Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29İyn

    Kəndin salınma tarixi çox qədim deyil. Amma bu kəndin sakinləri keçmiş tariximizi yaşadan insanlar olmuş, çətin, keşməkeşli tale yolları keçmişlər.
    Onlar qədim Azərbaycan torpağı olan Dərələyəz mahalının Ağkənd kəndindən köçüb gəlmişdilər. 1918-ci ildə Stepan Şaumyanın rəhbərliyi ilə azərbaycanlılara qarşı törədilən soyqırımları əzəli torpağımız olan Dərələyəz mahalından da yan keçməmişdir. Bu mahalın Ağkənd kəndində ermənilər görünməmiş vəhşiliklər törətmişlər. Anaların qarnında uşaqlar süngüyə keçirilmiş, qadınların döşü kəsilmiş, insanların bellərinə qaynar samovarlar bağlanmışdı. Qocaya, uşağa, qadına–heç kimə aman verilməmişdir. Evlərə girib qundaqda olan uşaqların xəncərlə başlarını kəsmişlər. İrəvanlı kəndinin ilk sakini olan Qasım Məmmədovun 2 aylıq uşağının gözləri qarşısında başı kəsilmişdi. Bundan sonra o, İrana köçmüş, bir müddət orada yaşamışdı.
    Dərələyəz mahalında baş vermiş qırğınlar zamanı ölənlər çox oldu. Qırğından canını qurtaranlar isə gecəynən kənddən qaçmışdılar. Kəndin ağsaqqalı Abbas baba (Sultanov) camaatı başına toplayıb Naxçıvana qaçmağa qərar vermişdir. Onlar meşə ilə gedərkən bir ananın qucağındakı uşaq ağlayaraq hamının taleyini təhlükə altına atır. Lakin çox keçmir, uşağın səsini kəsirlər. Onu böyük bir daşın yanına qoyub çox çətinliklə Naxçıvana gəlirlər. Onlar erməni təhlükəsindən uzaq bir yer axtarırdılar.
    Lakin Naxçıvanda da vəziyyət çox pis idi. Məcburiyyət qarşısında qalan kənd sakinləri Arazın o tayına–İran ərazisinə keçdilər. Şah rejimi İranda çox güclü idi. Qaçqınlardan “torpaqbasdı” istədilər. Evsizeşiksiz, yalnız əyinlərinin paltarı ilə qaçan in-sanlar bu pulu verə bilmədilər. Yenidən Naxçıvana qayıtmalı oldular. Sonra Naxçıvanı tərk edən Ağkənd camaatı Ağdamın Novruzlu kəndinə gəldi və burada Kəblə Abbasın himayəsi altında yaşamağa başladılar. Kəblə Abbas kən-din bu yeni sakinlərinə çox zalımlıq edirdi. Lakin yoldaşı Əzəm xanım ermənilərin əlindən qaçqın düşmüş bu insanlarla mülayim rəftar edirmiş.
    Bu zavallı sakinlərə burada da dinclik olmur. Mircəfər Bağırovun adamları kəndə gəlib Şəfa adlı qaçağın burada gizləndiyini və sakinlərin onu tapıb verməsini tələb etdi. Sonra yerli sakinləri bir tərəfə, gəlmələri isə digər tərəfə yığıb camaata dedilər: “Şəfanın yerini deməsəniz sizi güllələyəcəyik”. Camaatı qırğına verməmək üçün Şəfa özü gəlib Bağırovun adamlarına təslim olur. Sonralar məlum oldu ki, Şəfanı Zirə adasına aparıb orada güllələyiblər. Bu hadisədən sonra Abbas baba (Sultanov) camaatı başına yığıb Mamırlı kəndinə gəlir. Bu kənddə iki il yaşadıqdan sonra xəbər verirlər ki, bəylərin torpaqları müsadirə olunub, camaata paylanır. Bu xəbər həqiqətə çevrilir. Şəfi bəyin müsadirə olunmuş torpaqları Mamırlı kəndində məskunlaşmış Ağkənd camaatına verilir.
    Abbas kişi kommunist olduğu üçün onu muzdur komitəsinin sədri seçirlər. Bundan sonra Abbas Sultanov Qaraqoyunlu sovetliyindən öz torpaq payını alıb 1928-ci ildə camaatı ilə birlikdə Şəfi bəyin torpağına köçür. Bu əraziyə ilk dəfə köçənlər: Abbas Sultanov, Kərəm Sultanov, Nəsib Sultanov, Həbib Tağıyev, Mikayıl Əliyev, Oruc Əhmədov, Qasım Məmmədov, Cabbar Quliyev, Mirzə Quliyev, Vəli Həsənov, olmuşlar. Onlar öz ailələri ilə birlikdə gəlmiş və kəndin əsasını qoymuşlar. Köçüb gəldikləri yerin toponomik adını saldıqları kəndə verirlər. 1928-ci ildən İrəvanlı kəndinin camaatına rəhbərlik etmək Abbas Sultanova həvalə edilmişdi. 1930-cu ildə kənddə kolxoz qurulanda Abbas Sultanov kolxoz sədri seçilmişdi. Kolxoza isə Beriyanın adı verilir. İrəvanlı kənd sovetliyi isə 1962-ci ilə kimi Mamırlı, sonra isə Evoğlu sovetliyinə tabe edilmişdi.
    1949-cu ildən sonra kənd daha da böyüyüb. Çünki həmin ildə 12 ailə İrəvanın Yoxdullu kəndindən köçüb bu kəndə gəlir. 1950-ci ildən kəndin əhalisi artdı və ərazisi genişləndi. Qonşu kəndlərdən daha gec salınan İrəvanlı kəndi özünəməxsus mədəniyyəti ilə seçilirdi. Artıq 4 kənd-Söylən, Hacallı, Qapanlı, İrəvanlı kəndləri bir kolxozda birləşdi. Bu kəndlərin uşaqları 1934-cü ildən 4 illik ibtidai məktəbdə oxumağa başladı. Məktəbdə müəllim azlıq təşkil etdiyi üçün müəllimlər kənardan dəvət olunurdu. Kənddə, demək olardı ki, ixtisaslı müəllim yox idi. Məktəbdə Ağdamdan gəlmiş Kazım Cəfərov, Əbülfət müəllim, Naxçıvandan Kərim müəllim, Həbib müəllim dərs demişdi. 1947-ci ildə məktəb 7 illik oldu. Bu məktəbdə Evoğlu kəndindən Mamed müəllim, Bayandur kəndindən Əlzaman müəllim və digərləri dərs demişdi.
    Bu məlumatları İrəvanlı kəndinin sakinləri Müzəffər Məmmədovdan və İbrahim Tağıyevdən almışam.

    Qızbəs HÜSEYNOVA,
    Umudlu kənd tam orta məktəbinin müəllimi

    Müəllif: Redaktor, 10:30

    Teqlər:

İsmarıclar bağlıdır.