Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 05İyl

    zeynebHəyata gələn insan bir ömür yaşayır. Kimisi az, kimisi çox. Sözsüz ki, az yaşayana çərxifələk macal vermir. Ancaq çox yaşayan nə isə etməyə can atır, özündən sonra iz qoymağa çalışır. Kişi, ya qadın fərqi yoxdur. Əzab çəkəni də var, xoşbəxt yaşayanı da. Hər halda bir ömür yaşanılır və vaxt çatanda bu dünyanın istisinə-soyuğuna, şirininə-acısına əlvida deyir. Lakin nə xoşbəxtdir özündən sonra izi qalanlar, xoş xatirələrlə anılanlar!
    Zeynəb Usub qızı Əhmədova da özünə düşən ömür payını yaşamışdır. O, 1911-ci ildə Tərtər qəzasının Bayandur kəndində dünyaya göz açmışdır. Onun uşaqlığı sovet hökumətinin ilk quruculuq illərinə təsadüf edir. Əmək fəaliyyətinə sıravi kolxozçu kimi başlamışdı. Torpağa bağlılıq, zəhmətsevərlik ilk vaxtlardan onu hamıya sevdirmiş, hörmətli etmişdir.
    1937-ci ildən 1964-cü ilə kimi pambıqçılıq təsərrüfatında manqa-başçısı və briqadir kimi fəaliyyət göstərdi. Necə deyərlər, zəhmətlə ülfət bağladı. Qışın oğlan çağında, yayın qora bişirən vaxtında işdən yorulmadı, öz halal əməyi ilə həyatının şöhrət çələngini toxudu. Bəzən gecənin ay işığında kəhər atın belinə qalxaraq əlində “lapatka” pambıq sahələrinin suvarılmasına nəzarət etdi, bəzən də becərmənin keyfiyyətli aparılmasını yoxladı. Nəhayət ki, istədiyi nəticəni ala bildi.
    Hazırda rayonumuzda Zeynəb Əhmədovanın oğlu, gəlini, nəvə-nəticələri yaşayır. İlk görüşüm gəlini Qənirə bacı ilə oldu.
    Bəzi müasir gəlinlərdən fərqli olaraq qaynanasından həvəslə və qürurla danışdı:
    –Xalam çox qoçaq qadın idi, özü də kişi kimi: Nə yorulmaq bilərdi, nə qorxu. Həm təsərrüfat işini, həm ailəni çox gözəl idarə edirdi. Bir xatirə danışım: Rüstəm Səfərəliyevin Tərtərdə raykomun birinci katibi olduğu vaxtlar idi. Xalam gecələr pambıq suvarırdı. Gecənin birində raykom katibi kəndə gələrkən görür ki, onun sahəsinin yanında bir at var, yaxınlaşanda xalamın uzun saplı “lapatka” ilə su suladığını görür və orda ona heç nə demədən geri qayıdır. Sə-həri günü həmin sahəyə gələrək xalamı çağırtdırır və maşınından gödək saplı bir “lapatka” çıxarıb ona verərək deyir:
    – O “lapatka”nın sapı çox uzundur, onunla işləmək çətindir, al bununla işlə. O vaxtdan həmin”lapatka” atın yəhərinə bağlı oldu.
    Bu hünərvər qadın torpağın qüdrətini üzə çıxardaraq, şöhrətini artırmışdır. Torpaqdan bacarıqla istifadə edərək onun qədrini bilən bir ailəyə çevrilmişdi Zeynəb xalanın ailəsi. Həyat yoldaşı Əliş kişi də təsərrüfat işlərində Zeynəb xalanın arxasında dayanaraq ona həyan olurdu. Gəlini Qənirəni də özü bəyənmişdi. Əkin-biçin bacardığına, qoçaqlığına görə. İllər ötdükcə zəhməti onu xalq arasında daha da tanıdırdı. 1964-1977-ci illərdə işi dəyişdi. O, Mirbəşir narçılıq sovxozunda fəhlə və uşaq bağçasının tərbiyəçisi işlədi. 1977-ci il-dən İttifaq əhəmiyyətli təqaüdçü oldu.
    Zeynəb Əhmədova rayonumuzun ictimai həyatında da fəallıq göstərirdi. O, 2 dəfə–rayon partiya təşkilatının altıncı və doqquzuncu konfransında rayon partiya komitəsinin üzvü seçilmişdir. Onun əməyi partiya və hökumət tərəfindən layiqincə qiymətləndirilmişdir. 1948-ci ildə rəhbərlik etdiyi manqanın sahəsindən rekord pambıq məhsulu götürdüyünə və şəxsi rəşadətli əməyinə görə Lenin ordeni təqdim edilməklə ona Sosialist Əməyi Qəhrəmanı adı verilmişdi. Becərdiyi bir pambıq kolunun üstündə 350 ədəd qoza olduğu üçün həmin pambıq kolunu Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində nümunə olaraq saxlamışdılar. 1970-ci ildə Lenin yubiley medalı ilə təltif olunmuşdu, xeyli sayda Fəxri fərman almışdı.
    1985-ci ilin 1 avqust günündə rayon ictimaiyyətinə çatdırılan xəbər hamını sarsıtdı. Zeynəb Əhmədova 74 yaşında qəflətən vəfat etmişdir. Bacarıqlı kənd təsərrüfatı işçisi, qayğıkeş və mehriban insanın əziz xatirəsi onu tanıyanların qəlbində əbədi yaşadı. Ölümündən sonra onun adı əbədiləşdirilərək şəhərimizin küçələrindən birinə Zeynəb Əhmədo-vanın adı verildi. Yaşadığı Bayandur kəndi bu gün də Zeynəbin kəndi kimi tanınır. Bu gün Zeynəb Əhmədovanın 24 nəvəsi, 29 nəticəsi onun adıyla fəxr edir.

    Elfuzə Vəliyeva

    Müəllif: Redaktor, 10:06

    Teqlər:

İsmarıclar bağlıdır.