Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 13İyn

    Ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti ili elan olunub və bu, hər yerdə yüksək səviyyədə qeyd edilir. Prezidentimizin qərarı, heç şübhəsiz ki, hamılıqla , bütün Azərbaycan xalqının ürəyincə olub. Bu da səbəbsiz deyil.
    Azərbaycan Xalq Cümhuriyyəti özünü Şərqdə ilk demokratik dövlət elan etməklə bəşəri, dünyəvi , hüquqi təməllər üzərində islahatlar həyata keçirməyə başladı. Azərbaycan Xalq Cümhuriyyəti hüquqi dövlət, ədalətli cəmiyyət yolunda ilk addımlar atmağı qarşısına məqsəd qoymuşdu. Bu mənada ilk yaranan hökumətin tərkibində ədliyyə nazirliyinin mövcudluğu da təsadüfi hal sayılmamalıdır.
    Cümhuriyyətin 100 ili: bu tarix həm də Azərbaycan Ədliyyə sisteminin 100 ili deməkdir. Bu mənada Azərbaycan ədliyyə sisteminin keşməkeşli yoluna nəzər yetirsək, elə bilirik ki, hamı üçün maraqlı olar.
    Azərbacanda ədliyyə sisteminin xalqımızın müstəqillik uğrunda mübarizəsini, onun şanlı keçmişini əks etdirən zəngin tarixi var. Müstəqil dövlətimizin ədliyyə tarixinin ən şərəfli anları 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranması ilə başlanır. Belə ki, Ədliyyə Nazirliyinin təsis edilməsinə xüsusi əhəmiyyət verilərək 1918-ci il may ayının 28-də–Azərbaycan Demokratik Respublikasının elan edildiyi gün Ədliyyə Nazirliyi də yaradılıb. Xəlil bəy Xasməmmədov isə ilk Ədliyyə naziri kimi Azərbaycan tarixinə düşüb.
    Azərbaycan Demokratik Respublikasının 1920-ci il aprel ayının 27-28-də Rusiyanın XI Qızıl Ordusu tərəfindən işğal edildikdən sonra inqilab komitəsinin 13 may 1920-ci il tarixli qərarı ilə Ədliyyə Nazirliyi ləğv edilib, Xalq Ədliyyə Komissarlığı yaradılıb. Lakin 1930-cu ildə bu komissarlıq ləğv edilərək onun funksiyaları prokurorluq, Ali Məhkəmə, Mərkəzi İcraiyyə Komitəsinə və digər orqanlara verilib. 1933-cü ildə məhkəmələrin, prokurorluğun, istintaqın birləşdirilməsi, vahid məhkəmə siyasətinin həyata keçirilməsi, bütün hakimiyyət orqanlarının, təsərrüfat müəssisələrinin, ictimai birliklərin və fiziki şəxslərin hərəkətlərinin qanuniliyini müşahidə etmək məqsədilə Xalq Ədliyyə Komissarlığı yenidən təşkil edilib. 1937-ci ildə Xalq Ədliyyə Komissarlığının yeni Əsasnaməsi təsdiq edilib, onun səlahiyyətləri xeyli məhdudlaşdırılıb, əsas fəaliyyət sahəsi məhkəmə və notariat orqanlarının işinin təşkili və onlara rəhbərlik etməkdən ibarət olub.
    1959-cu ildə Ədliyyə Komissarlığı yenidən ləğv edilib, məhkəmə orqanlarının fəaliyyətinə rəhbərlik və nəzarət, məhkəmə statistikasının aparılması Ali Məhkəməyə həvalə edilib, Nazirlər Soveti yanında Hüquq Komissiyası təşkil olunub və bununla da Ədliyyə Komissarlığının səlahiyyətləri ayrı-ayrı dövlət orqanları arasında bölüşdürülüb. İfrat mərkəzləşdirilmiş hakimiyyətə alüdəçilik, ayrı-ayrı dövrlərdə ədliyyə orqanlarından repressiya aləti kimi istifadə edilməsinə yönələn dövlət siyasəti, bu orqanların dəfələrlə ləğv edilib yenidən yaradılması ədliyyə sisteminin sabit struktura malik olmasına və işinin təşkilinə maneçilik törədirdi.
    Ədliyyə Nazirliyinin yenidən yaradılması görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. Belə ki, 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis edildi və bununla da Azərbaycan ədliyyə tarixində yeni mərhələ başlanmış oldu. Ədliyyə Nazirliyi sabit fəaliyyət göstərərək məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirib, əhaliyə hüquqi yardımı yaxşılaşdırıb, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin edib, ümumiyyətlə, ədliyyə işi təkmilləşdirilərək onun gələcək inkişafı üçün zəmin yaranıb.
    Azərbaycan yenidən dövlət müstəqilliyi əldə etdikdən və ümummilli lider Heydər Əliyev ölkə rəhbərliyinə gəldikdən sonra ədliyyə orqanlarının işinin müasir tələblər səviyyəsinə qaldırılması üçün əsaslı tədbirlər həyata keçirildi, Ədliyyə Nazirliyinin cəmiyyətdə rolu və əhəmiyyəti artdı, səlahiyyət dairəsi genişləndi. Ədliyyə Nazirliyinin yeni funksiya və səlahiyyətlərini, onun cəmiyyətdə rolunu əks etdirən və bütün ədliyyə sistemi üçün müstəsna tarixi əhəmiyyətə malik olan bu Əsasnamə nazirlik tərəfindən bir sıra mühüm tədbirlərin həyata keçirilməsini şərtləndirir.
    Son illər ədliyyə orqanlarının fəaliyyəti ilə bağlı bir sıra mühüm sənədlər qəbul olunub, nazirliyin funksiya və səlahiyyətləri genişlənib, yeni struktur qurumlar yaradılıb. Ədliyyə işçilərində və hakimlərdə mənəvi stimul yaradılması məqsədilə onların peşə bayramı gününün müəyyən edilməsinə təşəbbüs göstərilərək 22 noyabr 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi günün ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilməsi üçün dövlət başçısına müraciət edilib və Ulu Öndər Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən edilib.
    Yüz il əvvəlki müstəqil Azərbaycanın taleyinə uzunömürlülük yazılmayıbmış. 1920-ci il aprelin 27-də hökumət təhvil verildi və beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin 701 günlük şərəfli ömrünə son qoyuldu. Türk dünyasının ilk müstəqil dövləti süquta uğradı.
    1991-ci ilin oktyabrında Azərbaycan xalqı XX əsrdə ikinci dəfə öz müstəqilliyini elan etdi. Müstəqilliyi və qanı bahasına alınmış azadlığı qorumaq yolunda xalqımız nə qədər təzyiqlərə məruz qaldı, torpaqlarımız qəsb olundu, taleyimizdən didərginliyin, əlilliyin, şəhidliyin qara naxışları keçib getdi. Lakin azadlıq aşiqlərinin gərgin əməyi və mübarizəsi sayəsində əsrin sonunda Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq mümkün oldu.
    1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarananda xalqın çağırışı ilə ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gətirildi və Azərbaycan müstəqilliyinin yeni mərhələsinə qədəm qoydu. Çiçəklənmə, iqtisadi inkişaf dövrü başlandı.

    Nəriman İSMAYILOV,
    Bərdə Rayon Qeydiyyat Şöbəsinin rəisi vəzifəsini icra edən II dərəcəli ədliyyə
    qulluqçusu

    Müəllif: Redaktor, 10:12

    Teqlər:

İsmarıclar bağlıdır.