Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Fev

    Tərtər rayonunda 2018-ci il 36 milyon 326,8 min manatlıq tikinti-quraşdırma işləri aparılıb, 8 milyon 128,6 min manatlıq əsas fondlar istifadəyə verilib.
    Bu barədə rayonda ötən ilin yekunlarına həsr olunan hesabat yığıncağında bəhs edilib. Yığıncaq iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsi önünə gül-çiçək dəstələri düzüb, 2018-ci ildə rayonun sosial-iqtisadi göstəricilərini əks etdirən stendlərə, istehsal edilən məhsullara və video-slayda baxıblar.
    Mədəniyyət Mərkəzində keçirilən yığıncaqda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, 2018-ci ildə də rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, infrastrukturun yenilənməsi, sahibkarlığın dəstəklənməsi, əhalinin sosial-iqtisadi problemlərinin həlli və yaşayış məntəqələrinin abadlaşdırılması sahələrində tədbirlər uğurla davam etdirilib. Tərtər şəhərində və kəndlərdə geniş tikinti quruculuq işləri aparılıb.
    Sonra icra başçısı görülən işlər barədə ayrı-ayrılıqda ətraflı məlumat verib, tikilən yeni obyektlərdən, çəkilən kəndarası asfalt yollardan, abadlaşdırılan küçələrdən, içməli su, qaz, işıq təminatından danışıb. (Hesabat məruzəsi qəzetimizin ötən sayında dərc olunub).
    Qeyd olunub ki, 2018-ci ildə rayonda ümumi məhsul buraxılışının həcmi 174,6 milyon manat olub. 14 milyon 751,3 min manatlıq sənaye, 64 milyon 396,2 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib. Bütün maliyyə mənbələri hesabına əsas kapitala 38 milyon 234,6 min manat investisiya yönəldilib. 563-ü daimi olmaqla, 4380 yeni iş yeri açılıb.
    Sonra sahibkarlığın inkişafına dövlət dəstəyindən bəhs olunub, bu sahədə rayonda görülən işlər diqqətə çatdırılıb.
    Yığıncaqda aqrar sahədə əldə olunan uğurlardan bəhs olunarkən bildirilibki, rayon üzrə 2018-ci ilin məhsulu üçün 26 min 109,3 hektar sahədə kənd təsərrüfatı bitkiləri becərilib. 30 min 984,4 ton buğda, 13 min 190,8 ton arpa, 14 min 237,2 ton tərəvəz, 5 min 483,6 ton kartof, 29 min 928 ton şəkər çuğunduru istehsal edilib.
    Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq Tərtər rayonunda pambıqçılığın və baramaçılığın inkişaf etdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib. Keçən il rayonda 3300 hektar sahədə pambıq becərilib, hər hektardan orta hesabla 25 sentnerə qədər məhsul götürülüb. 2014-2018-ci illərdə pambığın əkin sahəsi 3,6 dəfə, məhsul istehsalı 4,1 dəfə, hər hektardan məhsuldarlıq 13,2 faiz artıb.
    İpəkqurdunun yem bazasını təmin etmək üçün son 3 ildə 223 min 357 ədəd tut tingi əkilib. Rayon kümçüləri tərəfindən keçən il 10 min 300 kiloqram barama istehsal edilib.

    Hesabat yığıncağında regionların sosial-iqtisadi inkişafına dair 3-cü Dövlət Proqramına yekunlarından danışılarkən qeyd olunub ki, ümumilikdə 2014-2018-ci illərdə rayonumuzda 12 məktəb, 3 körpələr evi-uşaq bağçası, 9 inzibati bina, 1 tibb məntəqəsi tikilib və ya əsaslı təmir edilib, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 54 mənzilli bina və 14 nəfərə fərdi yaşayış evi inşa edilib, Uşaq-Gənclər Şahmat məktəbi, Tarix-Diyarşünaslıq Muzeyi, 1176 məcburi köçkün ailəsi üçün yeni çoxmərtəbəli binalar, 2 ədəd strateji əhəmiyyətli körpü istifadəyə verilib. Rayon üzrə məhsul buraxılışının həcmi 62,1 faiz, sənaye məhsulunun həcmi 2,3 dəfə, əsas kapitala yönəldilən investisiyalar 2,8 dəfə, kənd təsərrüfatı məhsulunun həcmi 45,6 faiz, informasiya və rabitə xidmətlərinin həcmi 34,3 faiz, pərakəndə ticarət dövriyyəsinin həcmi 47 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 28 faiz artmışdır. Son 5 ildə rayon iqtisadiyyatına və sosial sferanın bütün sahələrinə 299 milyon manat investisiya qoyulmuş, 167,1 milyon manatlıq əsas fondlar istifadəyə verilmişdir.
    Məruzə ətrafında rayon polis şöbəsinin rəisi Elçin Qasımov, Dövlət Sosial Müdafiə Fondunun Tərtər rayon Şöbəsinin müdir əvəzi Anar Rüstəmov, Subartezian Quyularının İstismarı İdarəsinin baş mühəndisi İltifat İsmayılov, Bəyimsarov kənd sakini-fermer Fazil Vəliyev, “Tərtər Özünümüdafiə Batalyonu”nun sabiq qərərgah rəisi Pənah Məmmədov çıxış ediblər.
    Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov, Milli Məclisin deputatı Sahib Alıyev çıxış edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişafdan, qazanılan uğurlardan və qarşıda duran vəzifələrdən danışıblar.
    Sonda iştirakçılar adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.
    Tədbirdə rayon icra hakimiyyəti tərəfindən 2018-ci ildə kənd təsərrüfatı sahəsində fərqlənən bir qrup sahibkara Fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:59

    Teqlər:

İsmarıclar bağlıdır.