Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 15Mar

    NOVRUZ BİZİM MİLLİ BAYRAMIMIZDIR

    image5Azərbaycan xalqının dərin köklərə əsaslanan milli bayramı Novruz artıq xalqımızın əhval-ruhiyyəsində duyulmaqdadır.
    Uşaqlığım keçən İrəvanlı kəndində gördüyüm Novruz bayramını xatırlamaq istəyirəm. Martın 20-21-i əsas bayram olsa da, bizim kənddə ilin axır çərşənbəsi daha təmtəraqla qeyd olunurdu. Yumurtalar soğan qabığında boyanırdı, buğda təmizlənirdi, sacda qovrulurdu, içinə də küncüt vurulurdu.
    Nənələrimizin “baca-baca” dediyi, bizim isə “torbaatma” dediyimiz ilin axır gecəsi olurdu. “Torbaatma” gecəsi hamı çalı-şırdı ki, bişirdiyi daha gözəl şirniyyatı torbaya qoysun. Çünki bilirdilər ki, bu şirniyyatlar evdən-evə gedir. Bu gün də axır çərşənbədə bu adətlərə əməl olunur. Lakin “torbaatma” deyil, “papaqatma” deyilir.
    İlin axır gecəsi cavan qızlar bir yerə toplaşırdılar. Nişan üzüyünü saçlarına bağlayıb stəkanda suya sallayırdılar. Üzük neçə dəfə stəkana dəysəydi, həmin qız o qədər ildən sonra ailə quracaqdı. Kimisi qızların sayına görə sacın üstünə buğda atırdı. Buğdalardan hansı tez çırtlasaydı, o qız daha tez ərə gedəcəkdi. Sonra su qırağında əyilən söyüdün altına yumurta qoyardılar. Yanına isə qara və qırmızı karandaş qoyurdular. Əgər sabah o yumurtanın üstündə qara xətt olsaydı, arzusu həyata keçmirdi. Əksinə, qırmızı xətt varsa, həyata keçirdi. Evin astanasında durub ayaqqablarını başlarının üstündən atırdılar. Üzü evə tərəf düşəndə, deyirdilər hələ vaxt deyil, əksinə düşərdisə, həmin il o qız evdən gəlin köçərdi. Bu cür fal oyunlarından daha çox diqqəti “qulaq falı”na verirdilər. Həmin gecə hamı yaxşı söz danışmalıydı ki, heç kim qapıdan peşman qayıtmasın. O qədər qulaq falına inanan var idi ki, hətta pis söz eşidəndə oturub ağlayanlar da olurdu.
    Novruz tarixi köklərə bağlı, ümumbəşəri dəyərləri olan milli bayramımızdır. Bu bayram insanlara xoş əhval-ruhiyyə, bolluq, sevinc gətirir. Qoy həm də bu bayram millətimizə sülh, əmin-amanlıq gətirsin. Hər bir uşaq öz evində silah səsi eşitmədən “papaqatdı”ya getsin. Millətimiz bayramlarını sevinclə qarşılasın. Qoy bu Bahar bayramımız qələbə bayramı olsun.

    Qızbəs Hüseynova,
    Umudlu kənd tam orta məktəbinin tarix müəllimi

    Müəllif: Redaktor, 11:26

    Teqlər:

İsmarıclar bağlıdır.