Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Avq

    (DƏBDƏBƏ MƏKANI, YOXSA GORGAH VƏ YAXUD EHSAN SÜFRƏSİ, YOXSA İSRAFÇILIQ?!)

    Bu günlərdə həmyerlimiz, qəzetimizin yaxın dostu, texnika elmləri doktoru, professor Rasim Axundov redaksiyamızın qonağı oldu. Bu dəfəki gəlişində də öz adətinə xilaf çıxmadı, əməkdaşlarımızla görüşüb səmimi söhbət etdi. Sonra tərtib etdiyi və təzəcə çapdan çıxmış iki kitabın təqdimatı oldu.
    Təqdimatdan əvvəl professor Tərtər şəhərinin “Köhnə qəbiristanlığı”nda dəfn olunmuş atası Fərrux bəyin və anası Maya xanımın qəbirlərini ziyarət etmək istədiyində olduğunu bildirdi. (O, hər dəfə gələndə valideynlərinin məzarlarını ziyarət etməyi özünün müqəddəs borcu hesab edir).
    Qəbiristanlıqdan qayıdandan sonra haqlı olaraq xeyli gileyləndi. Dedi ki, orada çox dözülməz bir vəziyyət yaranıb. Qəbirlərin ətrafını ot-ələf basıb, addım atmaq mümkün deyil, hər yan fızıllıqdır, ilan-çəyən yuvasıdır. Qəbiristanlıq sahibsiz itlərin məkanına çevrilib, mal-qara üçün örüş yeridir sanki. Belə də yiyəsizlik olar?! Mən bu baxımsızlığı ölənlərin ruhuna hörmətsizlik kimi qəbul edirəm. Deyək ki, bələdiyyələr və digər əlaqədar qurumlar bu işə məsuliyyətsiz və dırnaqarası yanaşırlar. Bəs ölü sahiblərinin özləri?! Nə olar ki, heç olmasa ayda, ildə bir dəfə doğmalarının məzarlarını ziyarət edələr, ətraflarını kol-kosdan təmizləyələr, bir səliqə-sahman yaradalar!… Onlar ölməyəcəklərmi?! Bu gün kim dünyadan getmişinin qəbrinə nə cür münasibət bəsləyərsə, sabah da onu həmin aqibət gözləyir.
    Biz Rasim müəllimə demədik ki, nəinki “Köhnə qəbiristan-lıq”da, hətta şəhərin “Təzə qəbiristanlığı”nda, kənd qəbiristanlıqlarının əksəriyyətində də vəziyyət eynidir, yiyəsiz-sahibsiz qalıb ürək sızladan görkəm almış qəbirlər çoxdur. Bir tərəfdə dəbdəbə, təmtəraq, digər tərəfdə itib-batan, şax-şəvəlin arasında görünməyən ağlar günə qalmış qəbirlər!… Sanki sağların dün-yasındakı fərqlər ölülər dünyasına da sirayət edib.
    Qəbirlərdə yatanların ruhlarına hörmətlə-izzətlə yanaşmaq nə var-dövlətdən asılıdır, nə də vəzifədən. Gərək insanın özündə vicdan olsun, özündə bir qeyrət olsun!
    Rəhmət nə qəbirlərin üstündə quraşdırılmış bahalı mərmərlərdən, sərdabələrdən asılıdır, nə də sadə baş daşlarından. Təəssüb insanın öz qanında olmalıdır.
    Bir şəhərdə və yaxud bir kənddə kimin imkanlı, kimin imkansız olduğunu bilmək istəyirsənsə, buyur get həmin yerin qəbiristanlığına…
    Rayonun bir çox qəbiristanlıqlarında yollar bərbad haldadır, işıq yox, su yox. Halbuki bir dəbdəbəli qəbir üstünə çəkilən xərclə bu məsələləri həll etmək olar. Sağların şöhrətpərəstliyi üzündən məzarların üstündə yaradılan “iqamətgah”lar ölənlərə lazımdırmı?! Əlbəttə, yox!
    Sosial şəbəkələrdə də qeyd olunduğu kimi, neçə ildir ki, yas mərasimlərində ehsan verilməsi, dəbdəbəli qəbir daşlarının qoyulmasının qarşısının alınması, israfçılığın aradam qaldırılması ilə bağlı ciddi müzakirələr başlanıb. İctimaiyyət də müzakirələrə qoşulub, əksəriyyət dövlət tərəfindən toy və yas mərasimlərinə ediləcək nəzarəti yüksək qiymətləndirirlər.
    Günlərlə davam edən yas mərasimləri, bahalı başdaşları, gərəksiz olunan israfçılıq heç də hamının cibinə görə deyil.
    Başlayan müzakirələrdən sonra dövlətin yas mərasimlərinə ümumi standartlar tətbiq edəcəyi deyilirdi. Artıq dövlət rəsmilərinin, məmurların, deputatların da bu mövzu haqda müzakirələrə qoşulması, haqlı iradlarla razılaşması belə ümid yaratmışdı ki, həqiqətən də lazımsız israfçılıqlar aradan qaldırılacaq. Amma bu müzakirələrdən xeyli keçir, niyə heç nə dəyişmədi?
    Yas və toy mərasimlərindəki israfçılıqla bağlı həmişə etiraz edən, fikirlərini mütəmadi olaraq sosial şəbəkələrdə bölüşən Milli Məclisin deputatı Fazil Mustafa deyir: “Yaslarla bağlı məsələdə bir irəliləyiş olmadı. Bizdə xalqın böyük əksəriyyəti israfçılığı sevir. Böyük əksəriyyət dinə, dinin tələblərinə əsrlər boyu ciddi yanaşmayıb. Ona görə bu proseslərdə ayrı gözləntilər gözləmək də olmazdı. Dini komitə müsbət bir addım atdı. İnsanlara bir şans verdi ki, bu istiqamətdə müəyyən məsələləri həll etsinlər. İnsanlar şöhrətpərəstlik etmədən, başqasının istəyinə alüdə olmadan özünün vəziyyətini yüngülləşdirəcək addım atsın. Amma yenə də möhtəşəm qəbir daşları, yas yerlərində yemək-içmək davam edir”.
    Belə məlum olur ki, israfçılıqla bağlı aparılan müzakirələrin nəticəsi gözlənildiyi kimi olmadı. Amma bir müddət yaslarda ehsan verilməsinə rayon icra hakimiyyətləri və polisləri tərəfin-dən nəzarət edildi. Həmin ərəfədə yaslarda yalnız çay, qənd, limon, halva və xurma verildi. (Bu ənənə hazırda Tərtər rayonunda davam edir). Bu qadağa Bakı şəhərində və bəzi rayonlarda bir müddət inzibati üsullarla da olsa, tətbiq edildi. Lakin sonradan nəzarət aradan qalxdı və vəziyyət əvvəlki halını aldı.
    Yaslarda ehsan verilməsi qadağası ilk olaraq Təzəpir məscidində pozuldu. Elə bu da cəmiyyətdə ciddi çaşqınlığa, bir növü də etiraza səbəb oldu. Rayonlarda və qəsəbələrdə ehsanlara nəzarət edildiyi halda Bakının mərkəzində Təzəpir məscidində dəbdəbəli ehsan süfrəsinin açılması heç də birmənalı qarşılanmadı.
    İlahiyyatcı Hacı Adil Hüseynov açıqlamasında ehsan süfrələrinin qadağan edilməsindən danışıb. “Hər hansı bir qanun gündəmə gələndə qadağa, məhdudiyyət olanda cəmiyyət onu birmənalı qarşılamır. Bu qanun şəklində qoyulanda, təbii ki, ictimaiyyətin bir qrupunun narazılığına səbəb olacaq. Bunun haqlı və haqsız tərəfləri də var. Təbii ki, yas mərasimlərində israfçılığın olması, ehsanın öz yerinə çatdırılmaması–yəni ehsan kimlərə düşür, kimlərə verilə bilər, bu, tam başqa istiqamətə yönləndiyindən buna müəyyən bir tənzimləmə olmalıdır. Hacı Adil Hüseynov qəbir daşlarının standart hala salınması məsələsinin vacib olduğunu deyib. Onun fikrincə qəbiristanlıqlardakı indiki vəziyyət heç də ürəkaçan deyil: “Bizim qəbiristanlıqlar artıq mavzoleyə çevrilib. Şəriət qaydalarına görə belə bər-bəzəkli, təmtəraqlı şeylərə ehtiyac yoxdur. Qonşu ölkələr — İran və Türkiyədə bu cür halları hamı normal şəkildə qəbul edir. Çox da gözəl effektli alınır. Mərmər daşları qoymaq bahadır. Bu baxımdan standartların olması yaxşı olardı. Onsuz da bunun ölüyə heç bir xeyri yoxdur”.
    Qeyd edək ki, hazırda müzakirə olunan məsələ məzarlıqlar, dəfn mərasimləri, qəbiristanlıqların yerləşməsi, qəbirlərin ölçüsüdür. Bu haqda da mətbuata Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı son açıqlamasında məzarlıqlarla bağlı yeni qanun layihəsinə Nazirlər Kabineti tərəfindən baxıldığını, yekun müzakirələr aparıldığını deyib.
    Növbəti mərhələdə sənədə prosedura uyğun olaraq Prezident Administrasiyasının qanunvericilik şöbəsində baxılacağını və sonra qanun layihəsinin Milli Məclisə təqdim olunacağını deyib. Sənədlə bağlı heç bir problemin olmadığını bildirən komitə sədri qanun layihəsində məzarlıqlar, dəfn mərasimləri, qəbiristanlıqların yerləşməsi, qəbirlərin ölçüsü, müvafiq dinlərə uyğun qəbirlərin hazırlanması və digər məsələlərin yer aldığını söyləyib.
    Təki belə olsun! Bəlkə onda qəbiristanlıqlarda baş alıb gedən nizamsızlığın qarşısı alındı.

    Tofiq YUSİF

    Müəllif: Redaktor, 09:15

    Teqlər:

İsmarıclar bağlıdır.