Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 15İyl

    İnkişaf yolu və müasirlik
    hesen-bey-zerdabiİyulun 22-də Azərbaycan milli mətbuatının yaranmasının 140-cı ili tamam olur. Azərbaycan jurnalistikasının kеçdiyi şərəfli və keşməkeşli yol məhz 1875-ci il iyul ayının 22-dən – “Əkinçi” qəzetinin ilk nömrəsinin işıq üzü gördüyü gündən başlanır. Azərbaycan jurnalistləri bu günü öz peşə bayramları kimi qeyd edirlər.
    Hazırda ölkəmizdə mətbuatın inkişafına hər cür qayğı və diqqət göstərilir. Bu uğurların başlanğıcı 22 il əvvələ gedib çıxır. Azərbaycan dövlət müstəqilliyini 1991-ci ildə qazanmasına baxmayaraq, ölkəmizdə mətbuat və söz azadlığının təmin edilməsi Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Məhz o dövrdən başlayaraq jurnalistlərin sərbəst fəaliyyəti təmin edildi. Sərbəst sözün və fikir azadlığının bərqərar olunmasını 1995-ci ildə qəbul edilən Konstitusiya da hüquqi baxımdan təsdiqlədi. Ümummilli Lider Heydər Əliyevin 1998-ci il avqustun 6-da imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərmanı ilə ölkəmizdə senzuranın birdəfəlik ləğv edilməsi KİV-in sərbəst fəaliyyəti, inkişafı ilə bağlı milli mətbuatımızın tarixində ən mühüm hadisə oldu. Həmin fərmanla informasiya vasitələri üzərində senzura fəaliyyətini həyata keçirən “Qlavlit” deyilən qurum ləğv edildi. Fərmanla həmçinin Azərbaycan Prezidentinin hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərmanı, eləcə də bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncamı qüvvədən düşmüş hesab olundu. Bu qətiyyətli addım Azərbaycan milli mətbuatının ilk dəfə senzuradan tamamilə azad edilməsi demək idi.
    11 may 2002-ci il tarixdə “Kütləvi informasiya vasitələri haqqında”, 2005-ci il 19 dekabr tarixdə “İnformasiya azadlığı haqqında” qanunlar qəbul edildi.
    2000-ci ildə Mətbuat və Kütləvi İnformasiya Nazirliyi ləğv edildi və bununla da dövlət mətbuat üzərində nəzarət funksiyasından imtina etdi.
    2003-cü ildə mətbuatda özünütənzimləmə funksiyasını həyata keçirən Mətbuat Şurası yaradıldı.
    2003-cü ildən sonra ölkəmizin dinamik inkişaf mərhələsinə qədəm qoymasına nail olan Prezident İlham Əliyev söz və mətbuat azadlığını daim diqqət mərkəzində saxlayır. Dövlət başçısının 2008-ci il 31 iyul tarixli “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında”, eləcə də “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi haqqında” sərəncamları ilə mətbuata göstərilən dövlət qayğısı davamlı xarakter daşıyır.
    Prezidentin 2009-cu il 3 aprel tarixli “Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında” sərəncam da məhz Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasında əksini tapmış məsələlərin praktik surətdə gerçəkləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
    Ölkə başçısının “Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında” 2015-ci il 2 iyun ta-rixli sərəncamı ilə əlaqədar hazırda respublikamızda silsilə tədbirlər keçirilir. Zərdab rayonunda təşkil olunan regional konfransda qəzetimizin baş redaktoru Tofiq Yusif iştirak etmiş, “Yeni Tərtər” qəzetinin timsalında yerli qəzetlərə göstərilən dövlət qayğısından, eyni zamanda milli mətbuatımızın tarixi və müasir şəraitdə mətbuat işçilərinin üzərinə düşən vəzifələrdən danışmışdır.
    Milli mətbuatımızın 140 illik yubileyi bizim “Yeni Tərtər”qəzetinin, yəni 7 illik fasilədən sonra Tərtər rayon qəzetinin yenidən nəşrə başlamasının 10 illik yubileyinə təsadüf edir. Hər iki tarix qəzetimizin kollektivi üçün əlamətdardır və inanırıq ki, qarşıdakı illər daha uğurlu hadisələrlə yaddaqalan olacaq.

        “Yeni Tərtər”

    Müəllif: Redaktor, 13:05

İsmarıclar bağlıdır.