bava, qayıdana oxşamey. Dünən sabax tezdənnən camahat malı hörüşə haylıyanda baxıblar ki, Söyün əminin alaçığınnan səs – səmir gəlmer, mallar mıxdadı, qoyunlar da ağıldadı, ağızları da bağlı – “Qara İşə”nin ortancıl oğlu Salman izahat verdi.
    – Bəs sən bunları hardan bilersən, əyğul? “Qara Əli” bir də soruşdu.
    – Lələm yuannıx gətirif gəlmişdi, deeirdi vayennilər də axtarer.
    Adamlar iki-bir, üç-bir yığışırdılar “Şil Söyün”ün qapısına. Ağız deyəni qulaq eşitmirdi. Uşaqlar: “Ay lələ, bizi buraxıb harıya getdin?” – deyib, ağlaşırdılar. Arvadı Tərlan için-için sızlayırdı. Dizinə vurub: “Öyümüz yıxıldı, çırağımız keçdi!”– deyirdi. Doğrudan da, bir ailənin çırağı sönmüşdü, nə qazanc gətirənləri, nə də haraylarına çatanları var idi. Heç gözlənilməyən bu hadisə camaatı çaş-baş qoymuşdu. Ha tərəfə yozurdularsa, nəticə vermirdi. Söyün bu dağlara yaxşı bələddi. Özü də elə aciz adam döykü deyəsən qayadan uçdu, ya da qurda-quşa yem oldu. Harı-yasa bu adam öz xöşuyla gedib. Kəndin ağsaqqalı hamının hörmətini saxladığı “Lələ Temur” dedi. Söyünün böyük oğlu Xanları yanına çağırdı:
    – Əyğul-dedi, bəlkə qabaxlar nəsə deyif, ujunnan-qulağınnan qandığınız bir şey varmı? – “Lələ Temur” soruşdu.
    – Ayillə, eləjə Göyçə deerdi, bir də deerdi ki, ölməmişdən qavax qağamın qavırını ziyarət eləsəm, irahat ölərəm.
    – Əyğul, yoxsa bu qıvlasız Göyçüyəmi addıyıf?
    – Söyün yerinə-yurduna bağlı adamıydı, addıyar- addıyar” – “Kölü İvraham” da “Lələ Temur”un dediyini təsdiq elədi.
    “Törə Qasım” qayıtdı ki, yox, ayillə, mən inammeram. Söyün o qədər də axmax adam döykü bir qavrı ziyarət elləmək-dən ötəri özünü ölümə versin.
    – Sən onu qammazsan, a Törə! Onu qammaxdan ötəri gərək sinəndəki ürək ola, eləjə ət yox. Söyünü oruya aparan təkjə qağasının qavırı döy, torpax həsrətidi, ojağa bağlılıxdı. – “Bayraməlilərin Yunusu” “Törə Qasımın” ağzından vurdu.
    – Ə, başın üçün, bu “Törə”-nin qandığı bir şey yoxdur, amma hər şeyin də içindən çıxer. Yüz yol demişəm: “A başın batsın, hamıyı öz arşınınnan ölçməynən, sənnən ötəri qarnınnan qavağa heç zad yoxdu. Sən belə məsələlərə qarışma – “Qaraca oğlu” yüngülcə qımışdı.
    Beşinci gün keçirdi, Söyünnən xəbər yoxuydu. Rayon mərkəzinə də xəbər vermişdilər, iki “Niva” hökumət adamı getmişdi dağa. Söyünü gördüm deyən yox idi. Yavaş-yavaş pıçı-pıçı artır, şübhələr çoxalırdı. Bu vaxt kəndin içində tozanax qalxdı. Qara İsənin oğlu Salman atın başını yığar-yığmaz qışqırdı: “Muştulux. Söyün əmi gəler!”
    Az keçmiş “Niva” dayandı qoqqazda, qabaq oturacaxdan polis mayoru, arxadan Söyün, daha iki nəfər düşdülər. Adam-lar Söyünlə görüşmək üçün qabağa yeridilər. “Lələ Temur” hamı eşitsin deyə bərkdən soruşdu:
    – Ayə, qardaş oğlu, xavarsız-ətərsiz harıya getmişdin?
    – Qağamın qavrını ziyarətə getmişdim, ay Lələ – dedi Söyün.
    İndi Söyün üçün dünyada sanki heç nə yoxuydu, ömür-gün yoldaşını və uşaqlarını görməkdən başqa.
    Uzaqdan baxışdılar və Söyün arvadına sarı yeridi. Lap yavaşdan:
    – Bilseydin qoymayajaxdın. Ona görə də sənə demədən getdim.
    Bu hadisədən sonra kəndimzdə hamı ona “Şir Söyün” deyirdi.

    Qərib QAMANOĞLU
    Tərtər

    Müəllif: Redaktor, 12:13

    Teqlər:

İsmarıclar bağlıdır.