Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 27Apr

    Ölkəmiz ikinci dəfə müstəqillik əldə etdikdən sonra bir çox sahələr kimi mətbuatda da islahatlar aparılmağa başlandı. Senzura aradan götürüldü, qəzet və jurnallara sərbəstlik verildi. İndi hər bir Azərbaycan vətəndaşı Ədliyyə Nazirliyindən qeydiyyatdan keçib, müstəqil qəzet nəşr etdirə bilər.
    Lakin şərtlərin bu qədər asan olması cəmiyyətimizə fayda verməklə yanaşı, həm də “reket jurnalistika” kimi bir bəlanı meydana gətirdi ki, bu gün onunla mübarizə hər birimizi ciddi surətdə düşündürür.
    Reket jurnalistika nədir? Məlumdur ki, hər bir işi görməzdən əvvəl onun maddi bazası barədə düşünmək lazımdır. Bu baza necə yaranacaq, hansı yollarla tənzimlənəcək və s. Məsələn, rayon qəzeti olaraq biz abunəçilərimizin hesabımıza köçürdükləri vəsait hesabına fəaliyyət göstəririk. Bəs, heç bir abunəçisi, reklam bazarı olmayan mətbu orqanlar nə edirlər? Qapı-qapı düşüb, mədəni “dilənçilik” lə məşğul olurlar. Yəni hər hansı bir materialı yazmamışdan əvvəl bunun müqabilində müəyyən miqdarda pul tələb edirlər. Bəzən heç yazı da olmur. Elə beləcə vəzifəli şəxslərin qapısını döyərək, deyirlər:
    –Gəlmişik, bizi yola salın.
    Bu isə qədim peşə olan jurnalistikanı hörmətdən salır, həyatını bu işə sərf edən vicdanlı insanların heysiyyatına toxunur. Bu cür “reket” jurnalistlərin əksəriyyəti bəlkə də heç orta məktəbi bitirməyiblər, yazının qayda-qanunlarından xəbələri yoxdur. Ən acınacaqlısı budur ki, reket jurnalistlərin əksəriyyətini cavan qadınlar təşkil edirlər. Qəzet və jurnal təsisçiləri onlardan pul yığmaq aləti kimi istifadə edirlər.
    Bu yaxınlarda keçirilən Azərbaycan jurnalistlərinin VII qurultayında reket jurnalistika ilə mübarizə barədə geniş müzakirələr aparıldı, ölkənin tanınmış qələm sahibləri dedilər ki, belələrini görəndə biz öz diplomlarımızdan utanırıq. Məhz buna görə də cəmiyyətin özü ilə bərabər Azərbaycan Mətbuat Şurası, müvafiq dövlət strukturları belə hallara qarşı tədbir görməlidirlər.
    Əsl jurnalistlər cəmiyyətdə seçilməlidirlər. İstər onlara Mətbuat Şurasının müvafiq sənədləri verilsin, istər digər tədbirlər görülsün, amma bilinməlidir ki, kim kimdir.
    Reket jurnalistlər yağışdan sonra çıxan göbələk kimi artsalar da, onların fəaliyyəti uzun çəkmir. Tezliklə kim olduqları aşkara çıxır və onlar sıralarımızı tərk edirlər. Bizə qalan isə öz qədim və gözəl peşəmiz və bu peşəyə illər boyu sədaqətlə xidmət edənlərdir.

    Svetlana BAĞIROVA

    Müəllif: Redaktor, 12:25

    Teqlər:

İsmarıclar bağlıdır.