Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 15Mar

    NOVRUZ BAYRAMINDA ÖMRÜMDƏN ÖTƏNLƏRİ XATIRLAYIRAM

    imagesNovruz gəlir yurduma! Səmənili, güllü-çiçəkli, şəkərbura-paxlavalı, noğul-nabatlı, tonqallı Novruz! Bayramların ən qədimi, həm də gənci! Başqa bayramlardan ona görə daha çox fərqlənir ki, o günləri hamı həsrətlə, həm də böyük həvəslə gözləyir. Novruzun gəlişi ilə könüllərdə bir sevinc yaranır, qəmdən-kədərdən uzaq düşürsən. Novruz, sən bizləri ətrinlə, dadınla, təravətinlə yaşadırsan! Bəs görək, biz səni bu günümüzə kimi hansı adətlərinlə gətirib çıxarmışıq?
    Novruz bayramı deyəndə 45-50 il əvvəli xatırlayıram. Günəşli, bir az da küləkli günləri yada salıram. Toxunma xarallarda saxlanılmış sap-sarı dənəvər buğda çadırların üstünə tökülüb, havaya verilərdi, gün əyilən vaxt xəlbirlərdən keçirilib sovrulardı. Beş çərşənbə qeyd edərdik. Birinci çərşənbəni “yalançı çərşənbə” adlandırırdılar. Yaxşı yadımdadır, nənəm və qonşuda olan yaşlı qadınlar sovrulmuş buğdanın bir hissəsindən mis məcməyilərdə səməni göyərtmək üçün buğda isladırdılar. Qalan buğdanın bir hissəsini isə yalançı çərşənbə günü sacda qovurar, içinə küncüt, çətənə, badam, püstə, qoz, fındıq, keşniş toxumu qatıb kirkirələrdə üyüdərdilər (bu işi mən özüm də etmişəm). Çəkilmiş qovutu iri ləyən və qazanlarda şirin şərbətlə qarışdırdıqdan sonra yumrulayıb sinilərə yığardılar. Həmin qovutdan balaca boşqablara yığılar, ətrafı tut, gilənar, əncir, zoğal, ərik, qara gavalı qurusu ilə bəzədilib yaxın qonşulara pay verilərdi. Qalan buğda axır çərşənbəyə saxlanardı ki, qovrulanda evdən iy çıxsın. Hər çərşənbədə bir cür plov dəmlənərdi (lobyalı, əriştəli, şüyüdlü, döşəmə (özü də çolpa ilə), və qaralı), bayram günü–yəni martın 20-sindən 21-nə keçən gecə səbzi plov bişərdi. Birinci yalanşı çərşənbədə qırmızı lobyanın aşını bişirib, onun suyunu həyət qapılarının yanına səpərdilər ki, bayramın qırmızılığı üstümüzə gəlsin.
    O günlər üçün burnumun ucu göynəyir. Bizim evimiz şəhərin ən mənzərəli yerindədir. Həyətimizdən baxanda şəhərin bir hissəsi çox gözəl görünərdi. Hər çərşənbədə yandırılan tonqalların alovu diqqəti cəlb edərdi, yanar şarların kimin daha yüksəyə atması izlənilərdi. Beləcə yalançı çərşənbədən başlayan şənlik Novruz bayramına kimi davam edərdi. Axır çərşənbə daha təmtəraqlı olardı. Gecə keçənədək həyətlərdə cavan oğlanların, qızların şən səsləri, şaqraq gülüşləri kəsilməzdi. Qulaq falına çıxılar, yumurta döyüşülər, qapı pusulardı. Yorğun düşüb yatan oğlanları gecə yarıdan sonra bəhanələrlə küçəyə çağırardılar.
    Təcrübəsiz oğlanlar bilməzdilər ki, darvazaların arxasında onları hansı sürprizlər gözləyir. Elə darvazalardan çıxan kimi dostu tərəfindən gətirilmiş vedrədəki su onun üstünə atılardı. Ona görə də hər bir oğlan o gecənin “su payı”nı almış olurdu. Novruz bayramı günü isə ya qonaq gedilərdi, ya da gələn qonaq qarşılanardı. Adətən nişanlı qızların evinə həmin gün gedərdilər. Özü də gedənlər oğlanı özləri ilə bərabər qız evinə aparardılar ki, ayrılıq olmasın, həmişə bir yerdə yaşasınlar.
    Bəzən o günlərin həsrətini çəkirəm. İndi elə bil hər şeyin ləzzəti, dadı kəmdir. Bəlkə də bu, ötən gənclik illəri ilə bağlıdır. Çünki indi bolluğumuz, firavanlığımız o günlərdəkindən çoxdur. Amma o bəxtəvərlik indi məndə yoxdur.
    Arzu edirəm ki, 2017-ci ilin Novruz bayramı ölkəmizə, xalqımıza özü ilə bərabər daha çox sevinc, gülüş, bəxtəvərlik gətirsin. Qarabağ boyda dərdimizə dərman tapılsın. Bayram tonqallarımız daha gur yansın. Açılan sabahlarımız daha parlaq, günəşli olsun!

    Elfuzə Vəliyeva

    Müəllif: Redaktor, 13:03

    Teqlər:

İsmarıclar bağlıdır.