Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 26Yan

    Изображение 025Изображение 05020 Yanvar faciəsi şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir Tərtər şəhərində ucaldılmış abidənin önündən başlandı. İnsanlar şəhidlərin əziz xatirəsini yad edib abidənin önünə gül-çiçək dəstələri qoydular.
    Tədbir iştirakçıları əvvəlcə məktəblilərin 20 Yanvar faciəsinə həsr olunmuş əl işlərindən ibarət sərgiyə baxdılar. Sonra tədbir rayon Gənclər Mərkəzində davam etdirildi. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov məruzə ilə çıxış etdi. Bildirdi ki, Azərbaycan xalqının tarixinə “Qanlı Yanvar” faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 27 il keçir. Sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycanda həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
    Sovet Ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. Həmin vaxt Azərbaycan qonşu Ermənistanın da təcavüzünə məruz qalmışdı. Belə bir şəraitdə sovet rəhbərliyi nəinki münaqişənin qarşısını almaq üçün qəti tədbirlər görməmiş, əksinə, Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da daxil edilmişdi.
    Bakıya yeridilmiş qoşun kontingentinə, – bəzi məlumata görə, onun sayı 60 min nəfərə çatırdı, – “döyüş tapşırığını” yerinə yetirmək üçün möh-kəm psixoloji hazırlıq keçmişdilər.
    Tanklar və BTR-lər Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzir, hərbçilər hər yanı amansız atəşə tuturdular. İnsanlar nəinki küçələrdə, hətta avtobusda gedərkən, öz mənzillərində güllələrə tuş gəlirdilər. Yaralıları aparmağa gələn “təcili yardım” maşınlarını və tibb işçilərini də atəşə tuturdular. Bir neçə gün ərzində 137 nəfər öldürüldü, 700-dək insan yaralandı, 800-dən çox adam qanunsuz həbs edildi.
    20 Yanvar günündə xalqının səsinə hər kəsdən əvvəl səs verən Ulu Öndər Heydər Əliyev oldu. Ümummilli liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də oğlu, silahdaşı, o çətin günlərdə atasını bir an belə tək qoymayan İlham Əliyevlə birlikdə ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gəldi, təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən Mixail Qorbaçovu kəskin ittiham etdi, qoşunların Bakıdan çıxarılmasını tələb etdi.
    1990-cı il noyabrın 21-də böyük siyasi xadim Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsi ilə bağlı tarixi qərar qəbul olundu.
    Rayon rəhbəri sonra qeyd etdi ki, Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir yer var. Bu, 20 Yanvar qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi “Şəhidlər Xiyabanı”dır. Hər il yanvarın 20-də minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün buranı ziyarət edir.
    Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin rayon şöbəsinin sədri Nizami Heydərov, Seydimli kənd körpələr evi-uşaq bağçasının müdiri Hicran Hüseynova, Qaraağacı kənd İƏD üzrə nümayəndə Lətif Həmidov, təhsil şöbəsinin aparıcı məsləhətçisi Elxan Ələkbərov, Evoğlu kənd tam orta məktəbin IX sinif şagirdi, 20 Yanvar şəhidlərinə həsr olunmuş inşa yazı müsabiqəsinin qalibi İlahə Qurbanlı çıxış etdilər.
    20 Yanvar şəhidlərinə həsr olunmuş inşa yazı musabiqəsinin qaliblərinə rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlar təqdim edildi.
    Sonra tədbir iştirakçıları “Tarixdə tarixtək qaldı o gecə” kompozisiyaya baxdılar.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 11:28

    Teqlər:

İsmarıclar bağlıdır.