Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07Apr

    1459148124Nazirliksiaphoto_391844“Sülhə gəlin, ey insanlar!” Bu çağırış müasir qloballaşan dün-yamızda xüsusilə aktualdır və mənə elə gəlir ki, 2016-cı il 25-27 apreldə Bakı şəhərində keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda digər məsələlərlə yanaşı bu fikir də beynəlxalq səviyyədə dialoq və əməkdaşlıq şəraitində müzakirə ediləcək. Son illər Azərbaycan müxtəlif dövlətləri, sivilizasiyaları bir araya gətirən məkana çevrilib. Dini dözümsüzlüyün, irqi ayrıseçkiliyin və islamofobiyanın bütün dünyada geniş yayıldığı bir dövrdə Azərbaycanda multikultural dəyərlərə böyük önəm ve- rilir.
    “Multikulturalizm” sözü dilimizə yeni gəlsə də, ölkəmizdə bu anlayış daim olmuşdur və qədim dövrlərdən bu günədək azərbaycanlılar başqa millətlərin və dinlərin nümayəndələri ilə dostluq və mehribançılıq şəraitində yaşamışlar.
    III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın sivilizasiyaların, mədəniyyətlərin və dinlərin kəsişməsində yerləşdiyini bildirərək deyib: “Biz Avropa ilə Asiya arasında yerləşirik. Əlbəttə ki, bu coğrafi yerləşmə Azərbaycanın mədəni müxtəlifliyində öz rolunu oynayıb. Əsrlər boyu bütün mədəniyyətlər, dinlər və etnik qrupların nümayəndələri Azərbaycanda sülh və ləyaqət şəraitində bir ailə kimi yaşayıblar. Biz fəxr edirik ki, bu müsbət meyillər müstəqillik illərində daha da güclənib. Bizim tarixi abidələrimizə nəzər salmaq yetər ki, Azərbaycanın mədəni müxtəlifliyi görünsün. Biz tarixi və mədəni irsimizlə fəxr edirik. Dünyanın ən qədim məscidlərindən olan, 743-cü ildə inşa edilmiş məscid Azərbaycanın qədim Şamaxı şəhərində yerləşir. Dünyanın ən qədim kilsələrindən biri – Qafqaz albanlarının kilsəsi Azərbaycanın digər qədim Şəki şəhəri yaxınlığındadır. Pravoslav və katolik kilsələri, sinaqoqlar, atəşpərəstlər məbədi bizim mədəni irsimizin tərkib hissəsidir və biz bununla fəxr edirik”.
    Azərbaycanda belə bir vəziyyət olduğu halda çox təəssüf ki, müxtəlif ölkələrdə narahatlıq doğuran halların sayı artmaqdadır və sözsüz ki, dünyaya inteqrasiya şəraitində bunlar istər-istəməz bütün xalqların həyatına təsir göstərir.
    Ona görə də ölkə başçısı İlham Əliyevin, onun xanımı, millət vəkili, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Yer kürəsində sülhün bərqərar olması istiqamətində apardıqları gərgin və səmərəli fəaliyyət xalqımız tərəfindən bəyənilir və alqışlanır. Aldığımız müsahibələrdə Tərtər rayonunun dəyərli ziyalıları, din adamları bu fikri bir daha təsdiqlədilər.
    Tərtər rayon Ağsaqqallar Şurasının sədri, yazıçı-jurnalist Qədir Allahverdiyev “BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu ölkəmizə nə vəd edir?” sualına mərhum xalq şairimiz, Azərbaycan ədəbiyyatında xüsusi yeri olan Rəsul Rzanın bu misraları ilə cavab verdi: “Mən istəyirəm güllər açılsın, güllələr açılmasın!” Sonra Qədir müəllim dedi: “Gözəl sözlərdir, elə deyilmi? Məncə gözəldən də gözəldir! Bunun sübuta ehtiyacı yoxdur.
    Bu sətirləri yada salanda istər-istəməz müasir dünyada baş verən qanlı-qadalı savaşları, mənasız, məntiqsiz terrorları, onların törətdikləri insan qurbanlarını xatırlamalı olursan. Xatırlayırsan, qanın qaralır, təəssüflənirsən, varından yox olursan.
    Bu hisslərlə yaşayarkən maraqlı bir sual da düşündürür səni: Məgər insan dünyaya bunun üçünmü gəlib? Qanqada törətmək, fitnə-fəsad yaratmaq, bir-birini günahsız yerə məhv etmək üçünmü?…”
    Qədir Allahverdiyev hesab edir ki, Beynəlxalq Qlobal Forumun 3000 nəfərdən çox iştirakçısı bir araya gələrək bu suala cavab tapa bilsə, dünyada müharibələr, terror, ekstemizm və bunların törətdiyi dəhşətli faciələr azalar.
    O, bütün dünya xalqlarına müraciət edərək deyir: “Baharın müjdəsi ilə qarşılaşırıq hər gün. Təbiətin oyanış çağıdır. Nərgizlər, bənövşələr salamlayır bizi, “necəyik, xoşunuza gəlirikmi?” – deyirlər. Körpə təbəssümünə bənzəyir onların xəfif təbəssümü. Ana qoynunda onun şirin zümzüməli laylası ilə uyuyan körpələr kimi…
    Bəli, bunları duyan insan – güllərin açılması ilə fərəhlənən, körpə təbəssümü ilə sevinən varlıq tətiyə əl atıb güllələrin açılmasını gözləyərmi? Görəsən nə vaxt idrakımız dərk edəcək bunu? Böyük Səməd Vurğun demişkən: “Qalib gələcəkmi cahanda kamal?” Dostoyevski “dünyanı gözəllik xilas edəcək” deyirdi.
    Qoy bu gözəl dünyamızın gözəllikləri sərsəm dünyamızı xilas etsin!..”
    VII Qlobal Forumun keçirilməsi ilə ölkəmizin beynəlxalq nüfuzu artacaq, müxtəlif xalqların nümayəndələri mədəniyyətimizlə, adət-ənənələrimizlə daha yaxından tanış olacaqlar.
    Elə Tərtər rayonunda çıxan “Yeni Tərtər” qəzetinin baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər İttifaqının üzvü, “Tərəqqi” medallı şair-publisist Tofiq Yusif də bu fikirdədir. O deyir: “Dünya gözəl dünyadır. Bəzən onu yaman edən biz insanlar oluruq.
    Bir körpə qığıltısı bu dünyanın laylasıdır. Bir uşaq gülüşü bu dünyaya saçılan günəş işığıdır. Bir insan ömrü bu dünyanın dəyərli zinətidir.
    Varlığın fəlsəfəsi olumla ölümün arasındadır və bu, ən qiymətli bir zaman kəsiyidir. Ömür deyilən bu zaman kəsiyini Allahın payı hesab edənlər gərək elə yaşasınlar ki, sonralar dizlərinə döyüb heyif-silənməsinlər. Azərbaycanın azman şairi Bəxtiyar Vahabzadə demiş:
    Yaşamaq yanmaqdır, yanasan gərək,
    Həyatın mənası yalnız ondadır.
    Və yaxud:
    Bir ömrü illərlə ölçmək düz deyil,
    Ömürlə illəri ölçəsən gərək.”
    Tofiq müəllim bildirir ki, bu misralar məhz xalq üçün, Azərbaycan üçün daim yana-yana yaşayan Ulu Öndərimiz Heydər Əliyevə aiddir. Buna görə də onun ömrü yaşadığı illərlə ölçülmür, əbədi bir ömür hesab edilir.
    Müasir şəraitdə ölkədəki sabitliyi qoruyub saxlamaq, iqtisadiyyatın inkişafını təmin etmək olduqca çətin məsələdir və Ulu Öndərin davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev qan-qada ilə dolu bir dünyada bu vəzifənin öhdəsindən layiqincə gəlir. Beynəlxalq səviyyədə dialoq və əməkdaşlığın keçirilməsi isə təkcə Azərbaycanda deyil, bütün dünyada sülhün bərqərar edilməsinə öz töhfəsini verəcək.
    Hazırda Tərtər rayonunda fəaliyyət göstərən Ağdərə rayonunun Umudlu kənd tam orta məktəbinin direktoru Zabil Zeynalovla söhbətimiz isə belə oldu: “1992-ci ilin fevralında uzunmüddətli blokadadan sonra kəndimiz işğal edildi. Biz didərgin düşdük…
    Elə bil Qorkinin “Danko haq-qında əfsanə” hekayəsini yaşayırdıq. Dünən bir tayfanın digərinə etdiyini bu gün bir millət digərinə etdi. Bəs bəşərin evolyusiyası, sivilizasiyasının inkişafı və tərəqqisi harda qaldı… Bu “tərəqiyyəmi” nail oldu bəşəriyyət XX əsrin son onilliyində və nəhayət, XXI əsrdə, hansı ki, müsəlman dünyası od-alov içərisindədir (Dünən bizə yaşam, firəvanlıq gətirən od bu gün atəş şəklində başımıza yağır. Inciməzmi bizdən Prometey?!) Müsəlman ölkələri viranəyə çevrilir, dinc əhali qırılır, mədəni Avropa isə qaçqın dalğasına dözmür, sərhədlərini bağlayır, haray salaraq multikulturalizmin Avropada iflasa uğradığını bəyan edir.
    Bir didərgin olaraq hər gecə yuxularımda kəndimizi görürəm. Səhər isə mənim üçün özümüdərklə başlayır. Mən haradayam, niyə buradayam?
    Cavab isə özünü çox gözləmir: Sən didərginsən, öz yurdunda-yuvanda deyilsən. Hər günə belə başlamaq elə də asan və ürəkaçan deyil.
    Bütün səmavi dinlərin kökləri eynidir və bu dinlər insanları düzlüyə, haqqa, ədalətə, insafa, qarşılıqlı hörmət və məhəbbətə çağırır, nəinki qarşıdurmalara.
    Bu baxımdan öz xalqımla fəxr edirəm. Əsrlər boyu Azərbaycanda müxtəlif xalqların, dinlərin, məzhəblərin nümayəndələri əminarxayınlıqla yaşayıblar və yaşayırlar”.
    Zabil müəllim hesab edir ki, bəşəriyyət millətsevərliyə “hə”, millətçiliyə “yox” deməlidir, dünya çiçəklənmiş mədəniy-yətlər sərgisi, ali sivilizasiyalar məkanı olmalıdır. O ümid edir ki, Bakıda keçiriləcək VII Qlobal Forum insanların sülhə gəlməsinə kömək edəcək, Azərbaycanın haqlı olduğunu öz gözlərilə görən xarici nümayəndələr Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə səy göstərəcəklər.
    Dünyada keçirilən bütün beynəlxalq tədbirlərdə olduğu kimi BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda da qadınların fəal iştirakını gözləyirik. Bu da təbiidir. Çünki bütün zamanlarda və bütün dövlətlərdə qadınlar daim barışdırıcı mövqedən çıxış edərək, sülhün qorunmasına çalışıblar. Bu məqsədlə də tərtərli qadınların bir nümayəndəsi olaraq Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibovanın fikirlərini öyrəndik. O dedi: “İnsanların bir-birinin dininə, etiqadına qarşı dözümsüzlük nümayiş etdirdiyi bir dövrdə Azərbaycanda müxtəlif millətlərdən olan insanların qardaşlıq və dostluq şəraitində yaşaması dünyaya bunun mümkün olmasını göstərir. Azərbaycanın birinci xanımı, hamımızın sevimlisi olan Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun nəinki Azərbaycanda, bütün dünyada həyata keçirdiyi tədbirlər ölkəmizdə humanizm, xeyirxahlıq, tolerantlıq prinsiplərinin nə qədər uca tutulduğunu əyani şəkildə nümayiş etdirir.
    Səlimə xanım əmin olduğunu bildirdi ki, VII Qlobal Forumun mötəbər tribunalarından da qadınlarımızın səsi eşidiləcək və bu tədbir ölkəmizin qüdrətini, adət-ənənələrimizə bağlılığımızı, sülh şəraitində yaşamaq istəyimizi dünyaya bəyan edəcək. Eyni zamanda mədəniyyətlərarası dialoqda qadınların rolunu daha da yüksəldəcək.
    Səlimə Yusibova özü və ailəsi erməni terrorizminin acı nəticələrini üzərlərində hiss edən insanlardandır. O, Tərtərin Qapanlı kəndində yaşayır. Bu kənddə hal-hazırda da atəş səsləri eşidilir, dinc sakinlər, eləcə də uşaqlar yaralanır, şəhid olurlar. Onun fikrincə, Forumda iştirak edən bütün qadınlar bu cür hallara qarşı birlikdə etiraz səslərini ucaltsalar, erməni ekstremizminin qarşısı alınar və Azərbaycanın bir milyondan artıq qaçqınının, eləcə də öz doğma ocağında daim ölüm təhlükəsi altında yaşayanların hüquqları bərpa olunar.
    Tərtər Cümə Məscidinin axundu Sadiq Cəfərovun da fikirlərini öyrəndik. O bildirdi ki, müxtəlif dinlərin birgə yaşamasının ən gözəl nümunəsi hazırda Azərbaycanda mövcuddur. Bu gün ölkəmizdə 2050-dən çox məscid vardır. Eyni zamanda, xristian kilsələləri, yəhudi sinaqoqları, digər dinlərin ibadət yerləri də sərbəst şəkildə fəaliyyət göstərir. Islam dini pərdəsi altında hərəkət edən radikal qruplar əslində islamın özünə qarşı yönəlib və Quranda bu hərəkətlərin hamısı qətiyyətlə pislənir.
    Müqəddəs kitabımızın hər bir sətri insanlara sevgi və məhəbbətlə doludur, nifrətlə yox. Odur ki, din xadimləri də Sivili-zasiyalar Alyansının VII Qlobal Forumunun nəticələrini səbirsizliklə gözləyir və inanırlar ki, bu tədbir yer üzündə nahaq qanların tökülməsinin qarşısının alınmasına kömək edəcək.
    Sonuncu müsahibim isə Tərtər Rayon İcra Hakimiyyətinin ən gənc işçisi Tunarə Məmmədzadə oldu. O dedi:
    –Dünyanın heç bir yerində gənclərə Azərbaycanda olduğu qədər qayğı və diqqət göstərilmir. Bizim hər birimizin təhsil almaq, istedad və bacarığımızı üzə çıxarmaq imkanı var. Mən özüm ali məktəbi yenicə bitirsəm də, rayon icra hakimiyyəti aparatında məsul vəzifə daşıyıram. Bunun özü böyük etimaddır.
    Məhz buna görə də VII Qlobal Forumda gəncliyin də deməyə kifayət qədər sözü olacaq. Gənclər Forum çərçivəsində keçirilən silsilə tədbirlərdə, beynəlxalq konfranslarda qazandıqları nailiyyətləri çatdıracaqlar.
    Prezident İlham Əliyev Novruz bayramı münasibətilə ümumxalq şənliyində söylədiyi nitqində demişdir: “Bildiyimiz kimi bu il Azərbaycanda “Multikulturalizm ili” elan edilib. Təkcə ona görə yox ki, bu il Azərbaycanda Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçiriləcəkdir. Ona görə ki, indiki şəraitdə dünyada gedən toqquşmalar bizi çox narahat edir. Biz yol göstəririk, nümunə göstəririk. Göstəririk ki, multikulturalizm yaşayır”.
    Azərbaycan Prezidentinin istəyi xalqın ürəyindən xəbər verir. Xalqımızın da arzusu budur ki, bütün millətlərin, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşasınlar. Məşhur mahnıda deyildiyi kimi: “Yer üzündə dostu olsun, gərək insan insanın”

    Svetlana Bağırova
    (Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Prezdenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkil etdiyi müsabiqəyə təqdim etmək üçün)

    Müəllif: Redaktor, 10:22

    Teqlər:

İsmarıclar bağlıdır.