Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Sen

    01245Yaxşı ki, o dünyada varlıya, kasıba fərq qoyulmur. Yoxsa axirət dünyasının da bir dadı-ləzzəti olmazdı. Bu dünyadakı kimi orada da təbəqələşmə getsəydi, yenə də kasıblar ağlar günə qalacaqdırlar. Niyə? Çünki varlılar cənnəti satın alacaqdılar və başlayacaqdılar huri-mələklərlə eyş-işrətə (bu dünyadakı kimi). Yazıq kasıbların yeri isə Cəhənnəmin ortası olacaqdı–gah qır qazanında yanacaqdılar, gah “Qıl körpüsü”ndən keçiriləcəkdilər, gah İnkirminkir sorğu-sual edəcəkdi, gah da alovu zəban çəkən tonqallara atacağıydılar onları. Bir sözlə, başlarına yüz oyun açacağıydılar (bu dünyadakı kimi). Yaxşı ki, orada vara-dövlətə görə ayrıseçkilik yoxdur. Bəs onda qəbiristanlıqlardakı bu dəbdəbə, bu təmtəraq kimə və nəyə lazımdır? Onların ölülərə bir xeyri var, ya yox? Bəlkə yerlərini isti saxlayır və yaxud qarınlarını doydurur? Kimlərisə qonaq da qəbul eləmirlər ki, qəbirlərinin üstündəki möhtəşəm baş və sinə daşlarını, bahalı qranit və mərmərləri göstərib öyünsünlər. Və yaxud bu dəm-dəstgahı o dünyadakılara nümayiş elətdirib desinlər ki, biz sizin tayınız deyilik.
    Islamda buyrulur ki, müsəlmanın qəbri itib torpağa qarışmalıdır. Çünki, birincisi, dünya binnət olandan gəlib-gedən milyardlarla insanın qəbri belə təmtəraqla düzəldilsəydi, onda Yer üzündə boş yer qalmazdı ki! Ikincisi, bu bahalı bər-bəzəyin ölən insana bir köməyi varmı?
    Inkişaf etmiş əcnəbi ölkələrin bir çoxunda qəbrin baş tərəfinə mişar daşı kimi bir daş qoyur, nömrələyərək mərhumun adını qəbiristanlığın qeydiyyat kitabına yazırlar, vəssalam.
    Bizdə bəs bu nə bəhsə-bəhsdir?
    Əvvəllərdə də qeyd etmişdik ki, sağlığında ata-anasına, qardaş-bacısına sahib çıxmayan imkanlı birisi onlar öləndən sonra zühur edib ortaya çıxır, lazımsız yerə bolabol, israfçılıqla toy məclisindən də betər ehsan verir və qəbirlərinin üstlərini elə bahalı daşlarla, insanı heyrətə salacaq elə bir büsatla götürdürür ki, bəlkə bu pulları sağlığında onlara xərcləsəydi, yazıqlar indiyə qədər yaşayardılar. Bəs niyə belə eləyirlər? Ona görə ki, qoy camaat desin: “Ə, filankəsin oğlu gör dədəsinə nə cür qəbir düzəltdirib! Malades!”. Lakin onu tanıyanlar bilir ki, bu, nankor övladdır. Yəni “Pir bilir ki, toğlu kimindir, keçi kimin”.
    Sağlar üçün dəyərsiz “şan-şöhrətə” çevrilən bu qəbir oyunbazlığı yalnız onların özləri üçün ucuz tərif gətirir. Ölüyə nə dəxli var ki, qəbrinin üstündə lap brilyantdan, qızıldan sərdabə düzəltdir.
    Bu hal Bakı şəhərində və ona yaxın rayonlarda daha əcaib vəziyyət alıb. Bilmirsən bu yarış nə yarışıdır? 100 minlərlə xərc çəkilən qəbir üstləri var. Bunların yanında kasıb adamların qəbirləri boynubükük yetimə oxşayır.
    Elə Tərtər şəhərinin “Təzə qəbiristanlığına” baş çəkəndə də bu fərqi ilk nəzərdən görürsən. Elə qəbirlər var ki, şah sarayına bənzəyir. Elə qəbirlər var ki, onların yanında çox miskin görünürlər. (Kasıb bu dünyada yaşayış tərzi və geyimi ilə xəcalət çəkir, yəqin ki, o dünyada da qəbri ilə xəcalət çəkir).
    Son zamanlar yüksək səviyyələrdə qəbiristanlıqlar, dəbdəbəli qəbirlər haqqında çox söz-söhbət gəzir, amma bu məsələ hələ hüquqi müstəvidə öz həllini tapmayıb. Deyirlər ki, Milli Məclis tərəfindən qəbiristanlıqlar haqqında qanun qəbul ediləcək, orada qəbirlərin hamısının eyni qaydada və sadə şəkildə götürülməsi, qəbir yerlərinin satın alınmasında nizam-intizam yaradılması, növbəliliyin gözlənilməsi və sair məsələlər öz həllini tapacaqdır. Bu çox yaxşı olar! Yoxsa sənin pulun varsa heç yanda tanınmayan, heç bir adı-sanı olmayan dədəni padşah kimi dəfn elə, qəbrinin üstündə kümbəz tikdir, mənim pulum yoxdursa, el içində hörmət qazanan, xalqa həmişə xeyri dəyən tanınmış dədəmə bir babat başdaşı da qoydura bilməyim? Bu haqsızlıq hara sığar, axı?
    Ey müsəlmanlar! Atalar deyib ki, “Dünya malı dünyada qalacaq”. Heç kim özü ilə o dünyaya 5 metr kəfəndən başqa heç nə aparmayıb.
    Islam inancına görə yalnız bu dünyada tutduğun yaxşı və pis əməllərinin əvəzini o dünyada alacaqsan. Savab və günah işlərini sağ və sol çiyinlərində oturub yazan mələklər heç vaxt səhv etmir. Axirət dünyasına köçəndə bu dünyada tutduğun savab və günah əməllərin çox dəqiq ölçən nizamtərəzidə çəkiləcək və Allah tərəfindən bu nəticələrə görə sənə qiymət və cəza veriləcək. Istər qəbrinin üstündə qızıldan heykəlin ucalsın, istərsə də adi başdaşı. Çünki qəbiristanlıq dəbdəbə məkanı yox, gorgahdır.

    DÜNYA  NƏ HAYDADIR, İNSAN NƏ HAYDA
    Biz–qurbanlıq, bu, əjdaha dünyadı,
    Mədəsi ac, ağzı kaha dünyadı.
    Astarı üzündən baha dünyadı,
    Bir əli toydadır, bir əli vayda.
    Dünya nə haydadır, insan nə hayda?!

    Tamahlar var üstə boğuşmağında–
    Şeytan arzusuna qovuşmağında.
    Olumla ölümün qovuşuğunda
    Adamlar yenə də “nanay-nanay”da?!
    Dünya nə haydadır, insan nə hayda?!

    Örkəndən uzunmu yenə çatılar?
    Bəs niyə açılmır meşin qapılar?
    Az qalır bazarda günəş satıla,
    Çəkiyə qoyula Ulduz da, Ay da.
    Dünya nə haydadır, insan nə hayda?!

    Qiymətdə seçilmir palan yəhərdən,
    Ayırmaq müşküldür balı zəhərdən.
    Sən ha “şeş-beş” istə bu “zalım zər”dən,
    “İki-bir” verəcək xanalar sayda.
    Dünya nə haydadır, insan nə hayda?!

    Mizan-tərəzidə pərsənglər durur,
    Alimin yerində nadan oturur.
    Haqsızlar haqlıya badalaq vurur,
    Qazılan quyusa qırx arşın boyda.
    Dünya nə haydadır, insan nə hayda?!

    Köpək pay xətrinə oğruya hürmür,
    “Tülkü həccə gedir–hinlərə girmir”.
    Ulaq arpa yeyir, at saman görmür,
    Dağılıbdır nizam, pozulub qayda.
    Dünya nə haydadır, insan nə hayda?!

    …Bu dünya özündən ağır görünər,
    Yatmış gürzə kimi fağır görünər.
    Son andı gözünə cığır görünər,
    Cismin burda qalar, ruhun o tayda.
    Dünya nə haydadır, insan nə hayda?!

    Tofiq YUSİF

    Müəllif: Redaktor, 15:41

    Teqlər:

İsmarıclar bağlıdır.