Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Yan

    HEÇ OLMASA HƏRDƏN “DƏLİ KÜR”ü XATIRLAYIN

    Ağlım kəsəndən, ailədən, qohum-qonşudan, təhsil aldığım məktəbdən, çalışdığım iş yerindən anladığım, duyduğum dəyərlərimizi heç bir ölkənin, millətin dəyərlərinə tay tutmamışam. Həm adətlərimiz, mədəniyyətimiz, mətbəximiz, tərbiyəmiz, hətta qanunlarımız belə öz ölçü-biçimində, aliliyində həmişə fərqlənib və fərqlənir. Lakin müasir dövrümüzdə bəzən hardasa yanlışlıq, sarpmalar özünü büruzə verir. Bunu müşahidələrimə əsaslanaraq qələmə alıram. Bu işdə ətraf mühitin təsirinin gücü də əsas rol oynayır. Bəzən gənclərimiz ətraf təsirdən düşünülməmiş səhv istiqamətlərə meyllənir, nəsil-nəcabətinə yaraşmayan, ailələrinə, doğmalarına, hətta özlərinə utandırıcı, töhmət gətirən hərəkətlər edirlər. Öz əməllərini anlayanda isə çox gec olur.
    Yaxın günlərin söhbətidir. İşdən çıxıb evə gedirdim. Hava yağışlı olduğu üçün şəhərarası avtobusa əyləşdim. Növbəti dayanacaqda 13-14 yaşlarında bir yeniyetmə oğlan əlində pryanik və alkoqollu içki gəlib əyləşdi. Bunu görən bir-iki nəfər dilləndi:
    –Ay bala, o sənin içkin deyil, niyə içirsən?
    Oğlan isə heç nə eşitmirmiş kimi “məşğuliyyətinə” davam etdi. Mən isə bir söz demədim və yaxın keçmişimizi–30-40 il əvvəlki, o yaşda olan yeniyetmələri xatırladım, onunla müqayisə edərək çox təəssüfləndim…
    Bizim gənclərimizdə alkoqola, narkotikə maraq haradan yaranır? Necə olur ki, yeniyetmələrimiz bu bəlaya düçar olurlar. Təbliğat hər tərəfli aparılır–ailədə, təhsildə, işdə, bir sözlə hər yerdə. Bəs niyə, bu qədər dad döydüyümüz, haray çəkdiyimiz, lakin yenə də hər addımda rastlaşdığımız bu bəladan, xilas ola bilmirik?!
    Doğrudur, o vaxtlarda da çətin tərbiyə olunanlara təsadüf edilirdi. Lakin belələri cəmiyyətin qınağı ilə qarşılaşanda özlərində, hərəkətlərində islah olunurdular. Ya da ailənin xəbər tutmasından, etdiyi səhvin təkrarlanmasından qorxurdular. Əlbəttə, bu gün bütün gənclərimiz nöqsanlı deyil. Qürurlandığımız gənclər çoxluq təşkil edir. Öz təhsili, peşəsi, mədəniyyəti ilə ailəsinə, vətəninə şöhrət gətirən yüzlərlə yeniyetmə və gənclərimiz var. Burada ad sadalamağa ehtiyac yoxdur.
    Məni narahat edən və hər an düşündürən başqa bir məsələ də var ki, o da gənc qadınlarımızla bağlıdır. Bu da yaxın günlərin söhbətidir. Sözsüz ki, hər bir qadın yaşından asılı olmayaraq baxımlı, gözəl görünməyə çalışır. Buna görə də hərdən gözəllik salonlarına, peşəkarlara müraciət edirlər. Mən də saçımın qaydaya salınması üçün işinin ustası olan bir xanıma müraciət etdim. Adəti üzrə bir nəfərlə məşğul idi, 2-3 nəfər də gözləyirdi. Mən də buradakı özüm yaşda olan bir qadını gördüm. Gözlədiyim müddətdə elə bir söhbət eşitdim ki, matım-qutum qurudu. Gözəllik ustası hərdən söhbətə müdaxilə etsə də, öz işində idi. Arada bildirirdi ki, indi nahaq gözləyirsiniz, gedib axşam tərəfi gəlsəniz, daha yaxşı olar. İnadkarlıq edib, gözlədim.
    Əyləşmiş gənc xanım dilləndi.
    –Hələ mən saçımı qaynaq etdirib, sonra da rənglədəcəm, bu ən azı 7-8 saat çəkəcək.
    Başqa bir qadın narazılığını bildirərək dedi:
    –Sən bu qədər saata neçə manat ödəyəcəksən ki, o müştərilərini geri qaytarsın?
    –Artıq 150 manat ödəmişəm–dedi.
    Hamı bir-birinin üzünə baxdı. Heç yerdə işləməyən gənc qadın bu qədər pulu hardan alır, axı?! Başqa qadınların iş yerindən aldığı bir aylıq məvacibdir 150 manat.
    Narazılıq edən xanım dilini dinc qoymayıb, bir də soruşdu:
    –Ay bala, sən harda işləyirsən, ayda nə qədər qazanırsan ki, 150 manatı bir saç ustasına verirsən?
    Gənc qadın əhvalını pozmadan cavab verdi:
    –Mənim yaşayışımı təmin edib, ev alan, altıma maşın alıb qoyan kişi ayda mənə min manatdan çox pul verir, 150 manat nədir ki?
    Bayaqdan təəccüb etdiyim məqam elə bir kəlmə ilə aydın oldu. Orada gözləməkdən bezib, oradan çıxdım. İllərlə öz zəhmətləri hesabına dolanan, ehtiyaclarını belə öz doğmalarından gizlədən təmiz adla oturub-duran azərbaycanlı xanımlarımızı xatırladım… Ortaya bir sual çıxır: “Bəs namus-qeyrət harda qaldı? Heç olmasa hərdən “Dəli Kür” filmini xatırlayın”.
    Həmyaşıdım bir müəllimə qadın var. 22 yaşından həyat yoldaşı avtomobil qəzasında rəhmətə gedib. 2 övladı var. Böyüklərimizin söylədiyi kimi, “bir üzü gəlin, bir üzü qız” təmiz adla uşaqlarını böyütdü, təhsil, ailə sahibi etdi. Artıq nəvələri var. Amma deyən olmadı ki, “filankəsin” hesabına yaşadı. Adının qabağına ad qoşulmadı. Necə deyərlər, aza da, çoxa da qane olaraq, halal ömrünü yaşadı. Bu gün isə xətirli, hörmətli tutulan xanımlarımızdan biridir.
    Axı, bizim milli dəyərlərimizin ən alisi namus-qeyrətimizdir. Ta qədimdən bizim qeyrətli kişilərimiz də olub, namusunu hər şeydən üstün tutan qadınlarımız da olub və indi də var. Bu gün də ətrafımız belə insanlardan xali deyil.
    Lakin indiki bəzi qadınlar unudurlar ki, kiminsə pulu ilə fəxr eliyən yüngül xasiyyətli qadınların qurrələndikləri əxlaqsız kişilər bir ailənin böyüyü, bir qadının əri, evdəki uşaqların doğma atasıdır. Əgər o kişilər bütün bu halallıqları unudurlarsa, bir gün də sənin unudulmağın olacaq. O zaman əlin heç nəyə çatmayacaq.
    Əgər hər kəs öz namusunu, qeyrətini qorusa, o zaman milli dəyərimiz kimi milli mənəviyyatımız da qorunmuş olacaqdır.

    Elfuzə CAMALQIZI

    Müəllif: Redaktor, 09:40

    Teqlər:

İsmarıclar bağlıdır.