Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 02İyl

    TƏRƏQQİ YOLU

    YAXIN KEÇMİŞDƏ

    loqo_kivdf Tərtər rayonunun bugünkü yüksəlişini daha aydın görmək üçün, yaxın keçmişimizə  nəzər salmaq kifayətdir. Ötən  əsrin 70-ci illərinə qədər təbii gözəlliyi, iqlimi ilə fərqlənən,  yeraltı və yerüstü sərvətləri, məhsuldar torpaqları ilə  zəngin olan Azərbaycanın bu  dilbər guşəsi nədənsə sosial-iqtisadi inkişaf, insanların yaşayış səviyyəsi baxımından  respublikamızın digər bölgələrindən kəskin surətdə seçilirdi. Nəinki kəndlərdə, elə rayon mərkəzinin özündə də  əhali əsasən kərpicdən tikilmiş sadə evlərdə yaşayırdı. Hətta  yeraltı damlara da rast gəlinirdi. Kolxoz və sovxozların  iqtisadi göstəriciləri zəif  olduğundan, ailələrin dolanışığı da aşağı səviyyədəydi. 

    Heydər Əliyevin hakimiyyətə gəlişi ilə XX əsrin 70-ci illərinə qədər rayonda hökm sürən durğunluq əmək coşğunluğu, qaynar həyat ritmi ilə əvəz olundu. Iş yerlərində, pambıq tarlalarında, fermalarda canlanma yarandı. Həmin illərdə respublikanın rayonlarına tez-tez səfər edən Ulu Öndər Heydər Əliyev dəfələrlə Tərtər rayonunun zəhmətkeşləri ilə də görüşmüşdü. Bu görüşlər insanları ruhlandırırdı. Ümummilli Lider Tərtər və tərtərlilər haqqında deyirdi: “Tərtər Azərbaycanın gözəl təbiəti, bərəkətli torpağı, zəngin keçmişi olan və əməksevər insanların yaşadığı bir diyardır.” Təsadüfi deyil ki, o dövrdə Tərtər Azərbaycanda ən çox pambıq istehsal edən rayonlardan birinə çevrilmişdi.
    Pambıqçılıqla yanaşı kənd təsərrüfatının digər sahələri inkişaf edir, sənaye müəssisələri yaranırdı. Ulu Öndərin birinci dəfə respublikamıza rəhbərlik etdiyi illərdə rayonumuzda elektromexanika, şirə emalı zavodları tikildi və burada da əhalinin böyük bir hissəsi işlə təmin olundu.
    Həmin müddətdə şəhərimizdə ikimərtəbəli univermaq, bazar, çoxmərtəbəli yaşayış binaları, kəndlərdə məktəblər, mədəniyyət və səhiyyə ocaqları inşa edildi.
    Azərbaycan SSP Ali Sovetinin deputatı olmuş o zamankı İliç adına kolxozun qabaqcıl əmək adamı Süleyman Quliyev xatırlayır ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə kolxoz iqtisadiyyatının sürətli inkişafi nəticəsində camaatın gəlirləri də artmışdı.
    Kənddəki yaraşıqlı evlərin əksəriyyəti məhz o zaman tikilmişdi, həyətlərdə şəxsi maşınlar görünməyə başlamışdır.
    Bu qüdrətli insanın zəkası, tükənməz enerjisi və doğma xalqına olan məhəbbəti Azərbaycanın digər guşələri kimi, Tərtəri də dəyişdirmişdi.

    90-CI  İLLƏRİN ƏVVƏLLƏRİNDƏ

    Tarixdə ikinci dəfə əldə olunan müstəqillik tərtərlilərə sevinc bəxş etsə də, real vəziyyət olduqca acınacaqlı idi. Bir tərəfdən müharibə, digər tərəfdən isə iqtisadiyyatın dağılması, hər yerdə hökm sürən xaos və anarxiya insanlar arasında ümidsizlik yaradırdı. Elə gün olmurdu ki, evlərə şəhid, yaxud yaralı gətirilməsin. Tərtər hər gün müxtəlif raket qurğularından atəşə tutulur, dinc əhali arasında ölənlər olur, binalar darmadağın edilirdi.
    İş yerlərinin əksəriyyəti bağlanmaq üzrəydi. Maaşlar vaxtlı-vaxtında verilmirdi. Ailəni çörəklə təmin etmək üçün gecədən növbədə dayanmaq lazım gəlirdi.
    Belə bir vəziyyətdə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəmizi məhv olmaq təhlükəsindən xilas etdi.
    Onun ölkəyə qayıdışı ilə sanki itirilmiş ruzi-bərəkət geri qayıtdı, müharibədə atəşkəsə nail olundu.

    XIRDA KÖŞKLƏR ŞƏHƏRİ TARİXDƏ QALDI

    Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasəti uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev ölkə rəhbəri seçildiyi gündən region ların sosial-iqtisadi inkişafını ən önəmli vəzifələrdən biri kimi qarşıya qoydu. Bir-birinin ardınca hazırlanıb həyata keçirilən I, II və III Dövlət Proqramları Azərbaycanın digər regionları kimi Tərtəri də palçıqlı küçələr şəhərindən öz gözəlliyi ilə hamını heyran edən müasir Avropa şəhərinə çevirdi.
    I Dövlət Proqramının icrasına başlanılan dövr xüsusilə çətin idi. Yeniliyi kimlərsə qəbul edir, alqışlayır, kimlərə isə adət edilən həyat tərzini dəyişmək bir qədər çətin gəlirdi.
    Lakin elə ilk addımlardan əhali başa düşdü ki, bu Proqramların həyata keçirilməsi təkcə şəhərin, kəndlərin görkəmini dəyişməyəcək, eyni zamanda onların həyatını kökündən yaxşılaşdıracaq.
    Uzun illər idi ki, tərtərlilər elektrik enerjisi, içməli su və qaz təminatı sarıdan əziyyət çəkirdilər. I Dövlət Proqramı çərçivəsində bu problemlərin həllinə başlandı və indi rayon əhalisi 24 saat ərzində elektrik enerjisi ilə təmin olunur, qazlaşdırılmayan cəmi bir neçə kənd qalıb. Həmin kəndlərə də qaz çəkilişi davam edir. Bu yaxınlarda isə Tərtər şəhərinin və ona bitişik 11 kəndin su təchizatının və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin təməlqoyma mərasimi keçirildi. Bundan sonra ümumilikdə 26198 nəfərin su təchizatı və kanalizasiya sistemi yaxşılaşacaq, bölgənin sosial-iqtisadi inkişafı sürətlənəcək.

    İKİQAT  SEVİNC

    Builki Qurtuluş Günü Tərtərdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün ikiqat bayrama çevrildi. Məhz həmin gün şəhərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə tikilmiş 6 mərtəbəli 54 mənzilli yaşayış binası istifadəyə verildi. İndiyədək bu kateqoruyadan olan insanlar üçün iki 16, bir 24, bir 54 mənzilli yaşayış binaları inşa olunub.
    Bundan əlavə, rayonun kəndlərində və şəhərin özündə Qarabağ əlilləri və şəhid ailələri üçün eyni layihəli onlarla fərdi yaşayış evi tikilib. Bu yaxınlarda isə əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə daha 10 fərdi yaşayış evinin tikintisinə başlanılıb.

    GƏNCLƏRƏ QAYĞI DİQQƏT MƏRKƏZİNDƏDİR
    Bərdə istiqamətindəki giriş qapısından keçib şəhərimizə daxil olarkən, rastlaşdığımız ilk mənzərə möhtəşəm Dövlət Bayrağı Meydanıdır. Meydan tərtərlilərin sevimli istirahət guşəsidir. Həm də burada müxtəlif kütləvi tədbirlər, o cümlədən gənclərin hərbi xidmətə yolasalma mərasimləri keçirilir.
    Bayraq Meydanından şəhərə doğru irəliləyəndə yolun kənarında süd emalı zavodu, soyuducu ambar, rayon statistika idarəsinin və təhsil şöbəsinin yeni binaları, kənd təsərrüfatı idarəsi üçün inşa olunan bina, yeni avtovağzal və s. diqqəti cəlb edir. Bunların sırasında müasir Gənclər Mərkəzi var. Həmin Mərkəzin açılışında möhtərəm Prezidentimiz cənab İlham Əliyev iştirak edib və burada bölgə gəncləri ilə görüş keçirib, onlara öz tövsiyələrini verib.
    Mərkəzdə gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şəarit yaradılıb. Hazırda Gənclər Mərkəzinin yaxınlığında Olimpiya Kompleksi tikilir. Bundan başqa, Heydər Əliyev prospektində ucaldılan “Şahmat məktəbi” də rayonumuzun gənclərinə gözəl hədiyyə olacaq.
    Qocaman təhsil ocağı olan şəhər 1 saylı tam orta məktəbi üçün tikilən müasir bina, kəndlərimizdə inşa olunan məktəb binaları dövlət başçısı İlham Əliyevin və ölkəmizin birinci xanımı Mehriban Əliyevanın gənclərə, onların fiziki və mənəvi inkişafına göstərdikləri qayğının təzahürüdür.
    Tərtərin balaca sakinləri də unudulmayıb. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarına uyğun olaraq rayonumuzun Seydimli, Cüləbatlı kəndlərində körpələr evi-uşaq bağçaları əsaslı təmirdən sonra lazımi inventarlarla təchiz olunaraq istifadəyə verilib. Şəhərin Nizami küçəsində 100 yerlik körpələr evi-uşaq bağçasının tikintisi davam etdirilir, E.Səfərov küçəsindəki 100 yerlik məktəbəqədər müəssisənin ti-kintisi üçün layihə-smeta sənədləri hazırlanıb.

    YAŞILLIQLAR ŞƏHƏRİ

    I, II və III Dövlət Proqramlarının yerinə yetirilməsi zamanı şəhər və kəndlərin abad- laşdırılması, yenidən qurulması ilə yanaşı həm də yaşıllaşdırma işləri diqqət mərkəzində saxlanılıb.
    Xüsusən Heydər Parkında yüzlərlə dekorativ ağac və gül kolu əkilib. Burada şərq üslubunun və müasirliyin birləşmə-sindən orijinal bir istirahət guşəsi yaradılıb. Rayonumuzdakı Heydər Əliyev Mərkəzi də bu parkda yerləşir.
    Sabir parkı da müasir görkəmi ilə tərtərlilərin və qonaqların zövqünü oxşayır.
    “İDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Ümumrespublika yaşıllaşdırma marafonu” çərçivəsində ca-ri ildə Tərtərdə 17.000 müxtəlif növ ağac əkilib.
    Rayonda daha bir park Tərtər çayının sahilində 2,5 hektar ərazidə salınacaq. Bu məqsədlə hazırlıq işləri aparılıb. Ərazi təmizlənib, hamarlanıb, mövcud ağaclar budanaraq formaya salınıb.

    YOLLAR ABADLAŞ­DIRILIB

    Son illər yolların yenidən tikilməsi və təmiri diqqət mərkəzindədir. Dövlət başçısının sərəncamlarına əsasən 7 yaşayış məntəqəsini birləşdirən Bayandur-Ələsgərli və 5 yaşayış məntəqəsini birləşdirən Cəmilli-Dəmirçilər yolları yenidən tikilib. Bundan əlavə kənd bələdiyyələrinin vəsaiti hesabına Qarağacı, Qapanlı. Yuxarı Qaradağlı, Bəyimsarov, Hacıqərvənd və digər kəndlərdə yollar təmir edilib.

    İQTİSADİYYAT GÜCLƏNİB

    Rayonda kənd təsərrüfatı məhsulları istehsalı əvvəlki illərlə müqayisədə xeyli yüksəlib. İri fermer təsərrüfatları yaradılıb və onların fəaliyyətinə diqqət artıb. Sərsəng Su Anbarı işğal altında olduğuna görə yay fəslində rayonda su çatışmazlığı yarandığı nəzərə alınaraq, dövlət başçısının sərəncamı ilə rayon ərazisində 2014-cü ildə əlavə 31 subartezian quyusu qazılıb istifadəyə verilib. Cari ildə isə 14 ədəd quyunun qazılması nəzərdə tutulub və hazırda qazma işlərinə başlanılıb.

    Heyvandarlığın inkişafını tə-min edən əsas amillərdən biri mal-qaranın cins tərkibinin yax-şılaşdırılmasıdır. Bu məqsədlə təkcə bu ilin birinci yarısında rayona 7 baş cins mal gətirilib. Hazırda Hüsənli kəndindəki eksperimental cins damazlıq kəndli-fermer təsərrüfatında zebu saxlanılır ki, ondan alınan hibridlər heyvandarlığın ətlik istiqamətində inkişafinda mühüm əhəmiyyət kəsb edir.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev regionların sosial-iqtisadi inkişafına dair III Dövlət Proqramı haqqında demişdir: “Bu da əvvəlki proqramlar kimi çox müfəssəl bir sənəddir. Proqramda bütün məsələlər öz əksini tapıbdır. Hər bir rayon üzrə konkret vəzifələr, tapşırıqlar vardır. Təbii ki, icra mexanizmləri, maliyyə resursları da bu proqramı dəstəkləyir. Əminəm ki, 2018-ci ilə qədər bu proqramın icrası nəticəsində bölgələrdə əsas sosial infrastruktur, iqtisadi məsələlər öz həllini tapacaqdır.”
    Azərbaycanın digər bölgələrində olduğu kimi, Tərtər rayonunda da III Dövlət Proqramı uğurla yerinə yetirilir. Bu, konkret işlərdə, hər gün qazanılan uğurlarda öz əksini tapır.

    Svetlana Bağırova,

    (Azərbaycan Respublikasının Prezidenti yanında

    Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət

    Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün)

    Müəllif: Redaktor, 14:59

    Teqlər:

İsmarıclar bağlıdır.