Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 14Mar

    KƏNDDƏ NOVRUZ BAYRAMI                                       Tofiq YUSİF

    Axşamın sevinci od tutub yanır—
    Bayram tonqalları qanada dönür.
    Birinin istəyi oddan tullanır,
    Bütün kənd uşağı inada dönür.

     

    Nə yaxşı bir ümman el yığnağından
    Bu sısqa çeşməmsiz yaşayır hələ!
    Qorxmasa o yanda yıxılmağından
    Tonqaldan hoppanar qocalar belə.

    Bu gecə sözlərə sığal çəkilər,
    Açılar gənclərin küsü düyünü.
    Bir qızı yorubdu «bir az gözlə»lər,
    Xınaya bükəcək bayram gününü.

    Budaqlar bürünər yaşıl sevincə,
    Göyərən səməni kövrək arzudur.
    Gəlin gətirərlər yazı bu gecə,
    Bu qız fəsillərin nazlı qızıdır.

    Dərdli sinələrin ovunar qəmi,
    Tonqaldan tullanıb gələr bu bahar.
    Bu gecə bir nəhəng çilçıraq kimi
    Kəndi dağ döşündən asıb uşaqlar.

    Yanan şam Leylini gətirər yada…
    Bahar nəğmələri tükənib bitməz.
    İçəri atılmış iri torba da
    Bayram sovqatını almasa getməz.

    Qapı arxasından söz püsüb biri
    Qəlbində xoş niyyət tutub sınayar.
    Qırmızı yumurta uduzub biri
    Bu işdə toyuğu günahkar sayar.

    Elə bil düşübdü kəndlərin bəhsi:
    «Görək qaranlığı kim yandıracaq?».
    Bu gecə yatmayan uşaq həvəsi
    Sabah siniflərdə mürgü vuracaq.

    Oxuyurdu bahar dərə dolusu—
    Şəlalə simliydi bu gün qayalar.
    Bu yazın əlində bulud dolu su—
    Qorxurdu düz-dünya birdən od alar.

    «Çiçəyi çırtlayar» nişanlılıarın—
    Xonçalı gündüz var, görüşlü axşam.
    Sinəmdə sevinci gələn baharın,
    Ömrün payızıyla qucaqlaşmışam.

    Bayram saxlancıdır süfrələrdəki,
    Gizli düyüncələr açılıb təmiz.
    Balınca söykənən babalar təki
    Yaza söykənibdir indi kəndimiz.

    Təbiət geyinir yaşıl kürkünü,
    İtiyi qayıdır göy meşələrin.
    Dözməyib altında ətir yükünün
    Boynu bükülübdü bənövşələrin.

    Müəllif: Redaktor, 10:36

    Teqlər:

İsmarıclar bağlıdır.