Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18May

    KAŞ BİR AZ DA ÖMÜR EDƏYDİ!…

    Hərdən düşünürəm, elə bir ixtiyar sahibi olaydım ki, el-obaya gərəkli, xalq üçün lazımlı insanları ölümün cəngindən ala biləydim, ömürlərinə ömür calayaydım. Lakin düşüncəm elə düşüncə olaraq qalır. Ona nə cəsarətim, nə gücüm çatır. Bu, yalnız Ulu Tanrıya məxsusdur.
    Belə bir kövrək notda köklənməyimin bir səbəbi var: təkcə ailəsi üçün deyil, xalq üçün gərəkli bir insanın itkisidir. Tanıdığım, həyatda yoxluğuna təəssüfləndiyim, Tərtərimiz və onun sakinləri üçün gərəkli olan bir həkimin–pediatr Zahid Kərimovun həyatdan gedişi hamı kimi məni də məyus etdi…
    Zahid həkim kimiydi? Yaxşı bilirəm ki, o, uzun müddət rayon uşaq xəstəxanasında həkim və baş həkim işləmişdi. Savadlı, qayğıkeş, hər bir xəstə uşağa həssaslıqla yanaşan pediatr idi. Hələ heç zaman eşitməmişdim ki, Zahid həkimdən narazılıq edən olsun. Hətta bu insan ölümün pəncəsində çırpınan bəzi uşaqlara öz qanından köçürdərək, həyata qaytarıb. Azyaşlı uşağı xəstələnən valideynlər həmişə Zahid həkimi axtarmış, ondan məsləhət almışlar. Bir sözlə, xalqın arxalandığı, güvəndiyi bir insana, həkimə çevrilmişdi Zahid Kərimov.
    Yas mərasimləri günlərində onun ailəsini ziyarətə getdim. Zahid həkim haqqında bilmədiklərimi burada öyrəndim. Zahid həkim Tərtərin Cəmilli kəndində doğulub. “Şərəf nişanı” ordenli, “Əməkdar müəllim” Əli Kərimovun oğludur. Bu el ağsaqqalından tərbiyə alaraq böyüyüb. 1968-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsini bitirib. Dünyasını dəyişən vaxtadək həkimlik peşəsindən ayrı qalmayıb, içdiyi–“Hippokrat andı”na daim sadiq olub.
    Rayonumuzun ağsaqqallarından–qaynı Arif Mahmudov Zahid həkim haqqında həm təəssüf, həm də qürur hissi ilə danışır. Bildirir ki, o, bir həkim kimi üzərinə düşən vəzifənin məsuliyyətini daim hiss edirdi. Xüsusilə baş həkim işləyərkən bütün gün xəstəxanadan uzaqlaşmazdı.
    Bir gün eşitdik ki, xəstəxanaya ağır vəziyyətdə, imkansız bir ailənin uşağı gətirilib. Azyaşlıya təcili qan vurmaq lazım olub. Ailənin maddi durumunu nəzərə alan Zahid həkim öz qanından çəkdirib həmin uşağa vurub və onun həyata qayıtmasına səbəb olub. Ümumiyyətlə, Zahid həkimdə çox mülayim bir xasiyyət vardı. O, hər bir uşağı öz övladı kimi qəbul edərdi, ona qayğı göstərərdi. Bu xüsusiyyətləri ona bir həkim kimi böyük nüfuz qazandırmışdı. Onun zəhməti “Əməkdə fərqlənməyə görə”, “Sosializm yarışının qalibi”, “Səhiyyə əlaçısı” döş nişanları, Lenin yubiley medalı ilə qiymətləndirilib. Fəxri fərmanlarla təltif olunub. Bir neçə çağırış şəhər Sovetinin deputatı seçilib, rayon məhkəməsində xalq iclasçısı olub.
    Zahid Kərimov həm ailəsinin sevimlisi idi, həm də rayon camaatının. Onun ailəsində beş övlad böyümüşdü–4 qız, 1 oğlan. Emin, Vəfa, Sevinc, Gülnarə, Şahnaz. Hər biri ali təhsilli, ailəlidir. 15 nəvəsi, 4 nəticəsi var. Zahid həkim həyat yoldaşı Ulduzə xanımla birlikdə ailədə elə gözəl ab-hava yaradıblar ki, burada mehribançılıqdan əlavə heç nə müşahidə olunmur. 25 ilin gəlini Xatimə xanım Zahid həkimin səmimiyyətindən, qayğısından ürək dolusu danışdı: Dedi:
    –Hələ bu neçə ildə bir dəfə də olsun mənim xətrimə dəyilməyib. Bu evdə mən 5 övlad böyütmüşəm. Övladlarımın üzərində qaynatam Zahid həkimin, qaynanam Ulduzə xanımın zəhmətləri bö-yükdür. 25 il ərzində onu atam kimi qəbul etmişəm. Kaş ki, bircə saatlıq olsa da bizə əziyyət verəydi, onun zəhmətinin heç olmasa bir hissəsini qaytara biləydik. Zahid həkim evimizin çox hörmətli ağsaqqalı idi, onu ailəmizin mehribançılıq sütunu-dirəyi kimi qəbul edirdik. Heyif ki, bizi çox tez tərk etdi…
    Rayon uşaq xəstəxanasının baş həkimi Hicran Rəhimli isə Zahid həkim haqqında belə danışdı:
    –Zahid həkim təkcə ailəsində deyil, iş yerində də mehriban və qayğıkeş idi. O, həkimlərin, tibb bacılarının, texniki işçilərin hamısının nüfuzunu qazanmışdı. Ümumiyyətlə, harda ona ehtiyac olsa, onu orada görmək olardı, qayğısını əsirgəmirdi. Gözəl pediatr idi. Dəqiq diaqnoz qoymağı bacarırdı. Gənc həkimlərə qarşı çox həssas idi, həmişə öz təcrü-bəsindən onları bəhrələndirirdi. Onun itkisinə hamımız təəssüflənirik.
    Zahid həkim ömrünün aqil çağında, dünyasını dəyişdi. Əgər ömür vəfa etsəydi övladları, 80 yaşını qeyd edəcəkdilər. Yenə də ediləcək. Amma, Zahid həkimsiz… Onu tanıyanların qəlbində bir təəssüf hissi var–kaş ki, bir az da ömr edəydi!… deyəcəklər.

    Elfuzə VƏLİYEVA

    Müəllif: Redaktor, 09:37

    Teqlər:

İsmarıclar bağlıdır.