Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Okt

    Azərbaycan iqtisadiyyatının inkişafında kənd təsərrüfatının əhəmiyyətini və kənd təsərrüfatı işçilərinin əməyini nəzərə alaraq, Prezident İlham Əliyevin sərəncamına əsasən, 2008-ci ildən hər il noyabırın 1-i ölkədə “Kənd Təsərrüfatı İşciləri Günü” kimi qeyd olunur.
    Rayonumuzun kənd təsərrüfatı işçiləri builki peşə bayramlarını yüksək əhval-ruhiyyə ilə qarşılayırlar. Təsərrüfatın bütün sahələri üzrə ilin doqquz ayının göstəriçiləri ürəkacandır. Kənd təsərrüfatı məhsulları istehsalcılarını stimullaşdırmaq məqsədi ilə dövlət büdcəsindən aqrar sahəyə bir neçə istiqamətdə subsidiyalar verilməkdədir.

    ƏHALİNİN HƏYATI YAXŞILAŞIB

    Əskipa kəndində 1184 nəfər yaşayır. 267 təsərrüfat, 184 evdir. Sakinlərin arasında ziyalısı da var, sadə peşə sahibi də. Amma onların hamısını birləşdirən ümumi cəhət vətənə, torpağa bağlılıq hissi və zəhmətsevərlikdir. Kənd sakinlərindən yeddi nəfəri–Nuru Abbasov, Vüqar Cəfərov, Yavər Məmmədov, Dağıstan Əzizov, Vüqar Qasımov, Eldəniz Sadıqov və Tofiq Quliyev bu torpaq uğrunda mübarizədə şəhidlik zirvəsinə ucalıb. Kənddə onların xatirəsi uca tutulur. Şəhidlərin şərəfinə abidə ucaldılıb, ətrafına gül-çiçək əkilib. Kənd sakinləri bu müqəddəs məkanı tez-tez ziyarət edir, qəhrəmanların ömür yolunu öyrənirlər.
    Əskipara camaatı halal ruzisini həmişə torpaqda çəkdiyi zəhmət hesabına qazanıb. Amma Qarabağ müharibəsinin törətdiyi çətinliklər bu kənddən də yan keçməyib. Uzun illər onlar su qıtlığından əziyyət çəkiblər. Buna görə də becərdikləri sahələrdən istənilən məhsuldarlığa nail ola bilməyiblər. Prezident İlham Əliyevin Tərtərə və tərtərlilərə göstərdiyi qayğı nəticəsində indi bu problem həllini tapıb. Son illərdə burada subartezian quyularının sayının 11-ə çatdırılması və Daşarxdan kanal vasitəsilə su gətirilməsi torpaqlara yeni həyat verib, sakinlərin əhval-ruhiyyəsini isə yüksəldib.
    Biz kənddə olarkən 40 nəfər sakin ərazidən keçən arxın təmizlənməsi ilə məşğul idi. Arxın qaydaya salınması pay torpaqları ilə yanaşı, həyətyanı sahələrin də lazımınca suvarılmasına kömək edəcək.
    Kənddə pambıqçılıqla yanaşı uzun illər unudulmuş sahə olan baramaçılıq da inkişaf etdirilir. Cari təsərrüfat ilində kənd sakinləri 8 qutu ipəkqurdundan 298 kq barama təhvil veriblər. Ən çox fərqlənən isə Elşad Əmirovdur.
    Baramaçılığın yem bazasını möhkəmləndirmək məqsədilə ərazidə 2500 ədəd çəkil tingi əkilib.
    Ənənəvi sahələrlə yanaşı Əskiparada əvvəllər əkilməyən günəbaxanın becərilməsinə də diqqət göstərilir. Belə ki, Babək Sadıqov cari mövsümdə 110 hektarda günəbaxan əkmiş və yüksək nəticələr əldə etmişdir. Bu sahənin də inkişafı kənddə məşğulluq probleminin həllinə kömək edir. Üstün cəhəti isə budur ki, şəkər çuğunduru kimi, günəbaxanın da bazarı var. Məhsul rayonumuzdakı “Patron” şirkətinə təhvil verilir. “Məhəmməd Tərtər” MMC-in rəhbəri kimi fəaliyyət göstərən Babək Sadıqov həm də taxıl, soğan və sarımsaq yetişdirilməsi ilə məşğuldur.
    Ümumilikdə isə bu kənddə cari ildə 170 hektar sahədə taxıl, 100 hektarda arpa əkilmiş və yüksək nəticələr əldə olunmuşdur. Tərəvəz sahələri isə 29 hektar təşkil edib.
    Heyvandarlıq sahəsində isə əsasən qoyunçuluğa diqqət göstərilir ki, bu da örüş yerlərinin kifayət qədər olmasından irəli gəlir.
    Müstəqillik illəri əskiparalıların da həyatını kökündən dəyişdirib. Bu gün burada əhali sutka ərzində elektrik enerjisindən, qazdan və içməli sudan istifadə edir. İçməli su yeni layihə əsasında çəkilib, 8 yerdə bulaq qoyulub. Əskiparada müasir poçt və EATS binaları tikilib. Əhalinin əksəriyyəti internet istifadəçisidir.
    Biz kənddə olarkən şəhid Vüqar Cəfərovun ailəsinə baş çəkdik. Ölümündən iki ay sonra doğulmuş oğlu İlqarla görüşüb söhbət etdik.
    İlqar atası haqqında fəxrlə danışdı. Dedi ki, onun atası hərbi xidmətini başa vurduqdan sonra könüllü olaraq kənddəki özünümüdafiə dəstəsinə yazılmışdı. Digər cavanlarla birgə əhalini vaxtilə qonşu olduqları azğınlaşmış düşməndən qoruyurdu. Onun gözəl peşəsi vardı. Qaynaqçı idi. Ona görə də oddan qorxmurdu. Ən təhlükəli məqamlarda yoldaşlarını qoruyur, özünü irəli verirdi. 1992-ci ildə minanın partlaması nəticəsində həlak oldu.
    Onun etibarlı ömür-gün yoldaşı Niyar Qasımova bu kənddən olmasa da, bütün həyatını gəlin köçdüyü ailədə yaşadı və Vüqarın yadigarını böyütdü, bununla da həm də şəhid valideynlərinə təsəlli oldu. Hazırda Əskipara kənd tam orta məktəbi Vüqar Cəfərovun adını daşıyır. Oğlu deyir ki, məktəb illərində, elə indi də mən daim bundan qürur duymuşam. Elə yaşamağa çalışıram ki, atamın adına layiq olam.
    Ayrılarkən İlqar bizə telefonunda atasının döyüş yoldaşları ilə birgə çəkdirdiyi videonu göstərdi. Heç zaman üzünü görmədiyi atası sülh arzularından danışır, müharibə qurtarandan sonra nələr edəcəyini söyləyirdi.
    Vüqar özü bunları edə bilməsə də, oğlu İlqar əmindir ki, Qələbə günü uzaqda deyil və atasının arzularını o yerinə yetirəcək.

    Müəllif: Redaktor, 13:18

    Teqlər:

İsmarıclar bağlıdır.