Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 08May

    HEYDƏR ƏLİYEV AZƏRBAYCAN RESPUBLİKASINDA HÜQUQİ DÖVLƏTİN QURUCUSUDUR

    Azərbaycan Respublikasının dünya dövlətləri sırasında özünəməxsus yer tutmasında, ən nüfuzlu beynəlxalq təşkilatların üzvü olmaqla demokratik, dünyəvi, hüquqi bir dövlət kimi formalaşmasında əvəzsiz xidməti olan müstəqilliyimizin xilaskarı, dövlətimizin qurucusu Ümummilli Lider Heydər Əliyevin 2018-ci il may ayının 10-da anadan olmasının 95-ci ildönümü böyük coşqu, sevinc və hörmətlə bütün xalqımız tərəfindən qeyd edilir.
    Dövlətçilik və idarəçilik təcrübəsi, vətənpərvərliyi, ağlı, zəkası, siyasi bacarığı, xalqına təmənnasız sevgisi ilə Heydər Əliyev hər bir azərbaycanlı üçün böyük örnək olmaqla azərbaycançılığı, Azərbaycanı burada yaşayan bütün millətlər və xalqlar üçün Böyük Vətən kimi sevməyi əsas tutan əvəzolunmaz ideyanın müəllifi və yaradıcısıdır.
    Ümummilli Liderin anadan olmasının 95-ci ildönümü ərəfəsində yaxın tariximizi təhlil edərkən Heydər Əliyevin yox olma astanasında olan bir dövləti yenidən qurmasının və dünya dövlətləri sırasında söz sahibinə çevirməsinin qürurunu yaşayırıq. Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı ərəfəsində 1988-ci ildə xalqımızın müstəqillik uğrunda mübarizəsini beşikdəcə boğmaq üçün tarixən olduğu kimi yenə də erməni məsələsi ortaya atılmış, er-mənilər imperiyapərəst qüvvələr tərəfindən Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi iddiası ilə üzərimizə salınmış, torpaqlarımızın bir hissəsi erməni adı ilə işğal edilmiş, azərbaycanlılar ata-baba yurdu olan Qərbi Azərbaycandan amansızlıqla qovulmuş, 1 milyondan artıq insan öz ölkəsində qaçqın və məcburi köçkünə çevrilmiş, yüzlərlə vətən övladı torpağımızın müdafiəsi uğrunda döyüşlərdə şəhid və əlil olmuşdu. Dövlətin səriştəsiz idarə edilməsindən rəvac almış başıpozuqluq və xaos xalqı vətəndaş müharibəsi həddinə gətirmiş, idarəetmə sistemi iflic olmuş, müharibə aparan bir dövlətdə ordu ümumiyyətlə qurulmamış, ayrı-ayrı məmurların özbaşınalığı və daxili çəkişmələri Azərbaycan adlanan dövlətin sonrakı mövcudluğunu şübhə altına salmışdı.
    Heydər Əliyev məhz belə bir tarixi məqamda hakimiyyətə dəvət edildi və 1993-cü ilin iyunun 9-da Bakıya gəldi. Onun gəlişi bir xilaskarın gəlişi idi, bu, təbibin ən ümidsiz anda xəstəni müalicə etmək üçün gəlməsinə bənzəyirdi. Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevin «Əsl vətəndaş, böyük şəxsiyyət və qüdrətli lider haqqında bəzi düşüncələr» əsərində qeyd etdiyi kimi, «1993-cü ilin iyununda Azərbaycan xalqı müstəqilliyə qovuşmuş dövlətin idarə olunmasını Heydər Əliyevə etibar etdikdə, bu dövlətin taleyi Tanrının ümidinə qalmışdı».
    İkinci dəfə 1993-cü ilin iyun ayında Azərbaycana hakimiyyətə qayıdan Heydər Əliyev, «Mən Azərbaycanın müstəqilliyini Azərbaycan xalqı üçün böyük nailiyyət hesab etmişəm və bu müstəqilliyin əldə olunmasına xidmət etmişəm. Bundan sonra ömrümün qalan hissəsini də Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, inkişaf etməsinə sərf edəcəyəm» deyərək bütün xalqı vətəndaş həmrəyliyinə dəvət etdi: «Mən rica edirəm, kiçik hissiyatı kənara qoymaq lazımdır, xırda dedi-qodunu kənara qoymaq lazımdır, bunların vaxtı deyil… ». Bu, vətənin ən ağır günlərində milli birliyə, həmrəyliyə, ümumi düşmənlərə qarşı birgə mübarizəyə çağırış idi. Lakin böyük dövlət xadiminin bu çağırışı yenə də bir çoxlarını öz niyyətlərindən çəkindirmədi, nəticədə 1993-cü ilin avqust ayında Lənkəran və 1994-cü ildə Gəncə hadisələri, 1995-ci ilin martında Bakıda dövlət çevrilişinə cəhd cinayətləri törədildi və həmin cinayətlərin qarşısı vaxtında rəhbərlə xalqın möhkəm birliyi və iradəsi sa-yəsində alındı.
    Artıq ölkədə ictimai-siyasi sabitlik qismən bərpa edildi və 1994-cü ilin may ayında cəbhədə atəşkəs elan edildi. Bundan sonra Heydər Əliyev Azərbaycanda dağılmış dövlət strukturunu bərpa etmək və işə salmaq istiqamətində fəaliyyətə başladı. İlk addım kimi Heydər Əliyev müstəqil Azərbaycanın Konstitusiyasının hazırlanmasını zəruri bildi. Heydər Əliyev Əsas Qanunun parametrlərini belə müəyyən edirdi: «Biz elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun. Ona görə də üzərimizə düşən vəzifə həm şərəflidir, həm də çox çətindir. Konstitusiyamız Azərbaycanda məhz demokratik, hüquqi, dünyəvi, sivilizasiyalı bir dövlət qurmaq üçün əsas yaratmalıdır, onun əsas qanunu olmalıdır. Hakimiyyət bölgüsü, ali icra, qanunvericilik, məhkəmə hakimiyyətləri–bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır. Dövlət xalqın işi olmalıdır. Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır». 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə ilk milli Konstitusiyamız qəbul edildi. Ötən dövr ərzində ölkəmizin inkişafına uyğun olaraq 2002-ci il avqust ayının 24-də, 2009-cu il mart ayının 18-də, 2016-cı il sentyabr ayının 26-da ümumxalq səsverməsi (referendum) yolu ilə Konstitusiyada əlavə və dəyişikliklər edilməklə Əsas Qanun təkmilləşdirildi.
    Ölkəmizdə hüquqi islahatların həyata keçirilməsi ilə bağlı “Məhkəmələr və hakimlər haqqında”, “Konstitusiya Məhkəməsi haqqında”, “Prokurorluq haqqında”, “Polis haqqında” Qanunlar və digər qanunların qəbul edilməsi ölkəmizdə məhkəmə-hüquq islahatları sahəsində atılan ilk, lakin çox vacib addım olmaqla müstəqil məhkəmə sisteminin yaradılmasına və fəaliyyət göstərməsinə imkan yaratmışdır. 7.12.1999-cu ildə «Prokurorluq haqqında» Qanun qəbul edilməklə yeni milli Prokurorluğun əsası qoyuldu. Cinayət mühakimə icraatında insan hüquqlarının daha etibarlı təminatı, cinayət prosesinin çəkişmə prinsipi əsasında həyata keçirilməsi, təqsirsizlik prezumpsiyasına dəqiq və dönmədən əməl edilməsi prokurorluğu cəza orqanından dövlətin və vətəndaşların hüquq və mənafelərini cinayətkar qəsdlərdən qoruyan orqana çevirdi. Ümummilli Lider qeyd edirdi ki, «Azərbaycan Prezidenti kimi mən, Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm və arxalanıram».
    Azərbaycan Respublikasının məhkəmə sistemində əsaslı dəyişikliklər edildi. 2000-ci ildə birinci instansiya, apellyasiya və kassasiya instansiyası olmaqla yeni 3 pilləli məhkəmə sistemi təşkil edildi və hakimlərin test üsulu ilə vəzifəyə təyin olunması təmin olundu ki, bu da ədalət mühakiməsinin səviyyəsinin yüksəldilməsinə şərait yaratdı. 5 mart 2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında» Konstitusiya Qanununun tətbiq olunması haqqında Fərman imzalanmaqla İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatının yaradılması Konstitusiyada təsbit edilmiş hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu ilə bağlı aparılan hüquqi islahatların məntiqi davamı kimi, insan hüquqlarının müdafiəsinin səmərəli mexanizminin müəyyən edilməsi sahəsində mühüm bir irəliləyiş oldu.
    Azərbaycan Respublikasında daxili qanunvericiliyin insan hüquqları və əsas azadlıqları ilə bağlı beynəlxalq normalara uyğunlaşdırılması yeni Cinayət və Cinayət Prosessual, Mülki və Mülki Prosessual, «İnzibati Xətalar», «Cəzaların icrası», «Əmək məcəlləsi» və digər qanunvericilik aktlarının qəbulunda da tətbiq olunmuş, həmin qanunlar qəbul edilərkən onların insan hüquqlarının müdafiəsi üzrə ixtisaslaşmış beynəlxalq qurumların, Azərbaycanın da qoşulduğu Beynəlxalq Konvensiyaların müddəalarına, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna uy-ğunluğu xüsusi diqqət mərkəzində saxlanmışdır.
    Azərbaycan regional və qlobal səviyyədə fəaliyyəti, o cümlədən beynəlxalq arenada əməkdaşlığı genişləndirərək Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, İslam Konfransı Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və çoxlu sayda digər təşkilatlara üzv olmuşdur. Azərbaycan Respublikası həmçinin GUAM regional qrupunun təsisçilərindən biridir. Müasir şərait köhnə nüfuz dairələri modeli əsasında deyil, həqiqi mənada tərəfdaşlıq və əməkdaşlığa söykənən Avropa təhlükəsizlik və ümumi rifah strukturunun yaradılmasına unikal bir fürsət verir, lakin eyni zamanda yeni tipli təhdidlərin yaranmasına səbəb olur. Bunun üçün Azərbaycan yaranmış obyektiv vəziyyəti nəzərə alaraq, NATO və Avropa Birliyi kimi qurumlarla əməkdaşlığı, eləcə də antiterror koalisiyası tərkibində fəaliyyəti durmadan inkişaf etdirir.
    Müstəqil Azərbaycanın demokratik, hüquqi və hümanizm prinsiplərinə sadiq bir dövlət kimi qurulması onun ilk addımlarından görünürdü. Umummilli Liderin təşəbbüsü ilə 1993-cü ildə Azərbaycanda ölüm cəzasının icrasına moratorium qoyuldu, 10 fevral 1998-ci ildə isə ölüm cəzası ləğv edildi. Ümummilli lider qeyd edirdi ki, “Mən, cinayət-hüquq siyasətini hərtərəfli təhlil edərək, ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək ideallara sadiq qalaraq, ölkəmizdə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəlib bu tarixi bəyanatı vermişəm”. Müstəqil Azərbaycan Respublikasının mövcudluğu dövründə 11 amnistiya və 63 əfv aktlarının qəbul edilməsi və bu aktlarla minlərlə məhkumun cəzadan və ya cinayət məsuliyyətindən azad edilməsi, cəzasının azaldılması Heydər Əliyevin qurduğu Azərbaycan Respublikasının öz vətəndaşlarının hüquq və azadlıqlarının qorunmasına və rifahınının yüksəldilməsinə xidmət etməsinin bariz nümunəsidir.
    2018-ci il aprel ayının 11-də keçirilmiş prezident seçkilərində fəallıqla iştirak edən Azərbaycan xalqının, o cümlədən Tərtər rayon sakinlərinin Heydər Əliyev kursunu inamla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi xəttini dəstəkləməsi Heydər Əliyev ideyalarının əbədiyaşar xarakterini təsdiq etdi.
    Tərtər rayon prokurorluğunun kollektivi də bu gün düşmənlə təmas xəttində yerləşən, gündən-günə abadlaşan və gözəlləşən Tərtər rayonunda xidmət göstərməsindən qürur hissi keçirərək ölkəmizdə cinayətkarlığa qarşı mübarizə aparır və daxili sabitliyin qorunub saxlanmasında Ümummilli Lider Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanın sabit inkişafına yardımçı olmağa çalışır.

    Şıxəli ALMƏMMƏDOV,
    Tərtər rayon prokuroru,
    baş ədliyyə müşaviri

    Müəllif: Redaktor, 15:24

    Teqlər:

İsmarıclar bağlıdır.