Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31Yan

    BİR OCAĞIN ŞÖLƏLƏRİ

    runousŞairliyi Tanrı hər kəsə qismət eləmir və bu, həyatda qazanılan vərdişlərdən deyil. Şair gərək anadangəlmə şair olsun. Yəni Allahın bəxş etdiyi fitri istedad ana bətnində ikən lütf olunmalıdır, süddən və qandan qaynaqlanmalıdır, yoxsa sonradan şair olmaq mümkün deyil, istəyirsən on universitet bitir, məhşur alim ol, akademik ol. Şairlik sənə fitrən verilməyibsə, özünü yorub biabır eləmə, çıx get bacardığın işlə məşğul ol.
    Bir isti ocağın bir şair oğlu ilə tanışam. Onunla bir yerdə olanda rahatlıq tapıram, yazdığı şeirləri dinlədikcə poeziyaya ac qalan mənəvi dunyam doyur, qəribə duyğular çulğalayır məni, hisslərimə sığal çəkilir.
    Yurdumuzun bu şair oğlu hazırda Tərtər rayonunun İrəvanlı kəndində yaşayan əslən Qərbi Azərbaycandan olan Talıb Məmmədlidir (Həsənoğlu). Mənəviyyatı o qədər zəngindir ki, belə “var-dövlət” dünyanın ən varlı adamlarında ola bilməz.
    Sonradan öyrəndim ki, bu duyğusal poeziya dünyası təkcə Talıb Məmmədliyə məxsus deyil, onun rəhmətlik atası Həsən Musa oğlu da, bibisi Məryəm Musa qızı da, qardaşları Bəxtiyar, Mayıl Asiman, Cavanşir Həsənoğulları da eyni ocağın söz şölələridir. Buna görə də qərara aldım ki, Talıb Məmmədli Həsən oğlunun ozü ilə bərabər bu ocağın poetik qələm sahiblərini sizə təqdim edim.

    Tofiq YUSİF

    21Həsən Musa oğlu 1930-cu ildə Dərələyəz mahalının Qaraqaya kəndində anadan olub. Tərtər rayonunun İrəvanlı kəndində vəfat edib.
    Çörək
    Çörəyə xor baxma, ey insan oğlu,
    Elin bərəkəti çörək deyilmi?
    Canların sağlığı, gözlərin nuru,
    Dizlərin taqəti çörək deyilmi?

    Çörək bir sütundur, dünya bir bina,
    Əzəldən dayaqdır çatınca sona.
    Olmasa dağılar, qalar virana
    Ən böyük sərvəti çörək deyilmi?

    Şahidiyəm onsuz aman–ahların,
    Cəmindən kəskindir o silahların.
    Süfrə açıb, ad qazanan şahların,
    De, şanı, şöhrəti çörək deyilmi?

    Onsuz nə səfası vüqarlı dağın?
    Suyu içilərmi ayna bulağın?
    Mötəbər məclisin, ağır yığnağın
    Ən şirin neməti çörək deyilmi?

    Unutma Həsənin nəsihətini,
    Uca tut Tanrının bu nemətini.
    Ək, becər, çək onun əziyyətini,
    Yaşadan xilqəti çörək deyilmi?

    2Məryəm Musa qızı 1941-ci ildə Dərələyəz mahalının Qaraqaya kəndində anadan olub.Hazırda Şəki rayonunun Şəkikəndi kəndində yaşayır.
    Qismət olmadı
    Namə, tez get yetiş sən bizim elə,
    Söylə, sağalmağa güman qalmadı.
    Danış mən əvəzdən şirin dil ilə,
    Bəlkə dillər mənə qismət olmadı.

    Gələn namələrə cavab söylərəm,
    Bu günümdə gül-çiçəyi neylərəm?
    Vəsiyyətim həkimlərə eylərəm,
    Bəlkə ellər mənə qismət olmadı.

    Görsən, söylə mən məzlumun anasın,
    Artıq görməyəcək bir də balasın.
    Qız-gəlinlər dərsin dağlar lalasın,
    Bəlkə güllər mənə qismət olmadı.

    Bəxt yetirdi məni çox bəd illərə,
    Xəstə halda düşdüm qürbət ellərə.
    Məndən salam söylə bizim ellərə,
    Bəlkə yollar mənə qismət olmadı.

    Qaydadır, pərvanə odlara yanar,
    Xəstə dərd əlindən candan usanar.
    Məryəm də günləri, ayları sanar,
    Bəlkə illər mənə qismət olmadı.

                                      Bəxtiyar Həsən oğlu 1952-ci ildə Tərtər rayonunun İrəvanlı kəndində anadan olub. Hazırda Bakı şəhərində yaşayır121

    Bir zamanlar bizim idi o dağlar
    Yay olanda zirvəsinə qonardım,
    Qış olanda sazağında donardım
    Mən dağları candan əziz sanardım,
    Mənim canım, gözüm idi o dağlar.

    Doğma idi hər qayası, hər daşı,
    Gül ətəyi, göy yamacı, ağ başı,
    Vətən ilə, ana ilə yanaşı
    Ən müqəddəs sözüm idi o dağlar.

    Hər tutanda o dağlara üzümü,
    Bir yenilməz ər sanardım özümü,
    Ayrı düşüb itirmişəm dözümü,
    Ürəyimdə dözüm idi o dağlar.

    Dar ayaqda cürətimiz olmadı,
    Birliyimiz, vəhdətimiz olmadı.
    Qorumağa qeyrətimiz olmadı,
    Axı, bizə lazım idi o dağlar!

    Bəxtiyaram, taleyimi söyürəm,
    Alışıram, oddan köynək geyirəm.
    Həsrət-həsrət indi baxıb deyirəm:
    Bir zamanlar bizim idi o dağlar.

    1Talıb Həsənoğlu 1958-ci il Tərtər rayonunun İrəvanlı kəndində anadan olub. Hazırda orada yaşayır.
    Çıx get
    Dərdim, hansı dildə dinək səninlə?
    Azca qılığıma gir belə, çıx get.
    Nələr eləmisən, nələr çəkmişəm,
    Qalsın aramızda sirr belə, çıx get.

    Hayana üz tutdum, yanımda oldun,
    Axşamımda oldun, danımda oldun.
    Can sırdaşım kimi canımda oldun,
    Ayrı qəhətdimi yer belə, çıx get.

    Bəsdir, şirin-şirin dilə tutmusan,
    Qula döndərmisən, kölə tutmusan.
    Bu fağır yaxamnan elə tutmusan,
    Tutmaz tutduğunu kor belə, çıx get.

    Namərdlər becərib mərdə verdilər,
    Xeyirdə tanıdıb, şərdə verdilər.
    Göydən gəlmədin ki, yerdə verdilər,
    Allahı arada gör belə, çıx get.

    Talıb yalvardıqca ərk ilə dindin,
    Şıltaq uşaq kimi boynuma mindin.
    Ruhuma sarışdın, cismimə sindin,
    Dərd də sırtılarmı bir belə, çıx get?!

    1492342473_asiMayıl Asiman Həsən oğlu 1961-ci ildə Tərtər rayonunda anadan olub. Hazırda Bakı şəhərində yaşayır.
    Al, get
    Deyirsən: izn ver qadanı alım,
    Qadamı qıymaram, canımı al, get.
    Gözləmə eşqini kəməndə salım,
    Bacarsan sən məni kəməndə sal, get.

    Demirəm çaxasan odlu çaxışla,
    Görüb vurulasan bircə baxışla.
    Bu viran könlümü bəzə, naxışla,
    Özün öz əlinlə nizama sal, get.

    Nur çilə ömrümə gələn yaz kimi,
    Yayıl pərdə-pərdə xoş avaz kimi,
    Çək, köklə ruhumu telli saz kimi,
    Al sinən üstünə, dilləndir, çal, get.

    Mayılam, tək sənə düşübdür yönüm,
    Bu geniş cahanda sənsiz yox günüm,
    Ərkini az eylə, başına dönüm,
    Nazınla qoymadın canımda hal, get.

    123Cavanşir Həsənoğlu 1963-cü ildə Tərtər rayonunun İrəvanlı kəndində anadan olub. Hazırda Bakı şəhərində yaşayır.
    Getdi
    Ata yurdlarımız viranə qaldı,
    Dağıldı ellərin binası, getdi.
    Fələk yuvasından didərgin saldı,
    Uçdu o göllərin sonası,getdi,

    Adam düşündükcə gəlir dəhşətə,
    El-eldən ayrılıb düşdü qürbətə.
    Ürəklər dözmədi bu müsibətə,
    Neçə oğulların anası getdi!

    Nə qədər zavallı el gözəlinin,
    Pozuldu düzümü siyah telinin.
    Gözüyaşlı qaldı qızın, gəlinin,
    Silindi əlinin xınası, getdi.

    Cavanşir, bu dövran hədərdi, heçdi,
    Qoşul köçənlərə köç, köçhaköçdü.
    İnsanın ki, ömrü qürbətdə keçdi
    Bil ki, yaşamağın mənası getdi.

    Müəllif: Redaktor, 11:44

    Teqlər:

İsmarıclar bağlıdır.