Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18May

    Xalqımızın yaddaqalan mənalı, gözəl bir deyimi var: “Filankəsə Allah rəhmət eləsin, el adamı idi. Eldən getdi”.
    El adamı idi ona görə deyirlər ki, həmişə elin hər işinə yarayır. Lazım gələndə insanlara dəyərli məsləhətlər verir. Belə insanlar onu tanıyanların qəlbində yaşayır, yaddan çıxmır, xoş xatirələrlə daim anılır.
    Belə insanlardan biri də rayonumuzda hamının yaxşı tanıdığı Əliyev Rəşid Şirin oğludu. Rayonda hamı ona “Rəşid müəllim” deyə müraciət edərdi. Rəşid Şirin oğlu Əliyev 1942-ci ildə Tərtər rayonunun Borsunlu kəndində ziyalı ailəsində anadan olub. Rəhmətlik atası Şirin kişi 4 kəndi birləşdirən “Özbəkistan” kolxozunda üzun illər baş mühasib işləyib. 1984-cü ildə dünyasını dəyişib. Rəşid Əliyevin həyat yoldaşı Barat müəllim 10 ildən çox şəhər 1 saylı tam orta məktəbində dərs hissə müdiri işləyib. Hazırda təqaüdçüdür.
    Rəşid müəllim bu ilin aprel aynda 76 yaşında dünyasnı dəyişdi. Bu bəd xəbər onu tanıyanların qəlbini sızlatdı, eşidib-bilən hamı ona rəhmət oxudu.
    O, 1962-cı ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olmuş, 1967-ci ildə oranı bitirmişdir. Həmin ildən təyinatla Mirbəsir (Tərtər) Rayon Kənd Təsərrüfatı İdarəsinə işə göndərilmişdir. 1967-81-ci illərdə rayon kolxozlararası tikinti idarəsində texniki nəzarət şöbəsinin iqtisadçısı, 1981-84-cü illərdə kənd təsərrüfatı məhsullarının tədarükü və keyfiyyəti üzrə müfəttiş, 1984-87-ci illərdə Qaradağlı pambıq tədarükü məntəqəsində müdir və II zona üzrə əmtəəşünas vəzifələrində, 1989-cu ildə aqrar sənaye birliyinin sədr müavini, həmin ildən 2011-ci ilədək isə rayon statistika idarəsinin rəisi işləmişdir. 1998-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü olub. Harada işləyibsə, orada bütün kollektivin hörmətini qazanıb. İşlədiyi illərdə dövlət tərəfindən ona verilən mükafatları saymaqla qurtarmaz. Təəssüflər olsun ki, belə bir insan haqqında keçmiş zamanda danışırıq.
    Rəşid müəllimin 3 övladı – 1 qızı, 2 oğlu var. Hər üçü də ali təhsillidir. Qızı Sevda Əliyeva rayon mərkəzi xəstəxanasında baş həkimin müavini işləyir. Sevda həkimdən atası haqqında soruşanda, suallarımı belə cavablandırdı:
    –Atam həddən artıq mehriban, yanımçıl, ailəcanlı insan idi. Indi onun 6 nəvəsi var. Onların ikisi Azərbaycan Tibb Universitetində təhsil alır.
    Kiçik oğlu Anar deyir ki, mən institutu bitirəndən sonra atamın yanında – rayon statistka idarəsində bir neçə il işlədim. O, mənə həmişə dəyərli məsləhətlər verirdi, ömrün fəlsəfəsini izah edirdi.
    Rəşid müəllimin ən uzunmüddətli iş yeri rayon statistika idarəsi olub. 22 il bu kollektivdə işləyib. Həmin idarənin aparıcı məsləhətçisi Zərnişan Tanrıverdiyevanın dediklərindən:
    Rəşid Əliyev idarəmizə müdir təyin olunanda burada 40-45 nəfər adam işləyirdi. Onların 15 nəfəri aparat işçisi, 30 nəfəri isə əməliyyatçı qrup idi. Rəşid müəllim işə başladığı ilk gündən elə bildik ki, o, sanki bizimlə bir necə ildir işləyir. Çox sadə, səmimi, mehriban bir insan idi. İşlədiyi dövrdə həm kollektivin, həm də rayon rəhbərliyinin dərin hörmətini qazanmışdı. Bütün bunlarla yanaşı işinə çox dərin məsuliyyətlə yanaşırdı. Biz daim rəqəmlərlə işləyirik. Onun gözündən bir səhv rəqəm də olsun yayınmazdı. O, işçilərin hamısına doğma və səmimi münasibət bəsləyirdi. Kollektivdə heç kəs deyə bilməz ki, Rəşid müəllim mənim xətrimə dəyib.
    Rəşid müəllim 2011-ci ildə təqaüdə çıxanda, idarədə kiçik bir tədbir keçirdik, ona hədiyyə aldıq. Kollektiv adından tort kəsdik, birlikdə şəkil çəkdirdik. Sonra evdə xəstə olduğunu eşidəndə, hamımız yanına getdik, ona baş çəkdik. Keçmiş xatirələri yadına saldı, çoxlu söhbətlər etdik. O dedi:
    –Gəlişiniz məni xeyli yüngülləşdirdi. Nə isə, Allah ona rəhmət eləsin. Qəbri nurla dolsun. Rəşid müəllim bizim xatirəmizdə təkcə yaxşı müdir kimi yox, həm də gözəl bir insan kimi qalıb. Ümumiyyətlə, o, insanlar xoşbəxdir ki, dünyasını dəyişəndən sonra da xatirələrdə əbədi yaşayırlar.

    Əvəz NƏSİROV

    Müəllif: Redaktor, 09:31

    Teqlər:

İsmarıclar bağlıdır.