Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Noy

    kenanİbtidai siniflərdə oxuyanda, müəllimimiz tez-tez bizi Kəlbəcərə gedən yolun kənarına gətirərdi. Yaz aylarında yolun hər iki tərəfində o qədər lalə bitərdi ki, biz bunların hansını dərəcəyimizi bilmirdik. Ora-bura qaçaraq, bu lalə dənizi ilə birlikdə uzaqda aydınca görünən Murova çatmaq, onun füsunkar gözəlliyinə qovuşmaq istəyirdik. Bir dəfə özümü unudub, möhkəmcə yıxıldım, dizlərim qanadı. Lalələrin üstünə qan töküldükcə, mən ağlayırdım. Birdən başımı qaldırıb Murova baxdım. Üfüqdən boylanan günəş onun ağ örpəyində bərq vururdu. Mənə elə gəldi ki, dağ sakitcə pıçıldayır: “Elə bilirsiniz bura çatmaq asandır? Bundan ötrü məni qorumaq, uğrumda qan tökmək lazımdır”.
    O vaxtdan uzun illər ötüb. Mən yenə Tərtərdən keçib Kəlbəcərə gedən yoldayam. Əlbəttə ki, indi burada lalələr bitmir. Müharibə gedən ərazidir. Hər qarışı şəhid qanına boyanıb. Amma cəmi bir il ərzində buralar necə də dəyişib! Müasir, gözəl şəhərcik salınıb. İnsanların rahatlığı üçün nələr yoxdur burada: tam orta məktəb, uşaq bağçası, musiqi məktəbi, bir sözlə, bütün lazımi infrastruktur. Payız girəndən isə həm şəhərciyin özündə, həm də yol kənarlarında o qədər yaşıllıq salınıb ki, insan baxdıqca bu mənzərədən doymur.
    Sanki qoca Murov da uzaqdan bunları görüb sevinir: “Deyirdim, axı, torpağı qorumaq lazımdır. Bilirəm, başınız çox müsibətlər çəkib. Bu yerləri özününküləşdirən, hətta utanmadan gəldikləri tarixi saxtalaşdırmaqdan ötrü tikdikləri abidəni dağıdan ermənilərdən torpaqlarımızı azad etmək üçün çox qan tökmüsünüz. Mən bu döyüşlərin şahidiyəm. Ona görə də sevinirəm ki, bu torpaqlar yenidən laləzara çevrilir”.
    Ürəyimdə Qoca Murovla dərdləşə-dərdləşə gəlib çıxıram “Marağa–150” abidəsinin qarşısına. Burada tarixi faktların hamısı göz qabağındadır. Ona görə də düz deyirlər ki, tarixi heç zaman saxtalaşdırmaq olmaz. Gectez, zaman öz sözünü deyir və həqiqət üzə çıxır.
    Buradan o yana, Şıxarx qəsəbəsində, Çaylı, Həsənqaya kəndlərində də çox işlər görülüb, aprel hadisələri zamanı düşmənin atdığı mərmilərin dağıtdığı tikililərin yerində yaraşıqlı, rahat evlər inşa olunub.
    Kəlbəcərə aparan yol isə uzanıb gedir… Mən bu yolu başa vurmaq, Murov dağının lap zirvəsinə Azərbaycan Bayrağının sancılmasını görmək istəyirəm.
    Dağa baxıram və sanki yenə də onun cavabını eşidirəm: “Darıxma, o gün uzaqda deyil. Bu torpaqları düşməndən təmizləyən, burada xarüqələr yaradan insanlar tezliklə mənə qovuşacaqlar. Mən buna əminəm”.

    Svetlana BAĞIROVA

    Müəllif: Redaktor, 12:56

    Teqlər:

İsmarıclar bağlıdır.