Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Noy

    VipTalisman33GÜNAHSIZ ŞƏHİDLƏR

    Yenə fikirlərim şəhid ruhları ilə yüklənib, yenə duyğularım şəhidləri arayır. Doğma Tərtərimin şəhidləri haqqında çap olunmuş “Tərtər şəhidləri” kitabını vərəq-vərəq, sətir-sətir oxuyuram. Hər biri qan yaddaşımızdır. Əlinə silah alıb vətənin müdafiəsinə qoşulan da, o zamankı döyüşçülərə yardım edən də şəhid olub. Axı, onlar odun üstünə addım-addım deyil, yüyürərək gediblər, ölüm barədə düşünmədən vətən yanğısı ilə, dillərində Azərbaycan vətənimdir deyərək şəhid olublar.
    Bir qrup şəhidimiz də var ki, nə güllə atıblar, nə də əli silahlı düşmən üstə yeriyiblər. Amma, düşmən gülləsinin qurbanına çevrilərək şəhid olublar.
    Kimdir bu günahsız şəhidlərimiz? Vəliyev Samir Əmrah oğlu (Qarağacı), Hüseynov Əfqan İsmayıl oğlu (Qarağacı), Paşayev Firdovsi Ənur oğlu (Tərtər şəhəri), Əhmədova Zərifə Oruc qızı (Tərtər şəhəri), Qurbanova Cahan Səməd qızı (Cəmilli), Məmmədov Yavər Seyfəddin oğlu (Əksipara), Abbasov Üzeyir Hilal oğlu (Dəmirçilər) və s. Bu şəhidlərimizin 12, 14, 15, 19, 23, 25 yaşları olsa da döyüşdə, səngərdə deyil, öz həyət-bacalarında, təsərrüfatlarında çalışarkən qanlarına qəltan ediliblər. Nəydi onların günahı? Bu yeniyetmələr, gənclər yaşadıqları qısa ömürdə kimsənin ayağına bir daş vurmayıblar, silah nədir bilməyiblər, xəyanətkarların fitnəsinin qurbanına çevriliblər.
    25 ildir ailələrimiz bu ağrı ilə yaşayırlar, 25 ildir oğul, qız, qardaş, ata, ər dərdi ana-bacıların ağısına çevrilib:
    Göydən, qaradan gəldi,
    Dağdan, dərədən gəldi.
    Göydə bulud yoxuydu,
    Bu sel haradan gəldi?
    25 il öncə ildırım çaxışına bənzər güllələrin qəlpəsi bu günahsızların arzularına son qoydu, istəklərini al qana boyadı. Lakin ucaldılar, şəhid adıyla tanındılar, vətənin seçilmiş övladlarına çevrildilər. Heç kimin yaddaşından silinmədilər. Böyüdülər, şəhid kimi, yaşa doldular, şəhid kimi. İldənilə yada salındılar, xatırlandılar, Vətənin daşa dönmüş övladları kimi. Daşlaşdılar–Samir, Əfqan, Firdovsi, Zərifə, Cahan, Yavər, Üzeyir boyda şəhid daşlarına çevrildilər. Qucaqlanıb, öpüldülər, şəhid daşları kimi. Adlarına şeirlər, məqalələr, kitablar yazıldı, mahnılar qoşuldu vətənin şəhid övladı kimi.
    Vətənimin əli silah tutan, döyüşkən və ya ocağında dinc yaşayan oğul-qızları, elə bilməyin ki, sizin şəhidliyiniz hər şeyə son qoydu. Doğmalarınızı əydi, sındırdı. Əksinə, daha da mətinləşdirdi. Bu gün hər bir şəhidimiz qürur yerimizdir. Məkanınız cənnət olsun, şəhidlər!

    Elfuzə VƏLİYEVA

    Müəllif: Redaktor, 12:37

    Teqlər:

İsmarıclar bağlıdır.