Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 05Mar

    NOVRUZ GƏLİR, YAZ GƏLİR

    Çərşənbələr Novruz bayramının əvəzolunmaz atributlarındandır. Hər çərşənbə təbiətin bir ünsürü ilə əlaqələndirilmiş və beləliklə, insanların təsəvvürlərində ilaxır çərşənbələr, yaxud ilin axır çərşənbələri şəklində formalaşmışdır.
    Novruz ulu əcdadlarımızın əski bayramlarından olmuş, insana həyat verən dörd ünsürün – suyun, odun, yelin, torpağın isinməsi, dirilməsi istəyi ilə bağlı yaranmışdır.
    İlaxır çərşənbələrin birincisi su çərşənbsidir Su çərşənbəsi boz ayın dörd müqəddəs çərşənbəsinin ilkidir. Xalq arasında o, “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “sular Novruzu”, “gül çərşənbə” kimi də tanınır. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Qorxulu yuxuların suya danışılması ilə insanı izləyən qəzaların dəf olunması inamı türk mifoloji mətnlərinin əsasını təşkil edir. Əzəli inamlarda su sağlamlığın mənbəyi idi. Su çərşənbəsi günü axar sudan keçənlər azarbezardan xilas olar.
    Su ilə bağlı sınamalar
    İlk çərşənbədən başlayaraq qonşuya axşamcağı ələk, maya, od verilməz. Zərurət olanda istəyə gələnin başından örpəyini götürüb sonra verərdilər.
    Çərşənbədə evə süpürgə çəkmək olmaz.
    İnanclar:
    Süfrəyə su dağılması aydınlıqdır.
    Su içən adamı qəfil vurmazlar.
    Su içən adamı danışdırmazlar.
    Lal axan sudan keçməzlər.
    Yuxuda su görmək aydınlıqdır.
    Səfərə çıxan adamın arxasınca su atarlar.
    Odu su ilə söndürmək günahdır.
    Su ilə bağlı atalar sözləri
    Suyun lal axanı, adamın yerə baxanı.
    Su bir yerdə qalanda iylənər.
    Su gələn arxa bir də gələr.
    Su səhəngi suda sınar.
    Su murdarlıq götürməz.
    Su ilə bağlı türkəçarələr
    Su çərşənbəsində övladı olmayan qadının başından qırxaçar camdan su töksən, övladı olar.
    Su çərşənbəsində qorxan adamın başından üç dəfə sağdan, üç dəfə soldan su töksən, qorxusu keçər.
    Su çərşənbəsində qorxan adama qorxduğu yerdə su içirdərlər.
    Su ilə bağlı alqışlar
    Qamən axan görglü suyun qurumasın!
    Qara başım qurban olsun, suyum, sana!
    Su ilə bağlı tapmacalar
    Ay gedər, ha il gedər,
    Gecə gündüz yol gedər.
    Od çərşənbəsi ilaxır çərşənbələrin ikincisidir Buna xalq arasında “üskü çərşənbə”, “üskü gecəsi”, “ikinci çərşənbə” və yaxud “addı çərşənbə” də deyilir. Od müqəddəs hesab edilirdi. Çox qədim keçmişdə yeni anadan olmuş uşağı odun başına dolandırmaqla pak edər, ancaq bundan sonra ananın qucağına verərdilər. Bu yolla paklaşmamış uşaq murdar hesab edilər, buna görə də ana onu rahatlıqla qucağına ala bilməzmiş. Bu inancın və xüsusi mərasimin çox aydın izi bu gün də “Çevir ocağa, al qucağa” kimi atalar sözlərində yaşamaqdadır.
    Odla bağlı atalar sözləri
    Od qalar köz olar, qız qalar söz olar.
    Od qalayıb oda düşmüşük.
    Od yanan yerdən tüstü çıxar.
    Odla bağlı inanclar
    Çərşənbədə ocağı boş qoymazlar.
    “Ocaqda kül titrəyəndə od xeyrə oynayır deyirlər”.
    Odla bağlı alqışlar
    Ocağın bərəkətli olsun.
    Ocağın nurlu olsun.
    Ocağın odlu olsun.
    Ocağına nur çilənsin.
    Ocağın sönməsin.
    Odla bağlı qarğışlar
    Oda düşəsən.
    Od-ocağa həsrət qalasan.
    Ocağın qazan görməsin.
    Odla bağlı tapmacalar
    Evdən – evə qızıl yaylıq.
    Yel çərşənbəsi ilaxır çərşənbənin üçüncüsüdür. O, xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Yelli çərşənbə” adı ilə də tanınır.
    Yellə bağı atalar sözləri
    Yelə tüpürsən öz üstünə qayıdar.
    Yel qayadan nə aparar?
    Yelnən gələn selnən gedər.
    Yel əsib qoz tökülüb.
    Yellə bağlı tapmacalar
    Hər yan ələk–vələkdir,
    İsti tamam kələkdir.
    Dəyirmana can verər,
    Xırmana da gərəkdir.
    Yellə bağlı inanclar
    Yel çərşənbəsi gecəsi söyüd ağacının altına keçib niyyət elə və yel babanı çağır. Əgər yel baba sənin səsini eşidib əssə və söyüdün budaqları ağaca toxunsa diləyin yerinə yetər.
    Torpaq çərşənbəsini “torpaq – çillə-beçə çərşənbəsi”də adlandırırlar. O, xalq arasında “ilaxır çərşənbə”, “torpaq çərşənbəsi”, “çərşənbə – suri” adları ilə də tanınır.
    Axır çərşənbə gününün başlıca özəlliyi ondan ibarətdir ki, qəbir üstünə gedilər, ölülərin ruhuna Müqəddəs Qurani-Kərimdən surələr oxunar, dua edilər.
    Azərbaycan türklərində bir adət də budur ki, həmin çərşənbə axşamında od üstündən yeddi dəfə o yan – bu yana atlanar, bununla da insanlar köhnə ilin azar-bezarını, dərd-bəlalarını özlərindən qovub təzə ilə sağlam canla qədəm qoyacaqlarına, gələcək azar-bezardan qorunacaqlarına inanırlar.
    İlaxır çərşənbə ilə bağlı fallar
    Axır çərşənbə günü axşam çağı qonşuların qapısını sakitcə pusurlar. Qapıya yaxınlaşarkən eşidilən ilk sözü və ya bir neçə sözü yozub, bəxt haqqında müəyyən mülahizələr söyləyirlər. Məsələn, ilk eşidilən sözlər “işığı yan-dır”, “yaxşı olacaq” olarsa, hər şeyin yaxşı olacağı güman edilir. Əksinə, “söndür”, “viran qalsın” və bu kimi sözlər eşidiləndə pis tərəfə yozulur.
    “Axır çərşənbə gecəsində bir tərəfinə qırmızı, o biri tərəfinə qara qələm qoyulmuş yumurtanı axar suyun qırağında gizlədərlər. “Niyyətin baş tutacaqsa, yumurtanın üstünə qırmızı, baş tutmayacaqsa qara xətt çəkilər”, – deyərlər.
    “Axır çərşənbə gecəsində kasaya bir az su töküb içərisinə bir ucuna pambıq dolanmış iki iynə salırlar. Əgər iynələr yaxınlaşarsa, ürəyində niyyət tutan adam tezliklə öz sevgilisinə qovuşacaqdır”,– deyərlər.
    “Axır çərşənbə gecəsində almanı, qabıqlarını qırmamaq şərtilə, bütöv soyub yeyirsən. Güzgünü həmin qabıqlarla bir yerdə başının altına qoyub yatsan qismətinə çıxacaq adamı görərsən” – deyərlər.
    “Axır çərşənbə gecəsində iki dolça götürüb xəlvətcə birini manşırlayırsan. Dolçaların ikisini də bir uşağa verib suya göndərirsən. Ürəyində tutduğun qab dolu gələrsə, niyyətinə çatarsan”, – deyərlər.
    “Axır çərşənbə gecəsində qızlar arxası qapıya sarı durub, ayaqqabı tayı atarlar. Ayaqqabının burnu qapıya tərəf düşərsə, onu atan qız tezliklə ərə gedər”, –deyərlər.
    “Axır çərşənbə gecəsi hamıdan xəlvət bişirdiyin duzlu kökəni yeyib yatırsan. Həmin gecə yuxuda susayanda, qismətin olacaq oğlan sənə su verər”,– deyərlər.
    Beləliklə, çərşənbələr xalqımızın bayram mədəniyyətinin rəngarəngliyini göstərən hadisələrdir. Onun miladdan əvvəl başlanan tarixi vardır. Hazırda çərşənbələr yaz mövsümü ilə bağlı keçirilən Novruz bayramı bir ay əvvəldən xalqı böyük bayrama-Novruza hazırlayır, cəmiyyətdə nikbin ehtiyatları səfərbər edərək ictimai əhval-ruhiyyəni yüksəldir və sosial harmoniyanın təmin edilməsində ciddi rol oynayır.

    Müəllif: Redaktor, 11:11

    Teqlər:

İsmarıclar bağlıdır.