Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Noy

    Hər xalqın öz milli-mənəvi dəyərləri olduğu kimi mənim millətimin də vətəni, dili, mədəniyyəti var. Respublikamızın dövlət dili Azərbaycan dilidir.
    Biz körpəlikdən qocalanadək bu dili eşidə-eşidə yaşayırıq. Dil ilə insanlar bir-biri ilə ünsiyyət bağlayır, qəlbindəki sözləri bir-birinə çatdıra bilirlər.
    Vətənə, xalqa, anaya, dilimizə məhəbbət bu dili oxuyub-yazmağı bacardıqdan sonra daha da güclənir.
    Hal-hazırda müstəqil dövlətimiz, ordumuz, hakimiyyət orqanlarımız, pulumuz var. Başqa ölkələr bizimlə ticarət əlaqələri, mədəni əlaqələr saxlayırlar.
    Dünyadakı 50 milyon azərbaycanlının 10 milyona yaxını doğma ölkəmizdə yaşayır. Mühacirətdə olan həmvətənlərimiz qürbətdə yaşasalar da, dilini və adətlərini unutmurlar, xalqımızı və dilimizi layiqincə təmsil edirlər. Erməni quldurlarının başımıza açdığı oyunları, torpaqlarımızın 20%-indən çoxunu işğal etdiklərini dünya ictimaiyyətinə çatdırırlar. Bütün bunların hamısı xalqımızın öz vətəninə, həmçinin öz dilinə sevgisindən, məhəbbətindən irəli gəlir. Millətimizin qərib ölkədə olan bir çox övladları xaricdə doğulsalar da, doğma dilimizdə danışır və anadilli elm ocaqlarında təhsil alırlar.
    Mənim xalqım doğma, şirin ana dilini heç vaxt unutmur və unutmayacaq da!
    Torpağımız kimi dilimiz də zaman-zaman xarici təzyiqlərlə–sasanilər, ərəblər və rusların problemləri ilə qarşılaşıb, ancaq üzüağ şəkildə bunları çox vaxt dəf edə bilib.
    Qədim zamanlardan dilimizə alınma sözlər daxil olub ki, onların əksəriyyəti hal-hazırda milliləşib. Bu ifadələrin əksəriyyəti ərəb mənşəli sözlərdir.
    Ta keçmişdən ədəbiyyat saraylarla bağlı olsa belə, yəni farsdilli şeirlər üstünlük təşkil etsə də, XI-XIII əsrlərdə ana dilində yazmaq ənənəsi artdı: İzzəddin Həsənoğlu, İmadəddin Nəsimi, Məhəmməd Füzuli kimi sənətkarlarımız ana dilində dəyərli şeirlər, əsərlər ərsəyə gətiriblər. Bu klassiklərin yazdıqları ali və orta məktəblərdə tədris olunur.
    1501-ci ildə ilk dəfə Şah İsmayıl Xətai tərəfindən Azərbaycan dili dövlət dili élan olundu. Ancaq dilimizin daha da möhkəmlənməsi, inkişaf etməsi XIX əsrə təsadüf edir.
    Ulu öndər Heydər Əliyev dilimizə xüsusi qayğı göstərib, bu məsələ ilə əlaqədar bir sıra tədbirlər görüb. 2001-cu il avqust ayının 1-i Ana Dili və Əlifba Günü elan olundu. Ümummilli liderimiz deyib: “İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu, onun müqəddəs vətəndaşlıq borcudur”.
    1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul olunmuş Konstitusiyamızın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirildi. Bir-birinin ardınca fərmanlar imzalandı, qanunlar qəbul edildi.
    2001-ci ildə Heydər Əliyev “Dövlət dilinin təkmilləşdirilməsi haqqında” fərman imzaladı. Ulu öndərin dilimizə göstərdiyi qayğını Prezident İlham Əliyev uğurla davam etdirir. Ölkə başçısı tərəfindən “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərman imzalanması bir daha sübut etdi ki, dilimizi qorumaq hər birimizin öhdəsinə düşən başlıca vəzifələrdən biridir.
    Prezident İlham Əliyev deyib: “Bu gün bəzi hallarda görəndə ki, dilimizə xaricdən müdaxilələr edilir və bəzi hallarda bu müda-xilələr Azərbaycanda dəstək qazanır, bu məni doğrudan da narahat edir. Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyacı yoxdur… İmkan verilməməlidir ki, ana dilimizə yad kəlmələr daxil olsun” . Bəli, həqiqətən də, dilimizin saflığı millətin özünün saflığı qədər qiymətlidir və onu əcnəbi ünsürlərdən qorumaq üçün həmin sözlərin qarşılığı olan Azərbaycan sözlərindən istifadə etmək hər kəs üçün zərurət sayılmalıdır.
    Müasir Azərbaycan ədəbi dili səs quruluşu, söz ehtiyatı ilə zəngindir. Şair və ziyalı şəxslərimizin əziyyətinin öz bəhrəsini verməsidir ki, dilimiz bu ərsəyə gəlib. Ana dilimiz milli sərvətimizdir, onu qorumaq hər birimizin müqəddəs borcudur. Dahilərimizin dediyi kimi: “Əgər bir millətin dili məhv olubsa, o xalq yaşamır demək” .
    El arasında belə bir deyim də var: “Dilini bilməyən anasını tanımaz”.

    Nübar MEHDİZADƏ

    Müəllif: Redaktor, 12:48

    Teqlər:

İsmarıclar bağlıdır.