Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Okt

    15buNəcməddin Savalanov İmişli rayonunun Göbəktala kəndində 1985-ci ilin 26 fevralında dünyaya gəlmişdi. O, üç qardaşın ortancılı idi. Uşaqlıqdan onu qardaşlarından fərqləndirən bir cəhət varıydı, o da hərbçi olmaq arzusu idi. Bu arzu ilə yaşamağının səbəbi isə 2 əmisinin hərbçi olması idi…O, əmisinin əsgər papağını başına qoyub, güzgüyə baxıb deyirdi: “ Mən də əmim kimi komandir olacam”.
    …Quş qanadlı illər bir-birini əvəz etdikcə Nəcməddin də arzularının dalınca qanadlanıb uçurdu. Səkkizinci sinfi bitirdikdən sonra Cəmşid Naxçıvanski adına hərbi məktəbə daxil oldu. Sonra Heydər Əliyev adına Hərbi Komandirlər Məktəbində təhsilini davam etdirdi. İlk iş yerinə leytenant rütbəsi ilə başlayan Nəcməddin ayrı-ayrı hərbi hissələrdə komandir, qərargah rəisi işləyib. Həmişə də üzərinə düşən vəzifənin məsuliyyətini dərk edərək Vətən qarşısındakı borcunu ləyaqətlə yerinə yetirib.
    Nəcməddin 4 yaşında olarkən atasını itirmişdi. Atasının 31 yaşı olarkən avtomobil qəzası nəticəsində dünyasını dəyişmişdi. Anası Ramilə müəllimə yaşadıqları Göbəktala kəndindəki orta məktəbdə sinif müəllimi işləyərək ailənin yükünü öz çiyinlərinə götürmüşdü. Övladlarının üçünə də həm ata, həm ana qayğısı göstərərək ərsəyə çatdırmışdı. Hər üçü ailəli idi. Ana övladlarından güc-qüvvət alaraq yaşayırdı. Lakin cəbhə bölgəsində olduğu üçün oğlu Nəcməddindən nigaran idi. Sən demə bu narahatçılıq nahaq deyilmiş Ramilə ananın ürəyinə qara fikirlərin gəlməsi onun hissiyatından qaynaqlanırmış.
    Aprelin 2-də Tərtər rayonunun Qapanlı kəndində düşmən təxribatının qarşısını almaq üçün döyüş tapşırığını yerinə yetirən bu vətənpərvər oğlan ağır yaralanır. Döyüş yoldaşı Nəcmulla Əliyev deyir:
    –Biz döyüş tapşırığını yerinə yetirmək üçün gedirdik. Nəcməddin üç nəfərlə birlikdə “İMER” texnikası ilə düşmən postuna doğru irəliləyirdi. Düşmən səngərinə az qalmış mərmi partlayışı eşidildi və mərmi qəlpələri ətrafa dağıldı, “İMER” dayandı. Biz partlayış olan yerə qaçdıq. Həmin yerə çatanda Nəcməddini alqan içində, ağır yaralı halda yerə sərilmiş gördük. Çox çətinliklə onu Tərtər bölgəsindəki döyüş yerindən cəbhə xəttinə yaxın Qapanlı kəndinə təcili yardım maşını olan yerə gətirdik. O, tapşırıq verdi: “Nəcmulla, sən digər əsgər yoldaşlarının yanına qayıt.” Biz Nəcməddin Savalanovu təcili yardım maşınında Səidlə birgə hərbi qospitala yola saldıq.
    Digər döyüş yoldaşı Səid Əzizli deyir ki, mən Nəcməddin Savalanovla birgə təcili yardım maşınında qospitala gedirdim. Yolda o mənə dedi ki, deyəsən, məndə daxili qanaxma var. Bunu dəqiqləşdirmək üçün yarasına baxdım. Həqiqətən də qan bayıra axmırdı. Sonra bir xeyli sakit halda dayandı və dərindən ah çəkərək, əlimi sıxıb dedi: “Görəsən bu əllərlə mən yenə voleybol oynaya biləcəmmi?”
    Döyüş yoldaşları Elman Muradov və Zaur Əliyevin dediklərindən:
    –Biz Nəcməddindən çox şey öyrəndik. Onun öyrətdiyi hərbi biliklərdən və təcurbəsindən biz hələ də istifadə edirik. O, həm gözəl komandir, həm də səmimi dost idi. Döyüş dostu Asif Nurməmmədov danışır ki, Nəcməddin Savalanov bizim bölük komandirimiz olub. Tək mənimlə yox, onun bölüyündə olan bütün əsgərlərlə Nəcməddin Savalanov isti münasibət saxlayırdı. Hətta biz hərbi xidmətdən tərxis olunduqdan sonra da onunla əlaqəni davam etdirir, zəngləşib görüşürdük
    Həmkəndlisi Yusif Məmmədov isə belə deyir:
    –Mən Nəcməddin Savalanovla eyni kənddən olsam da, o, mənimlə digər əsgərlər arasında heç bir fərq qoymurdu. Həmişə çalışırdı ki, biz əsgərlər hərbin bütün sirlərini tam öyrənək. Nəcməddin hərbçi olmaqla bərabər, həm gözəl musiqiçi, həm də idmançı idi. Boş vaxtlarında hərbi hissədə yaratdığı voleybol komandasıyla tez-tez yarışlar keçirirdi.
    Vüqar Şıxlinski–hərbi hissə komandiri: Biz “Mübariz postu” deyilən yerdəydik. Ön xəttə keçib, düşmən səngərini mina-lamalıydıq. Nəcməddin Savalanov bunu təkbaşına edəcəyini dedi. Komandir, bu təhlükəlidir, nəsə olsa, qoyun mənə olsun, siz komandirsiniz. Sizə bir şey olsa, əsgərlərimiz başsız qalar, onların sizə ehtiyacı var. Nəcməddin Savalanovun yaraları ağır olduğundan Bakı şəhərində Mərkəzi Kliniki qospitalda bir aydan çox aparılan müalicənin müsbət təsiri olmadı, 8 may 2016-cı il tarixdə Nəcməddin Savalanov qospitalda dünyasını dəyişdi. 3 övladını –– bu il birinci sinifə gedən qızı 6 yaşlı Leylanı, 5 yaşlı Nurayı və oğlu 3 yaşlı Adəmi yadigar qoyub getdi.
    Bir şəhid ruhu da ruhlar aləminə qarışıb göylərdə məskən saldı. O ruh vətəni üçün canından keçən Nəcməddin kimi bir oğulun, üç övladın qayğısını çəkməyə düşmən təxribatı aman verməyən bir atanın ruhu idi. Vətən övladı, uyuduğun torpaqda rahat ol! Yolunda canından keçdiyin torpaq da öz bütövlüyünə qovuşacaq, qayğısını çəkə bilmədiyin övladların da böyüyəcək! Allah qəbrini nurla doldursun, Vətən oğlu!

    Elfuzə Vəliyeva

    Müəllif: Redaktor, 14:59

    Teqlər: ,

İsmarıclar bağlıdır.