Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 11İyl

    “Bala Kirpi” səhər-səhər cibinə 50 manat pul qoyub, şəhərə çıxdı ki, ev üçün bir az alış-veriş eləsin.
    Bazar günü olduğundan hər tərəfdə tünlük vardı–alan kim, satan kim. Küçələrdə maşınlar adamları saymırdı, adamlar da maşınları. Elə bil hamı harasa tələsirdi. İşıqforların qırmızısına, sarısına, yaşılına heç kim əhəmiyyət vermirdi. Bazarda iynə atsaydın yerə düşməzdi–adamlar o yana, maşınların əlindən bazarın ətrafında, illahım da girişində tərpənmək olmurdu, hələ bazarın içini demirəm. Mağazalarda da qələbəlik idi. Hər yerdə şıdırğı alver gedirdi. Aldadan kim, aldanan kim. Pah atonnan!!!
    “Bala Kirpi” öz-özünə fikirləşdi: “Bu nizam-intizamsızlıq, hərci-mərcilik barədə “Yeni Tərtər” qəzetində çox yazıb-pozmuşuq, karikaturalar və fotoşəkillər vermişik ki, bəlkə mövcud bərbad vəziyyət bir az düzələ, lakin heç kim vecinə almayıb. Hətta bazardakı acınacaqlı vəziyyət haqqında qəzetdə verilən tənqidi materialı oranın müdiriyyətinə də göndərmişik ki, tədbir görsünlər. Cavab yazıblar ki, hər şeyi düzəltdik. Uzağı 2-3 gün çəkdi, sonra yenə “köhnə hamam, köhnə tas”, “həmin su, həmin dibək”. Pah atonnan!!!
    Ən acınacaqlısı odur ki, şəhərin hər yerində küçə alveri yığışdırıldığı halda, bazarın ətrafındakı bütün səkilər və maşın yolları, demək olar ki, alverçilər tərəfindən “zəbt olunub” və dolayısı ilə pul alındığına görə onlara “gözün üstə qaşın var” deyən yoxdur. Bazarın müdiriyyəti isə nə polis sayır, nə mətbuat işçisi, nə də digər əlaqədar vəzifə sahiblərini. Bu qanunsuzluq, bu eybəcərlik və bu biabırçılıq nə vaxta qədər davam edəcək?! Bazarın, yəni “Zülfüqaroğlu” ASC-nin rəhbəri Bəxtiyar Mehdiyevdən bu sualların cavabını kim və nə vaxt soruşacaq?!”.
    “Bala Kirpi” bazarda başlı-başına buraxılan qiymət intizamına da diqqət yetirdi. Hər kəs öz istədiyi qiymətə satır, bir ölçü, bir biçi, bir nizam-tərəzi yoxdur. (Ağzında “bazar” deyirsən). Pah atonnan!!!
    “Bala Kirpi” bazardan bir təhər çıxıb, üz tutdu ərzaq mağazalarına. Buralarda da şahid oldu ki, eyni malın qiymətləri bir-birindən fərqlidir, hətta qəndin, çayın, düyünün, unun, çörəyin də qiymətlərində fərq var. Pah atonnan… Mağaza sahibləri bu camaatın başına hansı oyun qalır ki, açmasınlar. Nə çəkinin düzgünlüyünə fikir verən var, nə biçinin. Elə bil bütün alverçilər çalışırlar ki, camaatın cibini daha çox soysunlar. Bir nəzarət eləyən yox, bir qorxu-ürkü yeri yox. Di gəl döz də yazıq kasıb! Yaşa görüm, bu qiymətlərin qabağında necə yaşayırsan?! Belə də yiyəsizlik olar?! Hələ müddəti keçmiş ərzaq məhsullarından danışmıram. Qiymətlərə nəzarət edən komissiya var? Bəli, var. Küçə alverinə qarşı mübarizə aparan komissiya var? Bəli, var. Digər əlaqədar qurumlar var? Bəli, onlar da var. Bəs onda bu biabırçılıq nədir? Pah atonnan!!! Elə bil alış-veriş yerlərində qəsdən cəzasızlıq mü-hiti yaradıblar ki, camaatın dərisini əməlli-başlı soysunlar.
    “Bala Kirpi” indi də keçdi şəhərdə günbəgün artan, çayır kimi hər tərəfi bürüyən apteklərlə maraqlanmağa. O da bilirdi ki, ən dözülməz qiymət pozuntuları, bu dərmanxanalardadır. Saxta, müddəti keçmiş, satışı qadağan olunmuş dərmanlar bu apteklərdə müxtəlif qiymətlərə satılır.
    “Bala Kirpi” fikirləşdi: “Dərman vasitələri ilə bağlı bu qədər qanunlar qəbul olunur, qaydalar müəyyənləşdirilir, qadağalar qoyulur, bəs niyə bir nəticəsi olmur?! Pah atonnan!!! Elə bil ki, bu aptek şəbəkəsinin arxasında bir “güclü əl” var və o ələ heç kimin gücü çatmır. Sanki o “dəmir yumruq”dan hamı qorxur, hamı çəkinir, yoxsa bu qədər özbaşınalıq, bu qədər saymamazlıq necə ola bilər ki?! Vallah, məəttəl qalmalı işdir! Dəfələrlə yazmışıq, pozmuşuq, yenə də mövzuya qayıtmağa məcbur oluruq. Yağlı yemə, yavan ye, çox yemə, az ye, təzə geyinmə, köhnə geyin… bunların hamısına bir təhər dözmək olar. Bəs xəstələnəndə və bunun üçün dava-dərman vacib olanda? Yəni elə şeylər var ki, onları almaq məcburidir. Vay o günə ki, sənə baxan həkim hər hansı bir apteklə “faizinə” işləyə, yəni yazdığı reseptlər müqabilində aptek müdirindən müəyyən məbləğ ala! Reseptə döşəyəcək bahalı və çox vaxt faydasız olan dərmanların adlarını, özü də tapşıracaq ki, mütləq “filan aptek”dən al. Bədbəxt xəstə, get bir ətək pul tap ver, lazımlı-lazımsız dərmanlardan al, canını kimyaynan doldur, qanını zəhərlə, sonra da sağal görüm, necə sağalırsan?! Pah atonnan!!! İnsanlarda insaf, mürvət qalmayıb ki!
    “Bala Kirpi” öz-özünə deyindi:
    –Gedin, heç olmasa, elə iki aptek tapın ki, onlarda eyni dərmanın qiyməti eyni olsun. Ay tapdınız ha! Tapsanız, gəlin sizə bir qonaqlıq verim.
    Apteklərin, demək olar ki, hamısında satışı qadağan olunmuş dərman vasitələri satılır. Şəkərli diabet, dialez və digər bu kimi xəstələrə dövlət tərəfindən pulsuz ayrılmış və satışına icazə verilməyən dava-dərmanlar apteklərdə doludur, özü də çox baha qiymətə. Xəstələrə xəstəxanalardan verilməli olan pulsuz dərmanlar müxtəlif bəhanələrlə gizlədilir (və yaxud normadan çox az verilir), soruşanda da deyirlər ki, olan budur, “yuxarıdan” belə az ayırıblar. Xəstə də məcbur qalıb üz tutur apteklərə… Pah atonnan!!!
    “Bala Kirpi” nənəsinin yaxın keçmiş haqqında söhbətini xatırladı: “Bala, əvvəllər mətbuatda bir tənqidi yazı dərc olunanda, aləm dəyirdi biri-birinə, həmin məsələ əvvəlcə kollektivdə müzakirə olunurdu, sonra komsomolun və yaxud raykomun bürosuna çıxarılırdı, xalq nəzarətçiləri bir yandan, drujinaçılar o biri yandan, qanunsuz hərəkətə yol vermiş adamı o günə qoyurdular ki, tövbə edirdi, bir daha o qələti eləmirdi. İndi isə bu “bazar iqtisadiyyatı” deyilən şoqəribi atıblar ortaya, kimin kefi nə istəyir, onu da eləyir, onların gül üzlərinə heç püff də eləmirlər. Olsun da bazar iqtisadiyyatı, amma hər şeyin bir təhər-tövrü, bir əndəzası var. Belə ağ eləmək olmaz, axı!”.
    “Bala Kirpi” özü-özündən soruşdu: “Niyə indi mətbuatı vecinə alan yoxdur?”. Özü də cavab verdi: “Ona görə ki, yiyəsiz-sahibsiz qalıb”.
    “Bala Kirpi” “od tutub alışan” qiymətləri görüb, cibindəki 50-liyə dəymədən evə qayıtdı. Bilirdi ki, bu pul bir torba bazarlığa çatmayacaq…
    Pah atonnan!!! Pul dəyərdən düşüb, yoxsa qiymətlər kəllə-çarxa qalxıb?!

    Qələmə aldı: Tofiq YUSİF

    Müəllif: Redaktor, 10:12

    Teqlər:

İsmarıclar bağlıdır.