Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10May

    Respublika mətbuatının səhifələrində

    1122Tərtər rayonunda yaztarla işləri ilə bağlı yaradılmış operativ qərargahın növbəti iclasında biz də iştirak edirdik. Çıxışlar bir-birini əvəz edirdi. Ən son məlumatları əks etdirən arayışlar iştirakçıların nəzərinə çatdırılır, rəqəmlər, fakt və göstəricilər tutuşdurulurdu. Müqayisəli təhlil isə ötən günün mənzərəsini çox aydın əks etdirirdi – hansı sahədə irəliləyiş var, hara əlavə kömək lazımdır, harda iş ləngiyir və s. Bir məlumat isə hamıda sevinc və məmnunluq yaratdı: rayonda çiyid səpini başa çatıb. Özü də ən qısa müddətdə–cəmi 15 gündə.

    Belə xoş əhval və fərəhli düşüncələrlə operativ qərargahın iclasından çıxıb adı çəkilən ünvanlara–yaz-tarla işlərini, xüsusilə çiyid səpinini nümunəvi qaydada təşkil edən fermerlərin, sahibkarların sahələrinə baş çəkdik. 5544Ən əvvəl yolumuzu Yuxarı Qapanlı və Qazyan kəndlərinə saldıq. Bu obalara gəlməyimizin başqa bir səbəbi də vardı. Axı, həmin kəndlərin özləri də, əkin-biçin sahələri də cəbhə xəttində, düşmənin, necə deyərlər, ikiaddımlığında yerləşir. Atəş-kəs rejiminin hər gün pozulmasına, hər an təhlükə yaşandığına baxmayaraq hamı iş üstündə idi, bu adamlar qorxu-hürkü nə olduğunu bilmədən yaz qayğıları ilə yaşayır, əkib-becərir, bolluq yaradırlar. Belə işgüzar, mərd və hünərli insanlarla görüşmək isə ikiqat xoşdur.
    Tərtər Rayon İcra Hakimiyyəti başçısının Qazyan kəndi üzrə nümayəndəsi Azər Cabbarov nikbinliklə danışdı:
    –Atəşkəs rejimi qüvvədə olsa da, şəhid olanlarımız, yaralananlarımız var. Cəbhə xəttinə yaxın olan evlərin hamısında 6633güllə yerləri görünür. Ancaq düşmənin belə namərd hərəkətləri bizi qətiyyən qorxutmur. Gördüyünüz kimi, hamı tarlada, iş üstündə, əkində-biçindədir. Təkcə belə bir faktı göstərək ki, bu il rayon üzrə ən çox pambıq əkən məhz bizim kəndin fermerləri olub. 500 hektar sahədə yüksək kefiyyətlə səpin aparıldı.
    Başqa sahələrdə də işlərimiz yaxşı gedir. Onu da əlavə edim ki, biz pambıq sahələrini heç də digər kənd təsərrüfatı bitkilərinin azaldılması hesabına artırmamışıq. Taxıl, şəkər çuğunduru, bağ-bostan əkinləri, də öz yerindədir, heyvandarlıq da inkişaf edir, hər sahədə məhsuldarlıq artır. Demək istəyirəm ki, əkin sahələrimiz, örüş yerlərimiz güllə məsafəsində olsa da, bu bizi əsla qorxutmur. Əksinə daha böyük həvəs və inamla əkir-becərir, ayağımızı doğma torpaqlarımıza möhkəm dirəyir, sabaha inam və qətiyyətlə baxırıq. Təsadüfi deyil ki, son illər bütün sahələr üzrə məhsul istehsalı artan sürətlə gedir.
    İcra nümayəndəsi bizi qabaqcıl fermerlərlə tanış etdi. Suliddin Ələkbərov, Şamo Ələkbərov, Rizvan Əliyev artıq bir neçə gündür ki, çiyid səpinini başa vurublar. Torpaqdan yenicə baş qaldıran sarıdimdik quş balalarına bənzər cücərtilərin nizamlı sırası uzaqdan səmada görünən durna qatarını andırdığını söyləyəndə müsahibim Suliddin Ələkbərov əlinin işarəsi ilə sahənin yan tərəfdəki salxım söyüdləri göstərdi:
    –Gördüyünüz kimi, əkin sahələri iki yerə bölünüb. Amma əvvəllər bütöv əkilib becərilirdi. Durna qatarı, adətən, ikitərəfli– qoşadüzülüşlü olur. Bizdə illərdən bəridir ki, bu qatarın bir düzümü pozulub. Söyüd ağaclarından o tərəf artıq cəbhə xəttidir. Dəfələrlə həmin yerdə atışma olub. Əkin-biçin maşınları, kombaynlar gülləyə tutulub, sürücülər yaralanıb. Yoxsa, dediyiniz bu “durna qatarı” bütöv olar, qarşı dağlara qədər uzanardı. İndi isə…
    Suliddinin səsi titrəyir… Baxışları o tərəfə–Qarabağ düzlərini üzük qaşı kimi dövrəyə alan, illərdən bəri yağı yuvasına çevrilən dağlara dikilir. Sonra isə qətiyyət və inamla əlavə edir:
    –Ən böyük arzumuz bu çölləri, onun sinəsində bayaq sizin dediyiniz kimi, uzanan durna qatarını yarımçıq yox, bütöv görməkdir. O zaman biz də rahat olarıq, indi düşmən tapdağında olan doğma torpağımız da. Möhkəm inanırıq ki, gələn yaza –əkin-biçin vaxtına qədər bu arzumuz, nəhayət, çin olacaq, düşmən öz laiyqli cəzasını alacaq.
    Bu obada rast gəldiyimiz daha bir maraqlı cəhət barədə: Qazyanda demək olar ki, pambıq əkməyən yoxdur. Düzdür, sahələr o qədər də geniş deyil. Ancaq, hər halda, bu, son vaxtlar strateji məhsul olan pambıqçılı-ğa diqqət və marağı göstərir. Fermer Şamo Ələkbərov bu barədə danışarkən bildirdi:
    –Ötən əsrin 70-80-ci illərində bizim kəndin də daxil olduğu təsərrüfat ildə 3 min tona yaxın pambıq təhvil verirdi. Demək istəyirəm ki, pambıqçılıq bu yerlərdə ənənəvi sahədir, bizim adamlar onun necə deyərlər, dilini yaxşı bilir. Ona görə də ötən il Sabirabadda, bu il isə Saatlıda ölkə Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirələrdə pambıqçılığın inkişafı ilə bağlı söylənənlər ürəyimizcə oldu. Belə deməyə tam əsasımız var ki, yaxın illərdə pambıq əkini sahələrini daha da genişləndirəcəyik.
    Bu il pambıqçılıqda, sözün əsl mənasında, dönüş yaradan kəndlərdən biri də Bəyimsarov kəndidir. Burada da bu qiymətli bitkinin əkilib-becərilməsinə həvəs və maraq güclüdür. Təsadüfi deyil ki, əkin sahələri, ən azı, iki dəfə artırılıb. Səpin mövsümü də qısa müddətdə başa çatdırılıb. Sahələrin hazırkı vəziyyəti göstərir ki, şum, mala və başqa aqrotexniki tədbirlər vaxtında və keyfiyyətlə aparılıb. Ona görə də hər yerdə yaxşı çıxış alınıb.
    Builki göstəricilərlə maraqlandıq. Hamı Fazil Vəliyevin adını çəkdi. Öyrəndik ki, doğrudan da, bu qabaqcıl fermer elə bir il olmayıb ki, pambıq yetişdirməsin. Düzdür, əvvəlki illərdə əkin sahəsi də az idi, məhsuldarlıq da. Ona görə də elə ciddi gəlir götürə bilmirdilər. Son iki ildə isə münasibət də dəyişib, qiymət də, maraq da. Özü bu barədə danışarkən dedi:
    –Bu il əkin sahələrini xeyli genişləndirib 53 hektara çatdırdıq. Keçən il isə cəmi 10 hektarda pambıq əkmişdik. Belə artımın səbəbi isə hamıya yaxşı məlumdur: ölkəmizə valyuta gətirən bu qiymətli bitkiyə dövlət səviyyəsində göstərilən diqqət, bu istiqamətdə qarşıya qoyulan hədəflər.
    Gördüyünüz kimi, sahələrimizdə başdan-başa yaxşı çıxış alınıb. İndi maşın-mexanizm, işçi qüvvəsi, gübrə, dərman, suvarma sarıdan heç bir çətinliyimiz yoxdur. Hər şey emal müəssisəsi ilə bağlanmış müqavilə əsasında dərhal həll edilir. Artıq bir neçə gündən sonra ilk becərmə tədbirlərinə başlayacağıq. Mütəxəssislərin fikirlərinə görə, bu il sahələrdən, ən azı, 47 sentner məhsul götürüləcək. Bu isə həm bol məhsul, həm də bol qazanc, firavan həyat, yaxşı gün-güzəran deməkdir.
    Biz Sarov kəndində Xalid Paşayevin, Qaraqoyunlu kəndində Əli Məmmədovun, İrəvanlı kəndində Səxavət Paşayevin, Bəyimsarov kəndində Habil İbrahimovun başçılıq etdikləri fermer təsərrüfatlarında da olduq. Pambıq əkini sahələrinə baş çəkdik, yaz-tarla işlərinin gedişi ilə maraqlandıq. Hər yerdə də yüksək mütəşəkkilliyin, ruh yüksəkliyinin, sabaha dərin inam və ümidin şahidi olduq.
    Son illər Tərtərdə kənd təsərrüfatının başqa sahələri də sürətlə inkişaf edir, məhsuldarlıq artır. Yeri gəlmişkən, təkcə cari ilin ötən ayları ərzində əldə edilmiş uğurları əks etdirən səciyyəvi fakt və rəqəmləri bir daha yada salmaq yerinə düşərdi. Bu müddətdə rayonda ümumi məhsul buraxılışının həcmi 26,6 milyon manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 12,8 faiz çoxdur. Keçən ilin müvafiq dövrünə nisbətən kənd təsərrüfatı məhsulu 7,9 faiz, sənayenin həcmi 22,4 faiz və s. artmışdır. Bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş investisiyaların həcmi 4 milyon 298,1 min manat təşkil etmişdir ki, onun da 3 milyon 698,4 min manatı tikinti-quraşdırma işlərinə yönəldilmişdir. İnvestisiyaların həcmi 2,3 dəfə artmış, 2 milyon 333,3 min manat dəyərində əsas fondlar istifadəyə verilmişdir. Rayon əhalisinin məşğulluğunun təmin edilməsi məqsədi ilə 995 yeni iş yeri açılmışdır ki, onun da 828-i daimidir.
    Aqrar bölmənin sürətli inkişafı diqqət mərkəzində olmuşdur. 2017-ci ilin məhsulu üçün 9871 hektar sahədə payızlıq dənli bitkilər səpilmişdir ki, onun 6874 hektarı buğda, 2645 hektarı dən üçün arpa olmuşdur. Həmin sahələrdə yüksək aqrotexniki qaydalara əməl olunduğundan bol məhsul yetişdirilmişdir.
    Emal müəssisələri ilə istehsalçılar arasında 1539 hektar sahədə şəkər çuğunduru əkilməsi ilə bağlı müqavilələr bağlanmışdır. Həmin sahələrdə səpin aparılmış, hazırda becərmə işləri davam etdirilir. Bundan başqa, dən üçün 267 hektar günəbaxan, 459 hektar kartof, 413 hektar tərəvəz, dən üçün 27 hektar qarğıdalı və s. əkilmişdir. Hazırda təsərrüfatlarda 26,8 min baş iri buynuzlu, 70,4 min baş xırda buynuzlu heyvan var.
    Ötən müddət ərzində 779,2 ton diri çəkidə ət, 5 min 535,6 ton süd, 2 milyon 580 min ədəd yu-murta əldə edilmişdir. 2016-cı ilin müvafiq dövrünə nisbətən ət 1,7 faiz, süd 15,2 faiz, yumurta 3,4 faiz artmışdır.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov jurnalistlər üçün maraqlı müsahibdir. Özü də təkcə ona görə yox, onunla ədəbiyyatdan, tarixdən tutmuş iş üslubu və müasir idarəetmə məsələlərinə qədər bir çox mövzularda maraqlı və səmimi söhbət etmək mümkündür. Bir də ona görə ki, icra başçısı kimi praqmatik adamdır. Yenilik, operativlik, icra intizamı kimi məsələlər onun iş üslubunda əsas cəhətdir. Bəlkə, elə ona görə də başa çatdırılmış işlərdən daha çox, görüləcək işlərdən, qarşıdakı hədəflərdən danışmağı xoşlayır:
    –Böyük pambıqçılıq ənənəsinə malik olan Tərtərdə 1983-cü ildə 11 min hektar sahədə 43 min ton ağ qızıl yetişdirilmişdi. Həmin dövrdə Ulu Öndər Heydər Əliyev bir neçə dəfə rayonumuzda olmuş, əməkçilərlə pambıq sahəsində görüşmüş, onların problemləri ilə maraqlanmışdı. Sahələrin suvarma suyu ilə tam təmin edilməsi üçün Ulu Öndərin tapşırığı ilə “Sərsəng” və “Madagiz” su anbarları inşa olunmuşdu ki, bu da rayonumuzda pambıqçılığın inkiaşfına böyük təkan vermişdi. Bu su anbarlarının köməyi ilə əkin-çiliyin genişləndirilməsi əhalinin məşğulluq problemini həll edir, həm də rifahın yüksəldilməsində mühüm rol oynayırdı.
    Vaxtilə Tərtərdə bu sahədə adları tarixə düşən əmək qəhrəmanları yetişmiş, onlardan 5-i Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdü. Lakin ötən əsrin 90-cı illərinin əvvəllərində vəziyyət tamamilə dəyişdi. Bunun əsas səbəblərindən biri erməni qəsbkarlarının “Sərsəng” və “Madagiz” su anbarını işğal etməsi nəticəsində rayonda ciddi su qıtlığının yaranması oldu. Hazırda həmin su mənbələri işğal altında olsa da, ölkə Prezidentinin diqqət və qayğısı nəticəsində təkcə son 4 ildə rayonumuzda əkin sahələrinin suvarma suyuna olan tələbatını ödəmək məqsədilə 46 subartezian quyusu qazılıb, 15 subartezian quyusu isə bu il istifadəyə veriləcək.
    2016-cı ildə vaxtın azlığına və əlverişsiz hava şəraitinə baxmayaraq, 1035 hektar sahədə pambıq əkilib və hər hektardan 22,5 sentner olmaqla, 2334 ton məhsul toplanıb. Bu da 2015-ci illə müqayisədə 3 dəfə çoxdur. 2016-cı ildə rayonda pambığın becərilməsinə və yığılmasına 200 nəfər daimi, 2 min nəfər isə mövsümi işə cəlb olunub. Keçən ilin aprel hadisələrinə baxmayaraq, torpaqdan ayrılmayan sakinlərimiz vətəni qorumaqla bərabər, bol məhsul yetişdirib və torpağın əsl sahibinin kim olduğunu insanlıq sifətini itirmiş ermənilərə göstəriblər.
    Rayon rəhbəri daha sonra qeyd etdi ki, bu il kənd təsərrüfatının bütün sahələrində, xüsusən pambıqçılıqda daha yüksək göstəricələrə nail olmaq məqsədilə yaz-tarla işləri uğurla davam etdirilir. Pambıq istehsalçılarına subsidiyanın verilməsi, məhsulun alış qiymətinin artırılması, texniki çatışmazlığın aradan qaldırılması bu sahəyə əkinçinin münasibətini köklü şəkildə dəyişib. Bu diqqət və qayğıdan ruhlanan tərtərlilər 2017-ci ildə 3 min hektardan çox pambıq əkin-səpinini qısa müddətdə, yüksək kefiyyətlə başa çatdırıblar.
    Ərazidə fəaliyyət göstərən “MKT Qarabağ” və “CTS Aqro” MMC şirkətləri 790 nəfər mülkiyyətçi ilə müqavilə bağlayıb. Pambıqçılarımız bu il 3 min hektardan çox sahədən 7 min ton pambıq istehsal etməyi qarşıya məqsəd qoyublar. Bu da 6 min nəfər üçün iş yeri və 4,2 milyon manat gəlir, pambıqçı-lığın keçmiş şöhrətinin geri qaytarılması, insanların məşğulluğunun təmin olunması və müasir Azərbaycan kəndinin yeni firavan həyatı deməkdir.
    Cəbhə xəttində yerləşən rayonlarda idarəetmə, işin təşkili, gündəlik qayğılar bir qədər fərqlidir–bir tərəfdən, təsərrüfat, tikinti-abadlıq, sosial məsələlər, bir yandan da cəbhə qayğıları… Əlbəttə, sutkanı uzatmaq mümkün deyil. Deməli, ən vacib qayğıları seçmək, konkret hədəfləri müəyyən etmək və onların real həllinə nail olmaq, çevik və operativ iş üslubu tələb olunur. Tərtərdə olduğu kimi…

    Ziyəddin Sultanov,
    “Xalq qəzeti”nin bölgə müxbiri

    Müəllif: Redaktor, 10:48

    Teqlər:

İsmarıclar bağlıdır.