Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Noy

    QƏZETÇİLƏR DƏ GÜLÜRLƏR

    (Olmuş əhvalatlar)

    Dadlı yemək

    Depositphotos_59799265_m-2015“Yeni Tərtər” qəzetinin baş redaktoru Tofiq Yusif redaksiyanın əməkdaşları ilə birlikdə uzun sürən rayon tədbirindən günorta saat 3-də çıxıb işə gəlirlər.
    –Baş redaktor kompüterçi Tamara Səfərovaya deyir ki, yaman acmışam.
    Tamara gedir və bir azdan bir əlində üstünə yumurta vurulmuş qızardılmış kartof boşqabı, o biri əlində iki turşu xiyar və çörək gəlir. Bunları baş redaktorun qarşısına qoyub, deyir ki, ye.
    Tofiq Yusif ac olduğundan bunları “bəh-bəhlə yeyir.
    Bir azdan işçilərin yanında Tamaranı tərifləyir:
    –Çox sağ olsun Tamaranı! İndiyədək belə iştahla bu dadda yemək yeməmişdim.
    Bu sözləri eşidən əməkdaşlar qımışmağa başlayırlar…
    Tamara özü bu qımışmaya aydınlıq gətirir:
    –Narahat olmayın, Tofiq müəllim, yumurtaları qırarkən boşqabdan Əvəz müəllimin stolunun üstünə töküldü, mən də əlimlə siyirib təzədən boşqaba yığdım və bişirdim. Düzdür, stolun üstü bir az tozlu, bir az da kirli idi. Amma nə olasıdı ki? Əsas məsələ yeməyin dadlı olmasıdır.

    Çay

    Baş redaktor Tofiq Yusif kompüterçi Gülnar Şahbəndəyevadan xahiş edir ki, ona təcili bir çay versin, ciyəri yanır.
    Sonra kabinetinə keçir və nədənsə tez də geri qayıdır. Görür ki, Gülnar əlindəki çayniki çalxalayır, Soruşur:
    –Gülnar, nə edirsən?
    –Heç, siz təcili çay istədiniz, mən də çaynikə baxdım ki, dəm yoxdur. Gecikməsin deyə qalığının üstünə isti su töküb çalxalayıram ki, sizə çay verim.

    Tərtərə kim gedəcək?
    Kollektiv bir yerdə Yevlaxdan tədbirdən gəlirlər. Maşını Tofiq Yusif idarə edir. Bərdənin içində Tofiq müəllim qəzetin müxbiri işləyən Şəlalə Abdullayevaya zarafatla deyir:
    –Qarşıda gedən maşının arxasınca sola dönümmü?
    Şəlalə dedi:
    –Hər maşının arxasınca dönsəniz, bəs Tərtərə kim gedəcək?

    “Bunun yerişinə baxın…”
    Kollektiv tədbirdən çıxıb, redaksiyaya dönəndə Tofiq Yusif qarşılarıynan gedən bir gözəl qızı göstərib deyir:
    –Biriniz belə gözəl olmadınız da! Beləsini görəndə adam sizin hamınızı işdən çıxarmaq istəyir.
    Müxbir işləyən Sürəyya Cəlal redaktorun çətinliklə addımlamasına işarə edib, pıçıltıyla qızlara deyir:
    –Bunun əyri yerişinə baxın, ürəyindən keçənə baxın…

    “O məni boşayır”
    Baş redaktor Tofiq Yusif qəzetin fotomüxbiri Kənan Hüseynzadəyə acığlanır:
    –Niyə ailəni dağıdırsan?! Niyə arvadı boşayırsan?!
    Kənan fağır görkəm alıb deyir:
    –Müəllim, vallah, mən onu başamıram, o məni boşayır.

    “Üç gündən sonra çatır”
    Tofiq Yusif fotomüxbir Kənan Hüseynzadəyə əsəbi halda deyir:
    –Sənə dünən demədimmi ki, get o şəkli tap!
    Kənan gülə-gülə cavab verir:
    –Müəllim, əsəbləşmə, bizim tayfaya 3 gündən sonra söz çatır. Hələ 1 gün keçib.

    Telefon zəngi
    Qəzetin baş redaktoru Tofiq Yusifə zəng edirlər:
    –Redaktor Əvəz müəllimi telefona çağırın.
    Tofiq Yusif cavab verir:
    –Redaktor Əvəz müəllimi tanımıram, amma Əvəz müəllimi çağıra bilərəm.

    “Çalışın “quş” buraxmayın”
    Rayon qəzetinin baş redaktoru Tofiq Yusifə MTN Tərtər Rayon Şöbəsinin rəisi Raqub Məmmədov yaxın idilər. Bir-biri ilə zarafat da edirdilər, tez-tez zəngləşib, hal-əhval tuturdular.
    Bir gün Raqub Məmmədov yenə Tofiq Yusifə zəng vurur. Salam-kəlamından sonra soruşur:
    –Neyniyirsiniz?
    –Heeeç, qəzet buraxırıq.
    Raqub Məmmədov deyir:
    –Həəə, qəzet buraxmaq yaxşı şeydir, çalışın “quş” buraxmayın.

    “Bığlı adam qalmaz ki!”
    Tofiq Yusifin qəzetdə dərc olunan “Qiybətqıran kişilər” şeirinin bir bəndində belə yazılır:
    Qiybətlə batır gün, açılır sabah,
    Bunlar böhtan əkir, bunlar şər əkir.
    Beləsini bığlı görəndə, vallah,
    Adam öz bığından xacalət çəkir.
    Raqub mülləim bu şeiri oxuyub, ona zəng edir.
    –Nə demək istəyirsən? Sən deyən olsa, onda rayonda bığlı adam qalmaz ki!…

    “Rəhmətlik nənən nə təhərdi?”
    Rayon qəzetində 50 ilə yaxın işləyən Əvəz Nəsirov sabiq həmkarı Svetlana Əzizovadan fikirləşmədən soruşur:
    –Svetlana xanım, rəhmətlik nənən nə təhərdi?
    Svetlana Əzizova cavab verir:
    –Bilmirəm. Yanına gedəndə özündən soruşarsan.

    “Böyük maşın vurub, yoxsa balaca?”
    Sabiq iş yoldaşı Sahibə Kərimpur köhnə iş yoldaşları ilə görüşmək üçün redaksiyaya gələndə Əvəz Nəsirov onun axsadığını görüb, soruşur:
    –Nə olub belə? Niyə axsayırsan?
    Sahibə cavab verir:
    –Bir il bundan əvvəl yolu keçərkən məni maşın vurdu. O vaxtdan əziyyət çəkirəm.
    Əvəz Nəsirov yenə soruşur:
    –Səni vuran böyük maşın idi, yoxsa balaca maşın?
    Sahibə Kərimpur gülümsəyərək deyir:
    –Əvəz müəllim, bunun bir fərqi var ki?

    “Badımcana yox, padşaha qulluq edirəm”
    Rayon qəzetinin redaktoru Təvəkkül Nəcəfov Tərtər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə Sərdar Həmidovun namizədliyi müzakirə olunan yığıncaqda onu tərifləyir.
    Müxalifətin nümayəndəsi Zülfüqar İbrahimov ona deyir:
    –Sən də kim rayona rəhbər gəlir, onu tərifləyirsən…
    Təvəkkül müəllim cavab verir:
    –Mən badımcana yox, padşaha qulluq edirəm.

    “Əli əlimizdən üzülməsin”
    İsa Allahverdiyev Tərtər Rayon İcra Hakimiyyətinin başçısı işləyən vaxt öz ətrafı ilə birlikdə bulaq üstünə istirahətə gedirlər.
    Rayon qəzetinin redaktoru Təvəkkül Nəcəfov da digərləri kimi İsa Allahverdiyev haqqında xoş sözlər deyir.
    Məclisdəkilərdən biri hamının eşidəcəyi tərzdə Təvəkkül müəllimdən soruşur:
    –İsa müəllim vəzifədən çıxsa, yenə də onu belə tərifləyəcəksən?
    Təvəkkül Nəcəfov deyir:
    –Yox, tərifləməyəcəm. Çalış-sın əli əlimizdən üzülməsin.

    “Turpun qalınındansa seyrəyi yaxşıdır”
    Hansı səbəblərdənsə qəzetin əməkdaşlarından bir neçə nəfəri işə gəlməyəndə redaktor Təvəkkül Nəcəfov deyirmiş:
    –Turpun qalınındansa seyrəyi yaxşıdır.

    Qələmə alanı: Tofiq YUSİF

    Müəllif: Redaktor, 12:21

    Teqlər:

İsmarıclar bağlıdır.