Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Okt

    04“Quran təfsiri islam aləmində ən çətin elm hesab olunur. Təfsirə yalnız elmdə müctəhidlik mərtəbəsinə yetişən alim cürət edə bilər. Qurani-kərimi təfsir etməyə girişən müctəhid iyirmi ana (əsas) elmi və ondan ayrılan altmış qolu mükəmməl bilməlidir ki, bunların da məcmuu səksən elm təşkil edir. Həmin elmlərə dərindən yiyələnməyən şəxsin etdiyi Quran təfsiri yarımçıq, naqisdir ki, bu da böyük günah sayılır”.
    Qurani-Kərimin tərcüməsinə
    yazılmış “Ön söz”dən
    Belə fikirləri oxuyanda adam Quranın nəinki surələrindən, hətta ayələrindən belə danışmağa cürət eləmir, qorxur. Çünki adi bir yanlışlıq böyük günahlara yol aça bilər və nəticədə Cəhənnəmin əzablarına düçar olarsan. Ona görə də ya bildiyini danış, ya da dinmə.
    Amma bizim bəzi “mollalar” özlərini müctəhidlərdən də savadlı bilir və pulun xətrinə o dünyanın zülüm-zillətini bu dünyada qazanmış olurlar. Ərəb əlifbasını hıqqına-hıqqına, zorla, birtəhər, alayarımçıq öyrəndikdən sonra başlarına bir fəs qoyub, qəfildən olurlar “molla”. Halbuki dünənə qədər “alkaşlıq” eləyir, qumar oynayır, bir sözlə, yüz hoqqadan çıxan bu yaramaz islam aləmindən bixəbər ola-ola, özünü cəmiyyətə “din adamı” kimi sırımağa çalışır.
    Tərtərdə də belə “mollalar” var. Heç bir dini təhsil almayan, ağızdan-ağıza eşitdiklərini özü bildiyi kimi əzbərləyən, ərəb sözlərini höccələyə-höccələyə oxuyan, islam dininin elmi əsaslarına nabələd olan, hər Quran kəlməsini qələtlə tələffüz edən belə “din xadimləri” çox yerdə əsil mollaların adına ləkə gətirirlər.
    Atalar deyib ki, utanmasan, oynamağa nə var? Belə adamlar utanc hissi nədir, bilməzlər, nə Allahdan qorxarlar, nə bəndələrdən, nə özlərinə hörmət edərlər, nə də ölü sahiblərinə. Belələrindən isə nə pis əməl desən, çıxar. İnsanın üzündə abır-həya yaxşı şeydir.
    Əhvalat: Bir kişi oğlunu aşığın yanına gətirib deyir:
    ––Bu uşağı şəyirdliyə götür. İstəyirəm o, aşıq olsun.
    Aşıq uşağı yoxlamadan keçirib deyir ki, bu, çox utancaqdır, aşıq gərək həyasız ola. Apar bunu bir az sırtılt, sonra gətir.
    Kişi uşağı özü ilə qaytarıb aparır. Bir neçə aydan sonra yenə gəlirlər aşığın yanına. Aşıq uşağı təzədən yoxlayır və deyir:
    ––Pahooo! Sən bu uşağı həddindən çox sırtıltmısan! İndi bundan aşıq yox, yaxşı bir molla olar.
    Yuxarıda söhbət açdığımız “mollalar” aşığın dediyi o “molla”lardandır.
    “Qara bayram” dediyimiz günlərdə dünyasını dəyişmiş adamların qohum-əqrabası onların qəbirləri üstündə ruhlarına dua oxutmağı özlərinə borc bilirlər. Rəhmətə gedənlərə Quran surələri oxumaq üçün molla axtarıb tapmaq lazım gəlir.
    “Qara bayram” günləri Tərtərin qəbiristanlıqları “molla” və dilənçilərlə do-lu olur.
    Bir də görürsən ömründə mollalıq etməyənlər də papaqlarını qoltuqlarına vurub, götürüldülər qəbiristanlıqlara. Çünki ölü sahibləri Quran surəsini oxuyan mollanın cibinə elə oradaca 3-dən, 5-dən mütləq qoyurlar.
    Gözlərimin şahidiyəm, puldan ötrü bu qəbrin üstündən o biri qəbrin üstünə qaçan, Quran surəsini (hətta ayələri də) alayarımçıq oxuyub, özlərini ağır günaha batıran bu “qəbiristanlıq qarğaları” dinimizə və imanımıza hörmətsizlik gətirirlər. Qaranəfəs qəbirlərin arasında ora-bura şütüyən, gözləri buz üstünə çıxmış dananın gözlərinə oxşayan bu “din xadimləri” belə anlarda nə qədər cılız, nə qədər gülünc və nə qədər rüsvayçı görünürlər!
    Bir də baxırsan ki, bu gün tanıya bilmədiyin bir “qəbiristanlıq qarğası” dünən bazarda kartof-soğan satırdı. Və yaxud, bu gün qəbirlərin üstündə “dua oxuyan” bu adam dünən xaltura edirdi, saatsaz idi, televizor ustasıydı, “yeyib-içən oğlan”ıydı, bir sözlə, dindən başqa hər işlə məşğul olurdu. (Olurlar olsunlar. Hər kəs ailəsinə çörək qazanmağa çalışır. Amma…). Bu gün isə “dindar” olub. Görün kimlər bizim ölülərimiz üçün Quran surələri oxuyurlar?!
    Bir aforizm var: “O xalq xoşbəxtdir ki, hər kəs öz bildiyi işlə məşğuldur”. Bizdə isə bu, bəzən tərsinə olur–kim nəyi bilmir, kim nəyi bacarmır, gedib o işlə məşğul olur, “qəbiristanlıq qarğaları” kimi.
    Tərtər rayon yeridir, hamı biri-birini tanıyır. Bu yazıda ona görə ad çəkmirəm ki, onların da ailəsi, uşağı, qohum-əqrabası var, o mollacığazların əvəzinə niyə bunlar utanıb, xəcalət çəkməlidirlər?! Amma gərək həmin “qarğalar”ın da üzlərində abır-həya olsun!
    Bunlar bir yana. Hərdən eşidirik ki, mollalar biri-biri ilə tutaşıb. Görəsən niyə? Nə bölünməz malları var? (Adamın ağlına qara-qura fikirlər gəlir). Molla el adamı olmalıdır. Onun davranışı, danışığı, həyat tərzi, əxlaqı insanlara nümunə göstərilməlidir. Amma, bu, bəzən belə olmur.
    Tərtərdə bir “molla” da var. Hamı onu yaxşı tanıyır. Gecə-gündüz işi-peşəsi danosbazlıqdan ibarətdir. Hara qalmır ki, yazmasın. Axunddan yazır, “molla” yoldaşlarından yazır, onun-bunun qabırğasına döşə ki, döşəyəsən! Ərizələrinə cavab yazmaqdan yorulublar. Deyəndə ki, ay qağa, mollasan, get mollalığını elə, daha bu yazı-pozu nəyə gərəkdir? Elə bilirsən yazmaqla adamı axund qoyurlar? İnciyir.
    Tərtərin “mollaları” biri-birilərinin ayaqlarından çəkməkdən bezmirlər. O, bunu pisləyir, bu , onu pisləyir. Əslində isə elə hər ikisi pisdir.
    Dini radikalizmin və ziyanlı dini cərəyanların genişləndiyi beynəlxalq aləmdə hər bir din adamının ən vacib vəzifə-sindən biri də odur ki, əhali arasında maarifləndirmə işi aparsın, islamı düzgün və geniş təbliğ etsin, nəinki biri-birinə təpik atsın. Mollalar həmişə geniş auditoriyada, camaat arasında, yas mərasimlərində olurlar. Buna görə də onların düzgün təbliğatı hər şeydən əfsəldir.
    Tərtərdə də ziyanlı dini cərəyanı–vahabiliyi yayanlar və bu cərəyana qoşulanlar var. Bizim ölkədə hər şey azaddır–din azadlığı, dil azadlığı, söz azadlığı, ümumiyyətlə, hər cür azadlıq mövcuddur. Məhz elə buna görə də dünya ölkələri Azərbaycanı tolerantlıq məkanı kimi tanıyır, multikulturalizmin Azərbaycan modelini qəbul edirlər.
    Azadlıq isə “nə bilirsən onu elə” demək deyil. Yəni hər hansı dini cərəyan cəmiyyətə ziyan vurursa, ona qarşı, əlbəttə, mübarizə aparmaq lazımdır. O cümlədən vahabiliyə qarşı. Bunu isə əsas din adamları etməlidirlər. Mübarizə isə yalnız əhalinin maarifləndirilməsi yolundan keçir. Bizim “mollalar”sa biri-biri ilə mübarizə aparır, gah yas yerinin üstündə, gah hər hansı “postu” tutmaq uğrunda dalaşırlar. Belə “mollalar”a həm məscidin axundu, həm də əlaqədar vəzifə sahibləri ciddi və sərt münasibət göstərməlidirlər, qanunlarımızın icazə verdiyi bütün tədbirlər onlara qarşı tətbiq olunmalıdır.

    Tofiq Yusif

    Müəllif: Redaktor, 10:46

    Teqlər:

İsmarıclar bağlıdır.